Milli Məclisin 4 komitəsi 2024-cü ilin dövlət büdcəsi layihəsini müzakirə edib
Noyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağını söyləyib.
Birinci vitse-spiker bildirib ki, builki büdcə müzakirələri Azərbaycanda mühüm tarixi hadisələrə təsadüf edir. O, qeyd edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib və 2024-cü ilin dövlət büdcəsi Azərbaycanın bütün ərazisini tam ehtiva edən dövlət büdcəsi olacaq. Əli Hüseynli qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü ilə bağlı bayramların qeyd ediləcəyini və bu ərəfədə Milli Məclisdə dövlət büdcəsi ilə bağlı müzakirələrin keçirilməsinin rəmzi məna daşıdığını deyib.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, 2024-cü ilin dövlət və icmal büdcələri layihələrinin Milli Məclisdə müzakirəsinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti nəticəsində qazanılan şanlı Zəfərin 3-cü ildönümü ilə yanaşı, bütün ölkə ərazisində suverenliyin bərqərar olduğu günlərə təsadüf etdiyini bildirib. O, cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü olduğunu qeyd edərək, dövlətimiz qarşısında yeni çağırışların dayandığını və təqdim olunan 2024-cü il üçün dövlət büdcəsi layihəsinin bu çağırışlar və prioritetlər nəzərə alınmaqla hazırlandığını söyləyib.
Nazir işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinin, qüdrətli ordumuzun və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin, habelə Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının mühüm vəzifələr olaraq əsas xərc istiqamətləri kimi nəzərdə tutulduğunu deyib. Bununla yanaşı, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.
Nazir qeyd edib ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Orta müddətli dövr üzrə büdcə-vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik, dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin və ölkədaxili neft hasilatının aşağı düşməsi kimi bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.
Samir Şərifov bildirib ki, növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün ilkin təsdiq olunmuş göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin iyununda yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılmış dövlət büdcəsi xərclərindən isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon manat və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlər bərabər olaraq qeyri-neft sektoru və neft sektoru hesabına təmin olunacaq.
Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bununla yanaşı, əsas prioritet istiqamətlərdən olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.
Nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2 milyard 957 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, 2023-cü ilə nisbətən 123 milyon manat və ya 4,3 faiz çoxdur.
Qeyd olunub ki, növbəti ildə beynəlxalq fəaliyyətlə bağlı, o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı, üzv olduğumuz maliyyə institutlarının səhm kapitalında iştirak, ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün cəm olaraq 587 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2024-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq səviyyəli tədbirlər üçün 200 milyon manat, Azərbaycanın xaricdəki 84 diplomatik nümayəndəlikləri, konsulluqlar və təmsilçilik ofislərinin fəaliyyəti üçün 198 milyon manat vəsait ayrılması planlaşdırılır. Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı xərclər üçün 22 milyon manat, beynəlxalq maliyyə institutlarında iştirakla bağlı xərclər üçün 10 milyon manat, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlarla bağlı xərclər üçün 80 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Ölkəmizin xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin, ticarət nümayəndəliklərinin və diaspor təşkilatlarının dəstək tədbirlərinin maliyyələşdirilməsinə 31 milyon manat vəsaitin ayrılması gözlənilir.
Bildirilib ki, 2024-cü ildə İnsan Hüquqları üzrə Müvəkkilin fəaliyyətinin maliyyə təminatı üçün 6 milyon manat vəsait ayrılıb.
Samir Şərifov 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı diqqətə çatdırıb ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.
O, qeyd edib ki, icmal büdcədə Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə büdcənin gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.
Maliyyə naziri Samir Şərifov çıxışının sonunda 2024-cü il üçün dövlət və icmal büdcələrinin layihəsinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, Böyük qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər prioritet hədəfləri üçün maliyyə təminatı yaradacağını söyləyib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2024-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Bildirib ki, büdcə layihəsi ilə birgə hazırlanan və təqdim olunan sənədlər, əks etdirilən əsas göstəricilər qanunvericiliklə müəyyən olunmuş əsas tələblərə uyğundur. O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Belə ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə nəzərdə tutulur.
Palata sədri büdcə layihəsində tətbiq edilən yeniliklərdən, büdcə sənədləşməsinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan danışıb, bu istiqamətdə bəzi təkmilləşdirmələrin aparılması ilə bağlı fikirlərini bölüşüb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxışında bildirib ki, dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini tələb edir. Komitə sədri vurğulayıb ki, müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2024-cü ilin dövlət büdcəsində nəzərə alınmışdır. Ziyafət Əsgərov qeyd edib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üçün gələn ilin büdcəsində 6,4 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6% çoxdur.
Dövlət büdcəsinin əsaslı xərclər bölməsi üzrə xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün də 3 milyard manat məbləğində vəsait ayrılacaqdır. Bu vəsait ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına sərf olunacaq. Komitə sədri büdcədə nəzərdə tutulan hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən danışıb, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası ilə bağlı fikirlərini bölüşüb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov növbəti ilin dövlət büdcəsində beynəlxalq münasibətlər, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün kifayət qədər vəsaitlərin nəzərdə tutulmasını yüksək qiymətləndirib. O, vurğulayıb ki, həm Xarici İşlər Nazirliyi, həm də Maliyyə Nazirliyi diplomatlarımızın maddi təminatını bu ildən başlayaraq ən yüksək səviyyədə təmin etmək üçün xüsusi addımlar atıb. Səməd Seyidov 2024-cü ilin büdcəsinin xarici siyasətimizin təmini, qlobal dünyada baş verən hadisələrə ən yüksək səviyyədə cavab vermək üçün lazımi imkanlar yaratdığını diqqətə çatdırıb.
Komitə sədri Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının, mədəniyyət mərkəzlərinin, ticarət nümayəndəliklərinin saxlanılması kimi istiqamətlərdə ayrılan xərcləri müsbət dəyərləndirib, ölkəmizin beynəlxalq fəaliyyətinin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının təmini ilə bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2024-cü ilin dövlət büdcəsini dünyanın müasir çağırışları kontekstində dəyərləndirərək sənədin bu çağırışlara adekvat cavab verməsindən danışıb.
Komitə sədri Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qat-qat artdığını vurğulayaraq bizə qarşı yönəlmiş çirkin kampaniyalarla mübarizənin gücləndirilməsi ilə bağlı fikirlərini bildirib. O, beynəlxalq məkanda müdafiə resurslarımızın artırılması bu istiqamətdə mütəxəssislərin hazırlanması kimi məsələlərə diqqəti artırmağın vacibliyini vurğulayıb.
Komitə sədri həmçinin Abşeronda məskunlaşmanın sıxlığını vurğulayaraq, daxili miqrasiya, regionların tərəqqisi və infrastrukturun inkişaf etdirilməsi, bölgələrdə iqtisadi fəallığın artırılması və digər məsələlərlə bağlı qeyd və təkliflərini səsləndirib.
Sonra parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edib. Eldar İbrahimov 2024-cü ilin dövlət büdcəsinin Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət etməsindən söz açıb, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərdəki artımı müasir çağırışlara adekvat olduğunu bildirib. Eldar İbrahimov vurğulayıb ki, gələn ilin büdcəsi sosial və iqtisadi sahələrin inkişafını dəstəkləməklə o cümlədən sosial, təhlükəsizlik və bərpa istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.
Komitələrin birgə iclasında İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva 2024-cü ilin əsas maliyyə sənədi keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtması, onların 30 ilə yaxın müddət ərzində pozulmuş hüquq və azadlıqlarının bərpa olunması istiqamətində imkanlar yaratdığını qeyd edib. Büdcə layihəsinin əhalinin həyat səviyyəsinin və yaşayışının daha da yaxşılaşmasına, onların hüquqlarının səmərəli təmin edilməsinə yönəldiyini vurğulayan Səbinə Əliyeva insan hüquqlarının daha səmərəli təmini baxımından həlli zəruri hesab olunan məsələlərdən danışıb.
İnsan hüquqları üzrə müvəkkil bəzi iqtisadi və sosial istiqamətlər üzrə insan hüquqlarının daha səmərəli təmin edilməsi, o cümlədən aztəminatlı ailələrin və əhalinin həssas qruplarının üzləşdikləri problemlərin həlli məqsədilə bir sıra təkliflərini səsləndirib.
Qanun layihəsinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Məmmədov, İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, deputatlardan Azay Quliyev, Fazil Mustafa, Naqif Həmzəyev, Elman Nəsirov, Elşad Mirbəşir oğlu, Asim Mollazadə çıxış ediblər. Millət vəkilləri 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəy və təkliflərini bildiriblər, suallarını səsləndiriblər.
Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb.
Müzakirələri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırıb və deputatlar “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Komitələrin birgə iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Aydın Mirzəzadə, Ramin Məmmədov, Arzu Nağıyev, Sevil Mikayılova, Kamal Cəfərov, Bəxtiyar Sadıqov, Rasim Musabəyov, Nurlan Həsənov, Tural Gəncəliyev, Azay Quliyev, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Nigar Arpadarai, Elman Məmmədov, Kamran Bayramov, Cavanşir Feyziyev, Ramil Həsən, Nəsib Məhəməliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Xarici İşlər Nazirliyinin Maliyyə idarəsinin rəisi Nərgiz Səfərova və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi