Milli Məclisdə İraq nümayəndə heyəti ilə görüş keçirilib
Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi İraq nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Fəzail İbrahimli bildirib ki, qonaqların bu səfəri Azərbaycan xalqı üçün əlamətdar dövrə təsadüf edir. Azərbaycan xalqı öz suverenliyini tam bərpa etməyin sevincini yaşayır.
Vitse-spiker xalqlarımızı bir-birinə bağlayan tarixi, dini, mədəni dəyərlərdən söz açıb, Azərbaycan və İraq arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb.
Ölkələrimizin parlamentləri arasındakı münasibətlərə toxunan Fəzail İbrahimli bu sahədə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun xüsusi rolunu qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salih ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, İraqın seçki sistemi, parlamentin fəaliyyət prinsipləri barədə məlumat verib.
Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, qrupun üzvləri Anar İsgəndərov, Rəşad Mahmudov, İraq Nümayəndələr Şurasının üzvləri Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi