SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 18-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirildi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə üç məsələ daxil edilmişdir. Bunlardan ikisi “Əmək pensiyaları haqqında”, biri isə “Sosial müavinətlər haqqında” Qanunlara dəyişiklikləri nəzərdə tutur.
Dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, “Əmək pensiyaları haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklik ictimai hüquq sahəsində münasibətlərin liberallaşdırılması, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılması, dövlət-şəxs münasibətlərinin sadələşdirilməsi, operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq məqsədi daşıyır. Dəyişikliyə əsasən, tələb olunan sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Əvvəl isə bu müddət 10 gün nəzərdə tutulmuşdu. Digər dəyişikliklər isə həmin qanunların “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununa uyğunlaşdırılması məqsədi daşıyır.
Deputatlar təklif olunan bütün dəyişiklikləri zəruri saydılar və gündəlikdəki hər 3 məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti