Əmək və sosial siyasət komitəsinin iclasında

Komitə iclasları
27 noyabr 2023 | 19:08   
Paylaşın:        

Noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Musa Quliyev gündəlikdəki məsələlərin Büdcə Zərfinə daxil olan 5 qanun layihəsi olduğunu və üçüncü oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Komitə sədri bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə bugünkü iclasa qanun layihələrinin əvvəlki oxunuşlarında qeyd və təkliflərini səsləndirmiş digər komitə üzvləri də dəvət olunublar.

Qanun layihələri barədə fikirlərini açıqlayan Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə qeyd edib ki, Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb. Bu da cari ilin büdcəsinə nisbətən 10,4% çoxdur. O, deyib ki, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların sığorta hissəsinin orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq.

“İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulub. Bu da cari ildən 20,3 milyon manat, yaxud 9,3% çoxdur. Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş) və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verərkən komitə sədri qeyd edib ki, həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılaraq növbəti il üçün 270 manat məbləğində nəzərdə tutulub.

“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri bildirib ki, qanuna təklif edilən dəyişikliklər texnologiyalar parkının rezidenti, onun podratçısı və subpodratçısı, habelə bu şəxslər tərəfindən cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi məqsədi daşıyır.

Layihələrin müzakirəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Rüfət Quliyev, Vahid Əhmədov, Azay Quliyev, Elşən Musayev, Soltan Məmmədov, İlham Məmmədov çıxış ediblər. Onlar qanun layihələri barədə qeydlərini diqqətə çatdırıblar, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin bəzi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

İclasda Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihələrinə dair palatanın rəyini diqqətə çatdırıb.

Sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların həm Büdcə Zərfinin əvvəlki oxunuşlarında, həm də indiki müzakirələrdə qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb, irəli sürdükləri təkliflərə nazirliyin mövqeyini bildirib.

Müzakirələrin sonunda qanun layihələri üçüncü oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Əziz Ələkbərov, Rauf Əliyev, Sevinc Hüseynova, Aqil Məmmədov və Arzu Nağıyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU