İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili müzakirəyə 14 məsələnin – “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşda, habelə bir sıra digər qanun layihələrinin təqdim edildiyini söyləyib.
Komitə sədri 2024-cü il üçün dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan qanun layihələrinin birinci və ikinci oxunuşda geniş müzakirə olunduğunu qeyd edib. O, keçən dövr ərzində dövlət başçısının bir sıra fərman və sərəncamlar imzaladığını, habelə deputatlar tərəfindən bəzi təkliflərin səsləndirildiyini nəzərə alaraq, dövlət büdcəsində müəyyən dəyişikliklərin edilməsi zərurəti yarandığını bildirib. Üçüncü oxunuşda təqdim olunan layihədə həmin dəyişikliklərin əks olunduğunu deyib.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, bildirib ki, hazırda 2024-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və makrofiskal uyğunluğun təmin edilməsi məsələləri prioritet təşkil edir. Qeyd olunub ki, büdcə layihəsində xərc istiqamətləri üzrə Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, sərhədlərin bərpası və mühafizəsinin daha da gücləndirilməsi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın fəallaşdırılması məsələləri əsas prioritetlər kimi müəyyən edilib. Bununla yanaşı, dövlətin əsas funksiyalarının həyata keçirilməsi, sosial müdafiə, elm, təhsil, səhiyyə sahələrində aparılan islahatların davam etdirilməsi ilə bağlı büdcə layihəsində vəsait nəzərdə tutulub.
Nazir həm orta müddətli, həm uzun müddətli büdcə dayanıqlığının təmin edilməsi baxımından, 2024-cü ilin dövlət və icmal büdcələrinin göstəricilərinin dəyişdirilmədən, yəni dövlət büdcəsi gəlirlərinin 34 milyard 173 milyon manat, xərclərinin 36 milyard 763 milyon manat, kəsirinin 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirlərinin 38 milyard 998 milyon manat, xərclərinin 42 milyard 376 milyon manat, kəsirinin 3 milyard 379 milyon manat məbləğlərinin saxlanılmasının vacibliyini söyləyib. O, büdcə layihəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yarandığını və bunun mövcud xərclər çərçivəsində öz həllini tapdığını deyib.
Sonra Samir Şərifov dövlət büdcəsi layihəsi ilə bağlı aparılan dəyişikliklər barədə məlumat verib. O, diqqətə çatdırıb ki, Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin 9-cu maddəsinə həmin rayonun adının əlavə edilməsi nəzərdə tutulub. Bununla yanaşı, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq olunmuş Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsinə uyğun olaraq Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manatın Agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulan 507,1 milyon manat vəsaitdən azaldılaraq elm xərcləri bölməsinə yönəldilməsi təklif olunur.
Nazir cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin və Laçın rayonunun yerli xərclərində bəzi texniki düzəlişlərin edilməsinə ehtiyac olduğunu deyib. O, qeyd edib ki, Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon manat, Laçın rayonunun yerli xərclərinin isə 100 min manat artırılması planlaşdırılır.
Bildirilib ki, qeyd olunan dəyişikliklər nəzərə alınaraq, təqdim olunmuş qanun layihəsinin 7.1-ci maddəsində Ümumi dövlət xidmətləri bölməsi üzrə 4 milyard 814 milyon 934 min 382 manat rəqəmi 4 milyard 822 milyon 234 min 382 manat rəqəmi ilə, 7.8-ci maddəsində Mənzil və kommunal təsərrüfatı bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi 367 milyon 83 min 119 manat rəqəmi ilə, 7.9-cu maddəsində Kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə, 7.10-cu maddədə Ətraf mühitin mühafizəsi bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi 376 milyon 872 min 901 manat rəqəmi ilə, 7.12-ci maddədə Əsas bölmələrə aid edilməyən xərclər bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz olunur.
Təqdimatda büdcə zərfində inzibati təsnifata uyğun olaraq xərclərin mövcud maddələr üzrə bölgüsündə nəzərdə tutulan bir sıra dəyişikliklər barədə də məlumat verilib.
Büdcə zərfinə daxil olan məsələlər də nəzərdən keçirildikdən sonra, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında”, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Tahir Mirkişili gündəlikdəki digər məsələlər barədə məlumat verib.
Komitə sədri “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edərək sənəddə bir sıra düzəlişlərin edildiyini bildirib. O, diqqətə çatdırıb ki, 5.1-ci maddəyə əsasən strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir. Təklif olunur ki, bu siyahı yalnız strateji əhəmiyyətli malların adlarını deyil, eyni zamanda həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmlərini də əks etdirsin. Bu məqsədlə “strateji əhəmiyyətli malların siyahısı” sözlərindən sonra “həmin malların, o cümlədən onların bir hissəsinin ölkə üzrə tələb olunan minimal həcmi də əks olunmaqla” sözləri əlavə edilir. Həmin düzəlişə uyğun olaraq 5.2-ci maddəyə də müvafiq düzəliş edilir.
6.1.2-ci maddəyə təklif olunan düzəlişə əsasən, strateji və fövqəladə ehtiyatların tədarükü və təchizatçıların seçilməsi sahəsində dövlətin vəzifələrinin səfərbərlik ehtiyatlarına da şamil edilməsi təmin olunur.
Habelə, təklif olunur ki, ehtiyatların saxlanıldığı yerlərə baxış keçirmək hüququ məsul qurumun istənilən işçilərinə deyil, müvafiq səlahiyyətə malik nümayəndələrinə həvalə edilsin. Bunun üçün 12.3-cü maddədə “işçiləri” sözü “müvafiq səlahiyyətli nümayəndələri” sözü ilə əvəz edilir.
Qeyd olunub ki, bununla yanaşı, qanun layihəsində dəqiqləşdirici və texniki xarakterli düzəlişlər də edilib.
Komitə üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Aydın Hüseynov məsələ ilə bağlı fikir və qeydlərini, təkliflərini səsləndiriblər. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra Tahir Mirkişili “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
O, bildirib ki, layihədə adları qeyd olunan qanunlara təklif edilən dəyişikliklər “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, “Dövlət ehtiyatları haqqında” qanunla tənzimlənən məsələlər müvafiq qanunlardan çıxarılır, habelə bir sıra terminlərin dəqiqləşdirilməsi həyata keçirilir.
Komitə sədri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatında layihədə bəzi dəyişikliklərin edildiyini söyləyib.
Qeyd olunub ki, sənəddə bir neçə anlayışın mətninə dəqiqləşdirici xarakterli düzəlişlər edilir, 1.1.4-cü maddədə “maddi və qeyri-maddi nemətlər” ifadəsi “maddi və ya qeyri-maddi əmlak” ifadəsi ilə əvəz edilir. Qiymətləndirmə fəaliyyətinin istiqamətləri konkretləşdirilərək bir neçə fəaliyyət istiqaməti bir ümumi bənddə təqdim olunur. Qanunun tətbiqi “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanuna uyğun olaraq qiymətli metal külçələrinin qiymətləndirilməsi zamanı istisna edilir. 12.1.7-ci maddədə “qərəzsiz, düzgün” sözləri “obyektiv” sözü ilə əvəz olunur. QHT-lərdə üzvlük könüllü xarakter daşıdığı üçün 18.3-cü maddədə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna istinad ləğv edilir. 20.1-ci maddəyə təklif edilən düzəlişlə ümumi yığıncağın üzvlərinə səsvermənin formasını (açıq və ya gizli) müstəqil müəyyən etmək imkanı verilir. Qanun layihəsində, həmçinin, dəqiqləşdirici və bəzi texniki düzəlişlər də edilib.
Sonra Tahir Mirkişili üçüncü oxunuşda təqdim olunan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinə edilən dəyişikliklər barədə danışıb.
O, diqqətə çatdırıb ki, qanunun 2024-cü il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. 15.6-cı maddədə “müvafiq bazarın sərhədlərinin” ifadəsinin “müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin” ifadəsi ilə əvəzlənməsi təmin olunur. Bir sıra maddələrdə “rəqibin təsərrüfat fəaliyyəti” ifadəsi “rəqibin sahibkarlıq fəaliyyəti” ifadəsi ilə əvəz edilir. 43.1.2-ci maddədə “dərc olunan” sözlərindən sonra “(yayımlanan)” sözü əlavə edilir. Hal şahidlərinin iştirakı adlanan 54-cü maddə yeni redaksiyada verilir. Yenilənmiş mətndə bildirilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallarda yoxlama keçirərkən rəqabət orqanı tərəfindən baxış və götürmə fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Baxış və götürmə haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunur.
Qeyd edilib ki, Məcəlləyə 60.2-ci maddə əlavə edilir. Əlavəyə əsasən, rəqabət orqanı tərəfindən aparılan araşdırma və ya yoxlama çərçivəsində barəsində araşdırma aparılan bazar subyektinin hərəkətlərində bu Məcəllənin 77.1.1-ci maddəsində qeyd edilən qanun pozuntusu aşkar edildikdə, bazar subyektinə həmin pozuntunun mahiyyəti izah edilir və onun aradan qaldırılması üçün 10 gün vaxt müəyyən edilir. Pozuntunun könüllü aradan qaldırılması ilə bağlı əlavə vaxt tələb olunduğu halda bazar subyektinin müraciəti əsasında rəqabət orqanının qərarı ilə bu Məcəllənin 60.1-ci maddəsi tətbiq edilir. 77.2.3-cü maddədə “nisbi hökmran mövqe” ifadəsi “nisbətən yüksək bazar gücü” ifadəsi ilə əvəz edilir. Bununla yanaşı, qanun layihəsində dəqiqləşdirici, redaktə və üslub xarakterli düzəlişlər də nəzərdə tutulub.
Komitə üzvləri bu qanun layihələrini də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi