Milli Məclisin sədri Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 1-də bu ölkənin Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşüb.
Jin-pyo Kim Azərbaycan parlament rəhbərinin bu səfərinin son 6 ildə Milli Məclis sədri səviyyəsində Koreya Respublikasına ilk səfər olduğunu bildirib. O, Milli Assambleyanın keçmiş sədrinin 2021-ci ildə Azərbaycanda səfərdə olduğunu xatırladaraq, Milli Məclis sədrinin bu səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Koreya Respublikasının Azərbaycanın müstəqilliyinin ilk günlərindən sıx əlaqələr qurduğu ölkələrdən biri olduğu, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb. İkitərəfli münasibətlərin inkişafında siyasi təmasların - yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolu qeyd edilib.
Bildirilib ki, ölkələrimiz arasında münasibətlərdə iqtisadi əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi durmadan artır, lakin iqtisadi əməkdaşlığı daha da gücləndirmək və şaxələndirmək üçün daha böyük potensial mövcuddur.
Görüşdə Jin-pyo Kim Azərbaycanla Koreya arasında bənzərliklərin, ümumi cəhətlərin olduğunu qeyd edərək, hər iki ölkənin coğrafi mövqelərinin əhəmiyyətini vurğulayıb. O, deyib ki, həm Azərbaycan, həm də Koreya dənizləri, qitələri birləşdirən ölkələrdir. Bu da hər iki ölkə üçün eynilik təşkil etməklə, əlaqələrimizin daha da inkişafına, dövlətlərimizin bir-birinə daha da yaxınlaşmasına töhfə verir.
Görüşdə Azərbaycanın qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi planları, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, Azərbaycanın su təchizatı sistemlərinin inkişafı, ölkəmizin bərpa olunan enerji sahəsində həyata keçirdiyi proqramlar və bu sahələrdə Koreya şirkətlərinin iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında müxtəlif formatlarda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, ölkələrimiz ənənəvi format və təşkilatlarla yanaşı, yeni əməkdaşlıq formatlarında da birgə fəaliyyət göstərə bilər. Bunlardan biri Azərbaycanı, Mərkəzi Asiya ölkələrini və Koreya Respublikasını əhatə edən, müxtəlif sahələrdə mühüm imkanlar və üstünlüklər verə bilən əməkdaşlıq mexanizmi ola bilər. Spiker Sahibə Qafarova mədəni oxşarlıqlara və dil yaxınlığına görə Koreya Respublikasının Türk Dövlətləri Təşkilatı ilə tərəfdaş ölkə kimi əməkdaşlığının mühüm nəticələrin əldə olunmasına gətirib çıxara biləcəyinə inamını ifadə edib.
Görüşdə humanitar sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığı, Azərbaycan və Koreya universitetləri arasında müxtəlif beynəlxalq tələbə mübadiləsi və ikili diplom proqramlarının mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya Ticarət İnvestisiya Agentliyinin (KOTRA) ofislərinin fəaliyyəti təqdir edilib və bu fəaliyyətlərin daha da genişləndirilməsi yolları müzakirə olunub.
Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilərək, qeyd edilib ki, Transxəzər Şərq-Qərb Orta Dəhlizi Şərqlə Qərbi birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu artmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə bu axın daha da genişlənəcək. Sahibə Qafarova Koreya şirkətlərinin bu imkanlardan istifadə edə biləcəklərini qeyd edib.
Görüşdə parlamentlər arasında əməkdaşlıq, son 2 ildə bu istiqamətdə intensivliyin artması müsbət hal kimi qiymətləndirilib və bu sahədə münasibətlərin daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.
Sahibə Qafarova regionda mövcud olan vəziyyət, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə geniş məlumat verib. Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu deyən Milli Məclisin sədri bildirib ki, sülh müqaviləsinin imzalanması regionda daimi sülhü təmin edəcək. O, təəssüflə vurğulayıb ki, bəzi ölkələr Cənubi Qafqazda sülhün yaranmasını istəmirlər.
Milli Assambleyanın sədri Jin-pyo Kim beynəlxalq hüquqa əsaslanmağın vacibliyini vurğulayaraq deyib ki, Azərbaycan regiona sülh gətirmək üçün böyük səylə işləyir. O, ümid etdiklərini bildirib ki, bu səylər nəticə verəcək və Azərbaycan sülhün əldə edilməsinə nail olacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilməsi yollarına dair müzakirələr aparılıb.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Milli Assambleyanın inzibati binası ilə tanış olub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi