Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və TÜRKPA-nın 15 illiyinə həsr edilmiş konfrans keçirilib
Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) 15 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar, tər güllər düzüblər, xatirəsini dərin ehtiramla yad ediblər. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və parlamentarizm” mövzusunda konfrans Milli Məclisinin deputatı, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü Hikmət Məmmədovun moderatorluğu ilə öz işinə başlayıb.
Konfransda Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədr müavini Bekir Bozdağ, TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Əhliman Əmiraslanov (Ətraf Mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri), Hikmət Məmmədov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər şəxslər çıxış ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və parlamentarizminin inkişafında, türk dövlətlərinin inteqrasiyası, birliyi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində gördüyü böyük işlərdən danışıblar.
Sonra TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, TBMM-in deputatı Osman Mestenin moderatorluğu ilə TÜRKPA-nın 15-ci ildönümünə həsr olunmuş “Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
TBMM-in sədr müavini Bekir Bozdağ, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Fazil Mustafa, Ramil Həsən (TÜRKPA-nın qurucu baş katibi), TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər şəxslər çıxış edərək TÜRKPA-nın keçmişi, bu günü və gələcəyi haqqında fikirlərini bölüşüblər.
Yekunda tədbir iştirakçıları ailə fotosu çəkdiriblər.
Tədbirdə Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvləri, deputatlar Ağalar Vəliyev, Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşır Feyziyev, həmçinin digər türk dövlətlərindən və parlamentlərindən, beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər.