Milli Məclisin iclasında
Noyabrın 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, bugünkü iclasın gündəliyinə 21 məsələ daxil edilib və gündəliyin birinci məsələsi Milli Məclisin bəyanatıdır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan, təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmamış, əksinə, həmin ərazilərə silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirmişdir. Ermənistan işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib.
Həmçinin, Ermənistan rəhbərliyinin ərazilərimizdəki qanunsuz marionet strukturuna “təbrik mesajları” və bu qeyri-qanuni qurumun qondarma “prezident seçkiləri” Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.
2023-cü il sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımızda qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak oldu.
Bundan sonra – sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirildi və bu, Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşıyırdı.
23 saat ərzində həyata keçirilən bu antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edildi, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa etdi. Xüsusilə vurğulamaq lazımdır ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət etdi.
Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycanın gündəliyi münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Təəssüf ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə, hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycana qarşı kampaniyada bütün imkan və platformalardan istifadə etməkdə davam edir. Çox təəssüf ki, son dövrlərdə bu məsələ ilə əlaqədar Azərbaycana qarşı bir sıra qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, bir sənəd də noyabrın 15-də ABŞ Senatı tərəfindən qəbul edilib. Bu, “2023-cü il erməniləri müdafiə aktı” adlanan bir sənəddir. Elə həmin gün Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində məlum dinləmələr də keçirilib.
Senatın aktında bölgədən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə ziddir. Bu gün iclasın gündəliyinə uyğun olaraq bu məsələ müzakirə ediləcək.
Sonra məsələ ətrafında müzakirələr aparılıb.
Komitə sədrləri Ziyafət Əsgərov, Səməd Seyidov, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Tural Gəncəliyev, Elman Nəsirov, Sahib Alıyev, Musa Qasımlı, Fəzail Ağamalı çıxış edərək, ABŞ Senatı tərəfindən qəbul edilmiş “2023-cü il erməniləri müdafiə aktı”nın Azərbaycana qarşı qərəzli, heç bir əsası olmayan, ikili stanadrtlara söykənən ədalətsiz bir sənəd olduğunu, Cənubi Qafqazda separatizmi, terrorizmi dəstəklədiyini söyləyiblər.
Millət vəkilləri 1992-ci ilin oktyabr ayında qəbul edilmiş “Azadlığa Dəstək Aktı"na Azərbaycana yardımın qadağan olunması ilə bağlı 907-ci düzəlişin edildiyini qeyd edərək, Azərbaycanın öz gücü hesabına ərazilərini işğaldan azad etdiyini, bu ərazilərdə ermənilər tərəfindən genosidin, ekosidin, insanlıq əleyhinə cinayətlərin baş verdiyini və buna baxmayaraq, Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilmədiyini deyiblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib.
Deputatlar 30 ilə yaxın müddətdə ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalmasına bəzi ölkələrin biganə yanaşdığını, regiondakı reallıqların təhrif edildiyini qeyd ediblər. Millət vəkilləri Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş hərəkətləri qəbuledilməz adlandırıblar, həmçinin ABŞ-ın bir sıra dünya ölkələrində həyata keçirdiyi destruktiv fəaliyyətini pisləyiblər.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin 5 prinsipdən ibarət sülh müqaviləsi təşəbbüsünü irəli sürdüyü vurğulanıb. Qeyd olunub ki, bundan sonra da Azərbaycan dövləti öz yolunu uğurla davam etdirəcək, məkrli planlara qarşı öz qətiyyətli mövqeyini nümayiş etdirəcək.
İclasda parlamentin sədri Sahibə Qafarova bildirib ki, Milli Məclis bəyanat qəbul etməlidir və bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılmalıdır. Spiker təklif edib ki, Ziyafət Əsgərov komissiyanın sədri, Səməd Seyidov, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Tamam Cəfərova və Kamilə Əliyeva komissiyanın üzvləri seçilsin. Deputatlar parlament sədrinin təklifini dəstəklədikdən sonra komissiya öz işinə başlayıb.
Müzakirələrin sonunda Milli Məclisin sədri Sahibə Qafarova bəyanatın mətninin hazır olduğunu bildirib və onu təqdim etmək üçün deputat Kamilə Əliyevaya söz verib.
Deputat Kamilə Əliyeva bəyanatı səsləndirdikdən sonra ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı səsə qoyularaq qəbul edilib. (Bəyanatın mətni mətbuatda dərc ediləcək.)
Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 12 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. O, qeyd edib ki, bu qanun layihələri ikinci oxunuşda müzakirə ediləcək. Spiker gündəliyin 2-ci məsələsinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu deyib.
Məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O, bildirib ki, 2024-cü il üçün dövlət büdcəsi barədə qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı sənəd barədə ətraflı məlumat verilib, bir çox deputatlar çıxış ediblər. Qeyd olunub ki, deputatlar sənədi konseptual baxımdan dəstəkləyərək, bir sıra təkliflər səsləndiriblər. Təqdim olunan makroçərçivənin iqtisadi imkanlara uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanının yaradılacağını qeyd ediblər.
Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü il üçün dövlət büdcəsi haqqında qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində proqnozlaşdırılır. Növbəti ildə neftin 1 barrelinin orta illik qiymətinin baza ssenarisi əsasında 60 ABŞ dolları olacağı, Ümumi Daxili Məhsulun real artım tempinin 2,4 %, qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinin 4,6 %, inflyasiyanın orta illik göstəricisinin 5,3 %, orta aylıq əməkhaqqının 980 manat olacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsi ilə təmin olunan gəlirlərinin proqnozu 15,8 milyard manat nəzərdə tutulub. Gəlirlərin 49,8 %-i qeyri-neft/qaz sektorundan, 50,2 %-i isə neft sektorundan gələn gəlirlər hesabına formalaşacaq.
Bildirilib ki, büdcə layihəsində sosialyönümlü xərclər 1 milyard 34,5 milyon manat artırılaraq, 15 milyard 772,9 milyon manata və ya dövlət büdcə xərclərinin 42,9 %-nə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin məskunlaşmasına şəraitin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq-mühafizə orqanları üçün ayrılan xərclərin 9 milyard 377,7 milyon manata, təhsil xərclərinin 4 milyard 549,9 milyon manata, səhiyyə xərclərinin 1 milyard 871 milyon manata çatdırılması nəzərdə tutulub. Əməyin ödənişi xərcləri 9 milyard 7,2 milyon manat təşkil edəcək. Ərzaq təhlükəsizliyi tədbirləri üçün 502,9 milyon manat, su ehtiyatları və su idarəedilməsi üçün 507,1 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri üçün 546,2 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Tahir Mirkişili nəzərə çatdırıb ki, 2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbətinin 22,2 %, dövlət borcunun ÜDM-ə nisbətinin 14,5 % olması planlaşdırılır.
Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Azay Quliyev, İltizam Yusifov, Sabir Hacıyev çıxış ediblər, fikir və qeydlərini səsləndiriblər.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, növbəti ilin dövlət büdcəsinin Milli Məclisin komitələrində və plenar iclaslarında müzakirələrinin səmərəli keçdiyini qeyd edərək, deputatların bir sıra məsələlər qaldırdıqlarını söyləyib. Nazir həmin məsələlərin aidiyyatı dövlət orqanlarında baxılaraq, nəticələri barədə parlamentə məlumat veriləcəyini bildirib.
Samir Şərifov millət vəkillərinin büdcə layihəsinin strukturu, elm və təhsilin maliyyələşməsi, bəzi ərazilərdə təbii qaz, su təchizatı, nəqliyyat, təhsil və digər infrastrukturların yenidən qurulması, əsaslı təmiri və digər məsələlərə dair təklif və tövsiyələrinin də təhlil edildiyini, bununla bağlı məlumatın təqdim olunacağını deyib.
Nazir vergilərin azaldılmasına dair irəli sürülən təkliflərlə bağlı fikirlərini açıqlayaraq, qeyd edib ki, bu məsələ orta və uzunmüddətli ölkə iqtisadiyyatına gətirəcəyi faydalar, sosial-humanitar aspektlər baxımından dəyərləndirilməlidir. O, büdcə layihəsinin strukturu ilə bağlı məsələ ilə əlaqədar təqdim olunmuş sənədin balanslaşdırılmış layihə olduğunu, büdcə qaydasının hədəflərinə xələl gətirmədiyini söyləyib. Layihədə, habelə qeyri-neft sektorundan daxilolmaların ildən-ilə artdığı, növbəti ildə də əhəmiyyətli artımların gözlənildiyi deyilib.
Samir Şərifov qarşıda duran əsas vəzifələrdən birinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı olduğunu və bu məqsədlə hər il dövlət büdcəsindən vəsaitin təmin edilməsinin vacibliyini bildirib və bu məsələlərin də təqdim olunmuş layihədə öz əksini tapdığını deyib.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda fasilə elan olunub.
Fasilədən sonra iclasda büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılıb.
İclasa sədrlik edən spiker Sahibə Qafarovanın təklifi ilə gündəliyin növbəti 3-cü və 4-cü məsələləri - “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” (ikinci oxunuş) və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.
Məsələlərlə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hər iki qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verilib. Qanun layihələrinin mətnində heç bir dəyişiklik edilmədiyini qeyd edən komitə sədri fondların gəlirləri və xərclərinin əsas parametrlərini səsləndirib.
Sonra komitə sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini diqqətə çatdırıb.
Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Etibar Əliyev, Vahid Əhmədov, Soltan Məmmədov, Elşən Musayev, Rüfət Quliyev çıxış edərək fikirlərini açıqlayıblar.
Deputatların səsləndirdikləri fikirlərə komitə sədri Musa Quliyev və Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev münasibətlərini bildirib, aydınlıq gətirəndən sonra “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul ediliblər.
Növbəti məsələ olan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin layihə barədə müsbət rəyini diqqətə çatdırıb. Deputat Etibar Əliyevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Musa Quliyev gündəliyin 6-cı məsələsi olan "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur.
Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb. Qanun layihəsinin müzakirəsində deputatlar Aydın Hüseynov, Vüqar Bayramov və Əli Məsimli fikirlərini bildirdikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Komitə sədri diqqətə çatdırıb ki, təqdim edilmiş qanun layihəsi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə dəyişiklikləri ehtiva edir. 200-dən çox dəyişikliyin təklif olunduğu sənəd barədə birinci oxunuşda ətraflı məlumat verildiyini qeyd edən komitə sədri layihənin maliyyə sektoru və kapital bazarları, səhiyyə, kənd təsərrüfatı, nəqliyyat, yükdaşıma, turizm, biznes və digər sahələr üzrə vergi güzəştləri, vergidən azadolmanın ləğv olunması istiqamətləri barədə danışıb.
Deputat Rəşad Mahmudovun layihə ilə bağlı fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Sənəddə məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərini əvəzləşdirməklə nizamnamə kapitalına maya qoyması və ya əlavə buraxılmış səhmləri əldə etməsi, maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə isə bu prosesin maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu sənəd barədə müsbət rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra komitə sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, layihə pərakəndə satış sahəsində və tibb müəssisələrində bir nəzarət-kassa aparatının çekinin bir əməliyyat sayılmasını özündə ehtiva edir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Tahir Mirkişili “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, deyib ki, ləğv edilən sığortaçının aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Sənədə əsasən, bu baş verdiyi halda dövlət büdcəsinə ödənilməli olan vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsi nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Komitə sədri Tahir Mirkişili “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini də təqdim edib. O, bildirib ki, sənəddə müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, bildirib ki, qanunun 14-cü maddəsinə təklif olunan dəyişiklikdə texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı da məlumat verib. Qeyd olunub ki, sənəd mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə müvafiq qurumlar (Mərkəzi Bank, hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslər və sair) tərəfindən bir sıra malların idxalının, eləcə də müəyyən məqsədlər (humanitar yardımın göstərilməsi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı və sair) üçün malların idxalının gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinin başa çatdığını deyib və iclasda iştirak etdiklərinə görə hökumət üzvlərinə öz təşəkkürünü bildirib.
Spiker gündəlikdəki növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu söyləyib. O, qeyd edib ki, layihə beynəlxalq sənədlə bağlı olduğuna görə müvafiq Konstitusiya qanununun tələbinə əsasən, bir oxunuşda baxılıb qəbul ediləcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının 50-yə yaxın Afrika ölkəsi ilə diplomatik əlaqələri mövcuddur və 6 Afrika ölkəsində bizim səfirliklərimiz var. Komitə sədri qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi biz Afrika ölkələri ilə əlaqələrimizi genişləndirmək istiqamətində böyük işlər görürük. O, bu baxımdan Ruanda ilə əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Xüsusilə diplomatik və xidməti pasportların sahiblərinin vizasız gediş-gəlişinin təmin olunması ilə bağlı məsələnin əhəmiyyətindən danışıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bu sənəd və dövlət qulluğu ilə əlaqədar deputatların səsləndirdiyi fikirlərə münasibət bildirildiyini söyləyib.
Sənəd Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsini "Dövlət qulluğu haqqında" qanunda təsnifləşdirməklə həmin vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələri üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda birinci vitse-spiker Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, dəyişikliklər miqrasiya orqanlarında qulluqkeçmə və rütbə dərəcələri ilə bağlıdır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Parlamentin spikeri Sahibə Qafarova gündəliyin sonuncu beş məsələsinin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və məzmunca bir-birinə yaxın olduğunu diqqətə çatdırıb.
Spiker bu məsələlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin olduğunu bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə həmin məsələləri təqdim edib. O, qanun layihələri barədə birinci və ikinci oxunuşlar zamanı ətraflı məlumat verildiyini, müzakirələrin aparıldığını, bu dövrdə komitəyə heç bir təklifin daxil olmadığını söyləyib, sənədlərin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Gündəlikdəki son 5 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi