Əmək və sosial siyasət komitəsinin iclasında

Komitə iclasları
29 noyabr 2023 | 17:11   
Paylaşın:        

Noyabrın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Musa Quliyev gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini deyib.

Komitə sədri bildirib ki, müzakirəyə təqdim edilən qanun layihəsi Silahlı Qüvvələrimizin daha da güclənməsi, hərbçilərin kadr hazırlığı, təhsili, xidmətkeçmə, sosial müdafiə və pensiya təminatları sahəsində hüquqi bazanın möhkəmlənməsi məqsədi ilə hazırlanıb.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev qanun layihəsinə təklif olunan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verib. O, bildirib ki, qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.

Hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə yönəlik dəyişikliklərdən danışan Arzu Nağıyev qeyd edib ki, sənəddə hərbi qulluqçuların təhsil almaq imkanları genişləndirilir. O, layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsinin gender bərabərliyinin təmininə xidmət etdiyini deyib. Hərbi qulluqçuların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaq üçün qanun layihəsində təsbit olunan müddəaları diqqətə çatdırarkən Arzu Nağıyev vurğulayıb ki, sənəddə dövlət tərəfindən hazırlanmasına zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif edilib.

Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev qanun layihəsinin  hazırlanması prosesindən danışıb. O, vurğulayıb ki, parlamentin müzakirəsinə təqdim olunmuş layihə hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə və onların peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov qanun layihəsinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinin və pensiya təminatının möhkəmləndirilməsinin daha səmərəli təşkilinə imkan yaratdığını bildirib.

Sənədin müzakirəsində deputatlar Rauf Əliyev, Vüqar Bayramov, Aqil Məmmədov, İlham Məmmədov və  Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər, layihə ilə bağlı fikirlərini, qeydlərini bildiriblər.

Müzakirələrə yekun vuran komitə sədri Musa Quliyev layihənin hərbi qulluqçuların təhsil imkanlarının daha da genişləndirilməsinə, onların bilik və bacarıqlardan səmərəli istifadəsinə imkan yaratdığını deyib.

Sonda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Sevinc Hüseynova, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU