Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Sədrin səfərləri
17 noyabr 2023 | 15:18   
Paylaşın:        

Qırğız Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Bişkek şəhərində böyük Qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda çıxış edib. Spiker, çıxışında Çingiz Aytmatovun hələ sağlığında klassikə çevrilmiş yazıçı olduğunu söyləyərək, onun dünya ədəbiyyatında yeni nəsrin yaradıcılarından biri olmaqla oxucularına misilsiz irs qoyduğunu bildirib. Sahibə Qafarova deyib ki, bu böyük yazıçının hər bir əsərini şah əsər adlandırmaq olar. O, həmişə ümumbəşəri dəyərlərə əsl sadiqlik nümunəsi kimi xatırlanacaq.

Milli Məclisin sədri çıxışında Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu xatırladıb. O, deyib ki, ölkəmizə dəfələrlə səfər etmiş Çingiz Aytmatov Azərbaycan xalqı, onun mədəniyyəti haqqında dəyərli fikirlər söyləmişdir. Azərbaycan xalqı da öz növbəsində Çingiz Aytmatova çox yaxın və əziz yazıçı kimi baxaraq, onun yaradıcılığına böyük diqqət və rəğbət bəsləyir.  Çingiz Aytmatovun yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdir ki, “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir”. Çingiz Aytmatovun yubileyləri Azərbaycanda geniş və təntənəli şəkildə qeyd olunur. 2008-ci ildə yazıçının 80 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Çingiz Aytmatov "Dostluq" ordeni ilə təltif edilib. Belə bir yüksək mükafatı təqdim edən Azərbaycan Prezidenti Çingiz Aytmatovun hər zaman Azərbaycanın böyük dostu kimi həm sovet dövründə, həm də müstəqillik dövründə bizə həmişə dəstək olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Çingiz Aytmatovun yaradıcılığı haqqında Bakıda çoxsaylı əsərlər, monoqrafiyalar nəşr olunub, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub, dahi ədibin yaradıcılığına həsr olunmuş konfranslar vaxtaşırı keçirilir, onun əsərləri əsasında tamaşalar hazırlanır.

Sahibə Qafarova deyib ki, Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə paytaxt Bakıdakı küçələrin birinə böyük Qırğız yazıçısının adı veriləcək, onun büstü qoyulacaq.

Milli Məclisin sədri Çingiz Aytmatovun bütün əsərlərində fəlsəfi, əxlaqi və ümumbəşəri problemlərə müraciət edən böyük yazıçı olduğunu qeyd edərək, vurğulayıb ki, Çingiz Aytmatovun yaradıcılığı prizmasından qırğız xalqının bütün milli kimliyini izləmək olar. O, Vətən obrazını dünya ədəbiyyatına gətirmiş, onu mənəvi irsə çevirmiş, bu böyük yazıçının əsərləri 170-dən çox xarici dilə tərcümə edilmiş və milyonlarla tirajla nəşr edilmişdir.

Sahibə Qafarova çıxışında Çingiz Aytmatovun ictimai-siyasi, diplomatik fəaliyyəti barədə də danışıb. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı və qarşılıqlı əlaqəni təşviq edən Çingiz Aytmatov ölkəsini xaricdə layiqincə təmsil edib.

Sonda Milli Məclisin sədri bir daha qeyd edib ki, Qırğız xalqı dünyaya Çingiz Aytmatov kimi nadir, dahi dünya klassiklərinin sırasında özünəməxsus yer tutan parlaq yazıçı bəxş etdiyi üçün fəxr edə bilər və onun xatirəsi əbədi olaraq yaşayacaq.

Qeyd edək ki, beynəlxalq konfransda MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin parlament rəhbərləri, elm və ədəbiyyat xadimləri və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər. Çıxışlarda böyük Qırğız yazıçısının həyat və yaradıcılığının ən müxtəlif səhifələrinə dair fikirlər səsləndirilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU