Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirlərini qəbul edib

Sədrin görüşləri
23 noyabr 2023 | 19:13   
Paylaşın:        

Noyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri, onu Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə, habelə regional əməkdaşlıq və nəqliyyat sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçılarının yüksək səviyyəli  qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, siyasi və iqtisadi sahələrdəki sıx əməkdaşlıq humanitar sahədə də əlaqələrin genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Belə əlaqələrin  xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyinə inam ifadə olunub.

İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayan spiker, Milli Məclis ilə Federal Məclis arasında əməkdaşlıq üzrə Parlamentlərarası komissiyanın fəaliyyətinə toxunub, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova müxtəlif vaxtlarda Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə qarşılıqlı səfərlər və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb, bu təmasların parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından vacib olduğunu deyib. Bildirilib ki, sonuncu belə görüş cari ilin 6 noyabr tarixində Bişkekdə keçirilən MDB PA-nın tədbirləri çərçivəsində Federasiya Şurasının sədri Valentina Matviyenko ilə baş tutub və görüşdə parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Cari ilin 15 may tarixində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Rusiyaya etdiyi işgüzar səfərini məmnuniyyətlə xatırlayan Sahibə Qafarova, bu ölkədə keçirilən tədbirləri xalqımızın Ümummilli liderinə göstərilən hörmət və yüksək ehtiramın təzahürü kimi dəyərləndirib.  

Söhbət zamanı regionda yaranmış yeni reallıqlar barədə danışılıb, Azərbaycanın sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğu, bu istiqamətdə atdığı addımlardan bəhs olunub.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov səmimi görüşə görə minnətdarlığını bildirib. O, Rusiya ilə Azərbaycan arasında  bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Parlamentlərarası əməkdaşlığın bu əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını söyləyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

Elə həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Spiker Sahibə Qafarova qonağı səmimi salamlayaraq, onu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Xalqlarımızın tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olduğunu deyən Sahibə Qafarova, Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini deyən Milli Məclisin sədri, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlərin və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdıraraq ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli səfərlərin müstəsna rolunu xüsusi vurğulayıb.

Görüşdə Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstək yüksək qiymətləndirilib, Səudiyyə Ərəbistanın Azərbaycan torpaqlarını işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsi xalqımıza və dövlətimizə göstərilən böyük mənəvi dəstək və qardaşlığın yüksək təzahürü olduğu bildirilib .

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin hərtərəfli inkişafı, xüsusən də iqtisadi, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi imkanlarından söz açan Sahibə Qafarova ölkələrimizin dostluq əlaqələrinin dərinləşdirilməsində ali qanunverici orqanların rolundan danışıb. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakına görə Səudiyyə Ərəbistanı Krallığının parlamentinə təşəkkürünü bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının inkişafı etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

Söhbətdə parlamentlərarası təmasların, iqtisadi münasibətlərin, ticarət əlaqələrimizin təşviqi sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU