Milli Məclisin sədri Sahibə Qafarova 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun iştirakçıları ilə görüşüb

Sədrin görüşləri
24 oktyabr 2023 | 18:37   
Paylaşın:        

Oktyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumların rolu” adlı 3-cü DİM Dialoqunun iştirakçıları ilə görüşüb.

Qonaqları  Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker  “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu”na dair Bakıda keçirilən tədbirin aktual mövzuya həsr edildiyini qeyd edib. Spiker bu tədbirin həm Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına, həm də bu audit qurumları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova bildirib ki, müasir dövrümüzdə dünya bir çox problemlərlə, çağırışlarla üzləşir və  ölkələr üçün ciddi maneələr yaranır. Bu mənada, 2015-ci ildə BMT çərçivəsində qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və Dayanıqlı İnkişaf Məqsədləri ölkələrin sosial-iqtisadi cəhətdən dayanıqlı inkişafı, üzləşdikləri problemlərin sistemli həlli üçün nəzərdə tutulmuş mühüm alətlərdir.

Spiker qeyd edib ki, Azərbaycan da “Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi”nin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş öz regionunda birinci, dünyada isə ilk 12 ölkədən biridir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün parlament də qanunvericiliyə lazımi dəyişikliklər edir.

Spiker bildirib ki, audit qurumlarının Bakıda təşkil olunan dialoq formatında əməkdaşlığı xüsusən aktualdır. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq artırılması və hesabatlılığın təmin edilməsi baxımından əhəmiyyət kəsb edir.

Milli Məclisin sədri Azərbaycanda Hesablama Palatasının fəaliyyətini və parlamentlə əməkdaşlığını yüksək qiymətləndirib. O, diqqətə çatdırıb ki, Palatannın Milli Məclisə illik hesabat verən, daimi fəaliyyət göstərən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı kimi büdcə prosesindəki iştirakı onun parlamentlə əməkdaşlığının xüsusi bir istiqamətidir.

Spiker qeyd edib ki, ölkəmiz öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etdikdən sonra hazırda bu ərazilərdə böyük yenidənqurma və bərpa işləri həyata keçirilir. “Ağıllı şəhər” və “ağılllı kənd” layihələri icra olunur. Artıq bu ərazilərdə üçüncü hava limanının tikintisi başa çatmaq üzrədir. Bu proses də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə sıx bağlıdır və burada da Hesablama Palatasının üzərinə böyük vəzifə düşür.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ərazilərdə Ermənistan tərəfindən 30 il ərzində 1 milyondan artıq minanın basdırılması aparılan işlərə maneə törədir və bu minalar insan tələfatına səbəb olur. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etsə də, hələlik nəticə yoxdur. İnanırıq ki, bu sülh müqaviləsinin imzalanması bütün Cənubi Qafqazın inkişafına öz təsirini göstərəcək.

Görüşdə Türkiyə, Qırğızıstan, Braziliya və Belarusun Hesablama Palatalarının sədrləri Metin Yener, Almazbek Akmatov, Ualton Alenkar Rodrigez və Dmitri Basko Azərbaycanda olmalarından məmnunluqlarını ifadə ediblər. Onlar 3-cü DİM Dialoqunun ölkəmizdə yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, bu cür toplantılardan çıxarılan nəticələr, qarşılıqlı təcrübə mübadiləsi audit qurumlarının gələcək fəaliyyəti üçün faydalı olacaq. Qonaqlar bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyiinin qeyd olunması münasibətilə təbriklərini çatdırıblar.

Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov görüşün təşkilinə görə təşəkkürünü bildirib, Bakıda keçirilən tədbirin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyinə inamını ifadə edib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU