İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 aprel 2013 | 01:04   
Paylaşın:        

Aprelin 18-də  Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti  iclası  keçirildi.  Əvvəlcə iclasda  “Gömrük tarifi haqqında” yeni qanun layihəsi müzakirə olundu.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş bu sənəd ölkəmizin iqtisadi və milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Qeyd  olundu  ki, qanuna  əsasən  gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydaları müəyyən ediləcək.
Layihə barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi, general-mayor Mirqasım Vahabov bildirdi ki, sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Qanunun əsas məqsədi idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdır. Sənəddə ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumların tətbiqi məsələsi də dolğun əksini tapıb. Qeyd  olundu ki, bu rüsumların tətbiqi 6 aydan çox  olmamaq  şərti ilə nəzərdə  tutulur. Qanun layihəsində malın gömrük dəyərinin bəyan edilməsi, məlumatın məxfiliyinin qorunması, bəyannaməçinin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiymətini müəyyən etmə üsulları, gömrük rüsumlarından azad etmə və tarif güzəştləri də öz əksini tapmışdır. Sənəddə, həmçinin, bildirilir ki, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın idxalına konkret dövr üçün tarif güzəştləri tətbiq edə bilər.
Bundan başqa, layihədə deyilir ki, gömrükdən keçirilən zaman hər hansı mala gömrük əməkdaşı tərəfindən düzgün olmayan dəyər təklif edilərsə və məhkəmə bəyannaməçinin mövqeyinin düzgün olduğunu təsdiqləyərsə, bəyannaməçiyə dəyən zərər və malın dəyərinə edilən düzəlişlər bunu təklif edən vəzifəli gömrük əməkdaşı tərəfindən ödəniləcək, eyni zamanda həmin əməkdaş intizam məsuliyyətinə cəlb olunacaqdır.
Bu qanuna əsasən müəyyən yükləri daşıyan və eyni zamanda, dənizdə balıq ovlayan Azərbaycan gəmilərinin, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən icarəyə götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat, tədarük malları, yanacaq, ərzaq, dərman və digər məhsullar gömrük rüsumundan qanunla azad ediləcəkdir. Eləcə  də, miqrantların sərhəddən keçərkən şəxsi əşyaları, məişət avadanlığı, əmək fəaliyyəti üçün zəruri olan alətləri də gömrük rüsumundan azad olunur. 
Müzakirələr zamanı komitə sədrinin müavini Çingiz Əsədullayev, deputatlardan Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, İlham Əliyev, Səttar Möhbalıyev, Cavid Qurbanov və digər mütəxəssislər çıxış edərək qanun layihəsinin əhəmiyyətini vurğuladılar. Bildirildi ki, hazırda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması istiqamətində intensiv danışıqlar gedir. Buna  görə də daxili bazarı qorumaq, ixracatı artırmaq üçün ölkədə rəqabət qabiliyyətli məhsullar istehsal olunmalıdır.
Sonra iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” məsələyə baxıldı. Qeyd olundu ki, sənədə edilən dəyişiklik redaktə xarakterlidir.
İclasın  sonunda  hər iki qanun layihəsinin  baxılmaq  üçün Milli Məclisin plenar iclasının  müzakirəsinə çıxarılması  qərara  alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU