Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında
Noyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə üç qanun layihəsi daxil edilib.
Birinci məsələ olan “Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin (birinci oxunuş) vacibliyinə toxunan birinci vitse-spiker sənədin cinayət təqibi üzrə qiyabi icraat qaydalarını və mexanizmlərini müəyyən etdiyini bildirib. O, məsələ ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmova söz verib.
Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanda qiyabi icraatla bağlı mülki prosessual qanunvericilikdə bütöv bir fəsil olsa da, Cinayət-Prosessual Məcəllədə (CPM-də) sadəcə cəmi 3 maddədə işə qiyabi baxılmasının mümkünlüyü ifadə olunub. Bildirilib ki, cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə CPM-ə əlavə olunması təklif edilən LIV-II fəsil bu məsələni həll edir.
Cinayət prosesində qiyabi icraat institutuna müraciət olunmasının konseptual məqsədindən danışan Bəhruz Məhərrəmov layihədə təsbit olunan qiyabi icraat prosedurları, o cümlədən cinayət təqibi üzrə qiyabi icraatın açılması, ona xitam verilməsi, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi kimi qaydalar barədə ətraflı məlumat verib. O, təklif olunan dəyişikliklərin digər istiqamətinin isə prosessual sənədlərin rəsmi qaydada verilməsini ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, layihədə CPM-ə prosessual sənədlərin çatdırılması, qəbulu və digər məsələləri tənzimləyən IV-I fəslin əlavə edilməsi təklif olunub.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova təqsirləndirilən şəxslərə qarşı qiyabi məhkəmə icraatının aparılması ilə bağlı qanunvericilikdə mövcud prosedurların çatışmazlığını və dəyişikliklərin zəruriliyini diqqətə çatdırıb. O, qiyabi məhkəmə icraatının Azərbaycan Respublikasının ədalət mühakiməsindən yayınan şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, dövlətin konstitusiya quruluşu və təhlükəsizliyi əleyhinə olan cinayətlərin hüquqi təqibinin həyata keçirilməsinə yaratdığı imkanlardan danışıb. Vurğulanıb ki, qanun layihəsində beynəlxalq hüququn, konvensiyaların tələbləri nəzərə alınıb.
Əli Hüseynli gündəliyin ikinci məsələsi olan “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair bildirib ki, sənəd dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.
Sonuncu məsələ olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, layihə iqtisadi və biznes fəaliyyəti sahəsində yaranan borc öhdəlikləri ilə bağlı mübahisələrin həllinə yönəldilib.
Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitə üzləri Fəzail Ağamalı, Kamal Cəfərov, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Erkin Qədirli, Elşən Musayev, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi