Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib
Oktyabrın 27-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin İnsan hüquqları komitəsi ilə birgə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləməsi keçirilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq, müzakirəyə çıxarılan mövzunun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsinin hər zaman prioritet məsələ olduğunu qeyd edib. Komitə sədri ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mükəmməl qanunvericilik bazasının olduğunu deyib.
Hicran Hüseynova parlamentin sədri Sahibə Qafarovaya bu ictimai dinləmənin keçirilməsinə şərait yaratdığına görə təşəkkürünü ifadə edib. O, bildirib ki, Azərbaycan Respublikası qadın və uşaq hüquqları ilə bağlı bir çox mühüm beynəlxalq Konvensiyaları ratifikasiya edib və bununla bağlı müvafiq hesabatlar təqdim edilir. Komitə sədri BMT-nin aidiyyəti komitələri tərəfindən hökumətlərə tövsiyələrin təqdim edildiyini söyləyib. O, qeyd edib ki, bu tövsiyələrin sırasında elə məsələlər var ki, Milli Məclisin komitə və plenar iclaslarında da nəzərdən keçirilib. Belə ki, ödənişli atalıq məzuniyyəti, məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin kriminallaşdırılması, erkən nikahların qarşısının alınması, aliment fondunun yaradılması, zərərçəkənlər üçün sığınacaqların sayının artırılması, məhkəmə və vəkillik xidmətlərinin əlçatan olması, qadınların məşğulluğu ilə bağlı və digər təkliflər verilib və bunlar tədricən öz həllini tapır.
Komitə sədri Hicran Hüseynova ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin, o cümlədən qadınların problemləri ilə bağlı dövlət komitəsinin yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son illərdə həyata keçirdiyi tədbirlərin dövlətin və vətəndaşların mənafelərinə xidmət etdiyini deyib. O, bu yaxınlarda Azərbaycan qadınlarının altıncı qurultayının keçirildiyini xatırlayaraq, bu tədbirdə qadınların, xüsusilə şəhid analarının önəmli ictimai missiyasının, onların dövlət və cəmiyyət həyatında xidmətlərinin, ailə institutunun qorunmasında rolunun yüksək dəyərləndirildiyini söyləyib.
Komitə sədri rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzində müzakirəyə çıxarılan bu mövzu ilə bağlı araşdırmaların aparıldığını qeyd edib. O, qadınlar və kişilər arasında əmək haqqı sahəsində mövcud olan fərqlərdən danışıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında bu məsələ ilə bağlı yer alan rəqəmləri diqqətə çatdırıb. Zahid Oruc ölkəmizin qlobal gender bərabərliyi reytinqində tutduğu yer, erkən nikahlar, qadınlar arasında cinayətkarlıqla bağlı məsələlərə də toxunub.
Komitə sədri çıxışının sonunda gender bərabərliyi strategiyası, məişət zorakılığının aradan qaldırılması, səhiyyə ilə bağlı qadın və uşaqların əlçatanlığının təmin edilməsi və digər məsələlər barədə təkliflərini səsləndirib.
Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq hüquqlarına dair və Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair komitələrinin Azərbaycanın dövri hesabatlarına əsasən tövsiyələr verdiyini söyləyib. O, ölkə parlamentinin bu məsələləri hər zaman diqqətdə saxladığını qeyd edib, müzakirə olunan mövzu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin, bu sahədə müasir çağırışların nəzərə alınmasının vacibliyindən bəhs edib. Komitə sədri parlamentin təmsilçilik funksiyasının yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib, qəbul olunan qanunların icrası mexanizmlərinin səmərəliliyinin təmin edilməsində parlamentin rolundan danışıb.
Bahar Muradova Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu qadın siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib. Dövlətimiz tərəfindən qadın və uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini, bu sahədə ölkəmizdəki mövcud vəziyyətin bir sıra digər ölkələrdən fərqli olaraq yüksək səviyyədə olduğunu deyib. O, həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə müəyyən problemlərin olduğunu da qeyd edib. Bu problemlərin həlli ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, onların aradan qaldırılmasında cəmiyyətin rolu barədə fikirlərini açıqlayıb.
Komitə sədri BMT-nin müvafiq komitələrinin ölkəmizdəki vəziyyəti dəyərləndirmələri, çıxış yolları ilə bağlı tövsiyələrinin bizim mövqeyimizlə əsasən eyni olduğunu, lakin bəzi istisnaların da olduğunu söyləyib. O, bu tövsiyələrə əməl edilməsində hər bir ölkənin dövlət və milli maraqlarının nəzərə alınmasının əhəmiyyətindən danışıb.
Bahar Muradova bildirib ki, bu tövsiyələr bir sıra istiqamətləri əhatə edir, xüsusilə parlamentin rolu burada üstünlük təşkil edir. O, cəzaların sərtləşdirilməsi, əməkhaqqı, əmək bazarında qadınların yeri, rolu, əldə etdiyi nəticələrə dair məsələlərin vacibliyindən bəhs edib, bu və digər sahələrdə qadınların bərabər hüquqlarının təmin olunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrə diqqət çəkib. Komitə sədri qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin bir sıra dövlət proqramlarında da öz əksini tapdığını söyləyib, bu sahədə prioritet istiqamətləri nəzərə çatdırıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış edərək, BMT-nin “Uşaq hüquqları haqqında” və “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyalarında əks olunan tövsiyələr barədə məlumat veriblər.
Mövzu ətrafında müzakirələrdə Milli Məclisin deputatları Jalə Əliyeva, Tahir Kərimli, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Rauf Əliyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, habelə BMT-nin Əhali Fondunun Azərbaycan üzrə rəhbəri Fərid Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev, Gender HUB Azərbaycan rəhbəri Məryəm Məcidova, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova, Ədliyyə Nazirliyinin baş məsləhətçisi Aygün Şahbanova, Ombudsman Aparatının sektor müdiri Nigar Ağayeva, Daxili İşlər Nazirliyinin şöbə müdiri Hikmət Quliyev, BMT-nin Uşaq Fondunun proqram rəhbəri Vüqar Salmanov çıxış edərək, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə aidiyyəti qurumlar tərəfindən atılan addımlar barədə fikirlərini, qeyd və təkliflərini açıqlayıblar.
Dinləmənin sonunda parlamentin komitə sədri Hicran Hüseynova müzakirələrin səmərəli keçdiyini, insanları düşündürən məsələlərin, bəzi narahatedici məqamların diqqətə çatdırıldığını söyləyib, onların aradan qaldırılması istiqamətində əməli addımların atılmasının vacibliyindən danışıb.
Tədbirdə bir sıra aidiyyəti qurumların təmsilçiləri, QHT nümayəndələri də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi