Milli Məclisin sədri Sahibə Qafarova Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri ilə görüşüb

Sədrin səfərləri
30 noyabr 2023 | 19:45   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarovanın Milli Məclisin sədri kimi Almaniyaya ilk səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Görüşdə Milli Məclisin sədri regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında da məlumat verib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU