Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib
Noyabrın 15-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda dünənki iclasın gündəliyində olan növbəti məsələlər müzakirə edilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 8-ci məsələsinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, layihəyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxıldığını söyləyib və məsələ barədə məlumat vermək üçün komitənin sədri Tahir Mirkişiliyə söz verib.
Komitə sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişikliyin texniki xarakter daşıdığını deyib. Layihəyə əsasən, nağdsız hesablaşmalarla bağlı qanunun 3.4.11-ci və 3.4.12-ci maddələrində göstərilən tələblər bir nəzarət-kassa aparatının çeki üzrə hesablaşmalara şamil olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin 9-cu məsələsi - “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Diqqətə çatdırılıb ki, ləğv edilən sığortaçının aktivləri onun kreditorları arasında qanunun 119-cu maddəsində müəyyən edilmiş növbəlik qaydasında bölüşdürülür. Təklif olunan dəyişiklik ləğv edilən sığortaçının dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsini nəzərdə tutur.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Komitə sədri Tahir Mirkişili növbəti 10-cu məsələni - “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edərək bildirib ki, sənəddə müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsi təklif olunur.
Komitə sədri Siyavuş Novruzov və deputat Rüfət Quliyev məsələ ilə bağlı fikir və qeydlərini diqqətə çatdırdıqdan sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin 11-ci məsələsi - “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanuna təklif edilən dəyişikliklər texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi məqsədi daşıyır.
Komitə sədri nəzərə çatdırıb ki, mövcud qanuna görə, adları qeyd edilən şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödəyə bilərlər. Bununla yanaşı, sığortaolunanlar hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim etməli idilər. Bu hüquq yanvarın 15-dən sonra yarandığı halda isə məsələnin həlli ilə bağlı qanunda olan boşluqlar bu imkanı həmin şəxslərə yaratmırdı.
Təklif edilən dəyişikliyə əsasən, sığortaolunanın seçim hüququ il ərzində yarandıqda hüququn yarandığı gündən 15 gün ərzində öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablanması seçim hüququnun yarandığı gündən etibarən tətbiq edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 12-ci məsələ - “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri bildirib ki, dəyişiklik “Gömrük tarifi haqqında” qanunun gömrük rüsumlarından azad etmə ilə bağlı 20-ci maddəsinə 6 yeni maddənin əlavə edilməsini özündə ehtiva edir. O, qeyd edib ki, sənəd mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə müvafiq qurumlar (Mərkəzi Bank, hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslər və sair) tərəfindən bir sıra malların idxalının, eləcə də müəyyən məqsədlər (humanitar yardımın göstərilməsi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı və sair) üçün malların idxalının gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 2 məsələsi Milli Məclisin qərar layihələridir. Bu layihələr Milli Məclisin və Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası ilə bağlıdır. Spiker diqqətə çatdırıb ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, lakin bu iki məsələ bu gün yox, Büdcə Zərfinə daxil olan digər sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək. Parlamentin sədri Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat vermək üçün sözü Milli Məclisin işlər müdiri Firudin Hacıyevə təqdim edib.
Firudin Hacıyev Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında bildirib ki, 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Milli Məclisin işlər müdiri parlamentin inzibati binasının saxlanması, mühəndis qurğularına və digər avadanlıqlara xidmətin göstərilməsi, habelə Milli Məclisin qanunvericilik və təmsilçilik fəaliyyətinin, parlament tərəfindən keçirilən beynəlxalq səviyyəli tədbirlərin təminatı kimi məsələlər üzrə cari ildə görülən və növbəti ildə planlaşdırılan işlər barədə məlumat verib.
Məsələ ilə bağlı deputatlar Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı və Hikmət Məmmədov fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat vermək üçün sözü Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təqdim edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, palatanın 2024-cü il üçün xərclər smetası 11 milyon 424 min 588 manat məbləğində nəzərdə tutulur. Bu da cari ildən 798,6 min manat və ya 8% artıqdır. Palata sədri bunun səbəbinin Naxçıvan Muxtar Respublikası üzrə Palatanın İdarəsinin növbəti ildə mərkəzləşdirilmiş qaydada maliyyələşməsi ilə bağlı olduğunu deyib. Palatanın növbəti il üçün nəzərdə tutulmuş xərclərinin təxminən 91 faizi əməkhaqqı xərcləridir.
Məsələ ilə bağlı deputat Fazil Mustafa öz fikirlərini diqqətə çatdırıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 15-ci məsələsi Azərbaycan və Türkiyə qardaşlığının və dostluğunun növbəti nümunəsi olan bir sənəddir. Spiker "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"in təsdiq edilməsi barədə qanun layihəsinin parlamentə təqdim edildiyini söyləyib.
Sahibə Qafarova qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihəsi bir oxunuşda baxılıb, qəbul ediləcək.
Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa həmin qanun layihəsi barədə məlumat verib. O, bu məsələnin Azərbaycan dövləti ilə Türkiyə Cümhuriyyəti arasında olan qardaşlıq prinsiplərinə əsaslandığını deyib.
Bildirilib ki, Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Saziş Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi layihəsinin icrası ilə bağlıdır. Həmin layihənin həyata keçirilməsi məqsədilə müvafiq məbləğdə vəsait Azərbaycan Respublikası Hökuməti tərəfindən ayrılacaq, təyin olunmuş icraçı qurum tərəfindən inşa olunacaq bina və qurğular Türkiyə Respublikası Hökumətinə əvəzsiz olaraq veriləcək.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı çıxışında sənədin 2 il müddətinə bağlandığını və bu müddət ərzində qeyd olunan infrastruktur layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. O, rəhbərlik etdiyi komitənin qanun layihəsinə müsbət rəy verdiyini söyləyib.
Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Musa Qasımlı və Hikmət Məmmədov təqdim edilən sənədin Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətindən danışıblar.
Sonra bu qanun layihəsi də səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi