Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin 85 illiyinə həsr edilən beynəlxalq konfransda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Joqorku Keneşinin 85 illiyinə həsr edilən beynəlxalq konfransda iştirak edib.
Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Azərbaycan Milli Məclisinin sədrini və digər parlament nümayəndə heyətlərinin rəhbərlərini salamlayıb.
Konfransda spiker Sahibə Qafarova çıxış edib. O, Qırğızıstan parlamentinin 85 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Çıxışında müstəqillik illərində həm Azərbaycanın, həm də Qırğızıstanın böyük inkişaf yolu keçdiyini deyən Milli Məclisin sədri, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradıldığı gündən Azərbaycan–Qırğızıstan ikitərəfli əməkdaşlığının ənənəvi olaraq qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda qurulduğunu, siyasi, ticarət-iqtisadi, mədəni və digər sahələrdə ümumən uğurla inkişaf etdiyini deyib.
Sahibə Qafarova xatırladıb ki, bu il Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunub. O deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri olan dostluq münasibətləri Azərbaycan və Qırğızıstan xalqlarının maraqları naminə genişlənir. Azərbaycan və Qırğızıstan dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyədə görüşlərin dinamikası və səmərəliliyi ikitərəfli münasibətlərin möhkəmlənməsində və dərinləşməsində mühüm rol oynayır. Parlamentin spikeri bununla əlaqədar olaraq, Qırğızıstan Prezidenti Sadır Japarovun ötən ilin aprel ayında Azərbaycana rəsmi səfərini, səfər çərçivəsində imzalanmış “Strateji tərəfdaşlıq haqqında” Bəyannaməni və “Dövlətlərarası Şuranın yaradılması haqqında” Memorandumu, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin oktyabr ayında Qırğızıstana dövlət səfərini xüsusi vurğulayıb. Sahibə Qafarova əlavə edib ki, ölkələrimiz arasında yaradılmış müqavilə-hüquq bazası ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf etdiyini göstərir.
Çıxışına davam edən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı əlaqələridir. Bu gün ölkələrimizin qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur və onları daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. “Azərbaycan Respublikasının Milli Məclisi ilə Qırğız Respublikasının Joqorku Keneşi arasında əməkdaşlıq haqqında” 2011-ci ilin iyul ayında Bakıda imzalanmış Memorandum parlamentlərarası əlaqələrimizin inkişafına xidmət edir. O, əminliyini ifadə edib ki, Memorandum qanunvericilik orqanları arasında əlaqələrin dərinləşməsinə bundan sonra da töhfə verəcəkdir. Həmçinin qeyd edilib ki, parlamentlərimizin üzvləri müxtəlif beynəlxalq təşkilatların parlament məclislərində, o cümlədən MDB-nin Parlamentlərarası Assambleyasında, Türk Dövlətlərinin Parlament Assambleyasında, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Asiya Parlament Assambleyasında və digər qurumlarda fəal əməkdaşlıq edirlər.
Azərbaycan və Qırğızıstan xalqlarının həmişə bir-birinə rəğbətlə yanaşdıqlarını və bu gün də hər iki dövlətin əcdadlarımızın ənənələrinə sadiq olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqlarının bir-birinə yaxınlığına və ortaq mədəni dəyərlərinə əsaslanan humanitar əməkdaşlıq xüsusi məna və mahiyyət kəsb edərək, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirir. Buna ən parlaq sübut olaraq, ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan dostluq parkının və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziya təhsil-tərbiyə kompleksinin açılmasını göstərmək olar. Ortaq mədəniyyətə, dilə və milli köklərə malik olan dövlətlərimiz bütün sahələrdə qarşılıqlı əlaqə və əməkdaşlıq istiqamətində fəallığı gücləndirirlər.
Qeyd edək ki, beynəlxalq konfransda Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus və digər bır sıra ölkələrin parlament sədrləri iştirak və çıxış ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi