Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə keçirilmiş rəsmi qəbulda çıxış edib

Tədbirlər
29 oktyabr 2023 | 20:56   
Paylaşın:        

Oktyabrın 29-da Bakıda Heydər Əliyev Mərkəzində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə  rəsmi qəbul təşkil edilib.

Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Milli Məclisin  sədri Sahibə Qafarova təbdirdə çıxış edib.  

Parlamentin spikeri Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, 100 il öncə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkiyə Cümhuriyyətinin qurulması iyirminci əsr dünya tarixinin ən önəmli hadisələrindən biri olmuşdur. O, qeyd edib ki, ötən dövrdə Türkiyə dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplərə əsaslanmaqla cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz inkişaf yolu keçmişdir.

Spiker bildirib ki, xüsusən son iyirmi ildə böyük siyasi və dövlət xadimi, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə möhtəşəm uğurlara imza atmışdır. Türkiyə zəngin iqtisadi, siyasi, hərbi, intellektual, mənəvi potensialı ilə fəxr edə bilər. Bu gün Türkiyə Cümhuriyyəti dünyanın ən nüfuzlu və qüdrətli dövlətlərindən biridir.

Sahibə Qafarova deyib ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatı, NATO, “Böyük iyirmilik”, İslam Əməkdaşlığı Təşkilatı, Türk  Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirmişdir. O, Türkiyənin liderliyi məsələsinə toxunaraq, onu da qeyd edib ki, qardaş ölkənin beynəlxalq problemlər barəsində tərəfsiz və obyektiv mövqe tutması dünyanın yaşadığı indiki təhlükəli dövrdə sabitləşdirici rol oynayır.

Parlamentin sədri Avropa ilə Asiyanı bir-birinə bağlayan Türkiyənin müxtəlif bölgələrdə münaqişələrin nizama salınmasında, sülhyaratma missiyalarında və diplomatik təşəbbüslərdə fəal iştirak etdiyini söyləyib. O,  haqq-ədalət və dürüstlük meyarları üzərində qurulan Türkiyə diplomatiyasının dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibi olduğunu deyib. Spiker qeyd edib ki, müxtəlif ölkələrlə strateji tərəfdaşlıq qurulması, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, səmərəli diplomatik münasibətlər yaradılması Türkiyənin beynəlxalq nüfuzunu daha da artırır. Türkiyənin zəngin tarixi mirası, parlaq mədəniyyəti və “yumşaq gücü” ona mədəni diplomatiya yolu ilə öz təsirini dünyanın geniş bölgələrinə yaymaq və mədəni mübadiləyə kömək göstərmək imkanı verir.

Milli Məclisin spikeri diqqətə çatdırıb ki, bu gün Türkiyə ordusu, hərbi hava və hərbi dəniz qüvvələri dünyanın ən güclü silahlı qüvvələri sırasındadır. Türkiyə yüksək dərəcədə inkişaf etmiş müdafiə sənayesinə malikdir və ən müasir silahlar, hərbi və hərbi-texniki vasitələr istehsal edir.

Parlamentin sədri deyib ki, Türkiyə dünyanın müxtəlif ölkələrindən olan qaçqınlara  və təbii fəlakət qurbanlarına yardım göstərərək qlobal həmrəyliyə və humanitar dəyərlərə sadiqliyini nümayiş etdirir.

Sahibə Qafarova bildirib ki, qardaş ölkənin davamlı inkişaf yolunda əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımızın və dövlətlərimizin qardaşlığı və dostluğu bizim ən böyük sərvətimizdir.

O, qeyd edib ki, biz həmişə məmnunluqla söyləyirik ki, ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”. 

Milli Məclisin sədri xalqlarımızın bu birliyinin XX yüzilin əvvəllərində Çanaqqala savaşında, Azərbaycanda və paytaxt Bakıda erməni-bolşevik dəstələrinə qarşı döyüşlərdə, üç il öncə işğalçı Ermənistana qarşı 44 günlük Vətən müharibəsində, bu ilin sentyabr ayında Qarabağda antiterror tədbirlərində sınaqlardan çıxdığını söyləyib.

Spiker nəzərə çatdırıb ki, təqribən 10 gündən sonra Azərbaycanda Zəfər Günü qeyd ediləcəkdir. O, torpaqlarımızın işğalına son qoymaq, dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünyanın Türkiyə–Azərbaycan qardaşlığına və dostluğuna bir daha şahid olduğunu deyib.

Sahibə Qafarova öz çıxışında bildirib ki, müharibə günlərində Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, münaqişəyə kənar müdaxilələr qarşısında “qırmızı xətt” xəbərdarlığı, bütün Türkiyənin tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə, onun lideri və xalqı hər yerdə və hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Spiker məmnunluqla qeyd edib ki, 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi qardaşlıq və dostluq münasibətlərimizi ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəltmişdir.

Milli Məclisin sədri bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələrin planlı şəkildə və əzmlə həyata keçirildiyini söyləyib.

O, ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələrinin Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynadığını deyib. Türkiyə-Azərbaycan birliyinin və həmrəyliyinin türk dünyasının daha sıx birləşməsinə kömək göstərdiyini qeyd edib.

Parlamentin sədri bildirib ki, Türkiyə 30 illik işğal dövründə erməni vandalların viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində də, bütün digər məsələlərdə də bizim yanımızdadır. Biz əminik ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcəkdir.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin qeyd edildiyi bu tarixi gündə qardaş Türkiyə xalqına firavanlıq və xoşbəxtlik arzulayıb.

Çıxışının sonunda Sahibə Qafarova cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Yüzili” baxışının həyata keçirilməsinin yeni əsrdə Türkiyə Cümhuriyyətinə daha böyük nailiyyətlər  qazandıracağına inamını ifadə edib. 

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU