Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda qəbul edilib
Dekabrın 5-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Spiker Sahibə Qafarova gündəliyə keçməzdən əvvəl deputatlara Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin noyabrın 29-30-da Almaniya Federativ Respublikasına və noyabrın 30-dan dekabrın 2-dək Çex Respublikasına rəsmi səfərləri barədə qısa məlumat verib.
Spiker qeyd edib ki, Almaniya səfəri çərçivəsində nümayəndə heyətinin iştirak etdiyi ilk tədbir Berlin Qalereyasında “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı fotosərgi ilə tanışlıq oldu.
Həmçinin nümayəndə heyətimiz Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzində olub və rəsmi səfərlə bağlı Mərkəzdə təşkil olunan qəbulda iştirak edib. Sahibə Qafarova deyib ki, o, qəbulda etdiyi çıxışda xalqımızın çoxəsrlik dövlətçilik tarixi, Azərbaycanın müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə məlumat verib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementləri sırasında beynəlxalq hüquq normalarına və prinsiplərinə hörməti, dialoqu, həmrəyliyi və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqini qeyd edib.
Milli Məclisin sədri bildirib ki, səfər zamanı Almaniya Bundestaqının sədri xanım Barbel Bas ilə, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri cənab Vadephul ilə, dostluq qrupunun üzvləri ilə və Azərbaycan-Almaniya Forumunun üzvləri ilə də görüşlər keçirilib.
Milli Məclisin nümayəndə heyətinin Çex Respublikasına rəsmi səfərinin gedişində parlamentin Deputatlar Palatasının sədri xanım Marketa Pekarova Adamova, Senatın sədri cənab Miloş Vıstrçil, xarici işlər naziri cənab Yan Lipavski, habelə Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Kubik və qrupun üzvləri ilə görüşlər olub.
Hər iki ölkədə aparılan söhbətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin önəmi qeyd edilib. Bildirilib ki, qanunvericilik orqanları arasında əməkdaşlıq digər məsələlərlə yanaşı, iki ölkənin ictimaiyyətinə obyektiv informasiyanın çatdırılmasına, həqiqətdən uzaq məlumatların yayılmasının qarşısının alınmasına xidmət edir.
Spiker deyib ki, həm Almaniya Federativ Respublikasına, həm də Çex Respublikasına rəsmi səfərlər zamanı keçirilən bütün görüşlərdə həmsöhbətlərə Cənubi Qafqaz bölgəsində mövcud olan vəziyyət barəsində ətraflı məlumat verilib. Ermənistanın siyasi və hərbi təxribatları, bu ölkənin son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri diqqətə çatdırılıb.
Görüşlər zamanı spiker Sahibə Qafarova qeyd edib ki, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələr də vurğulanıb.
Görüşlərdə spiker beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlarla əlaqədar bildirib ki, bəzi dövlətlər barəsində qəbul edilən qərarlar dərhal icra olunduğu halda, müəyyən hallarda beynəlxalq hüquqa məhəl qoyulmadığı müşahidə edilir. Bu xüsusda Azərbaycan misal gətirilib. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. BMT-nin Təhlükəsizlik Şurası başda olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.
Milli Məclisin sədri qeyd edib ki, Fransa başda olmaqla bəzi ölkələrin və onların parlamentlərinin regiondakı reallıqları təhrif edən, tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatları uzunmüddətli və möhkəm sülh yaradılması səylərinə xələl gətirir.
Görüşlərdə sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zəruriliyi vurğulanıb. Spiker nəzərə çatdırıb ki, dövlətimiz regionda daimi sülhün təmin olunmasını istəyir və bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.
Aparılan söhbətlərdə, həmçinin Azərbaycanın əlverişli investisiya mühiti, müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, bərpa olunan enerji sahəsində gördüyü işlər diqqətə çatdırılıb.
Milli Məclisin sədri çıxışının sonunda Almaniya Federativ Respublikasına və Çex Respublikasına rəsmi səfərlərin uğurlu keçdiyini qeyd edib və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinə öz minnətdarlığını bildirib.
Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 22 məsələ daxil edilib və bu məsələlərin 12-si dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. O, qeyd edib ki, bu qanun layihələrinə üçüncü oxunuşda baxılacaq. Spiker gündəliyin 1-ci məsələsinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu deyib.
Məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O, bildirib ki, 2024-ci ilin dövlət büdcəsi layihəsi 1 aydan çoxdur ki, Milli Məclisin komitələrində və plenar iclaslarında geniş və ətraflı müzakirə edilir. Maliyyə və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri və nümayəndələri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumat veriblər və müzakirələrdə aktiv iştirak ediblər.
Tahir Mirkişili 2024-cü il üçün dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında 2-ci oxunuşda qəbul edilmiş layihəsinə bir sıra dəyişikliklərin edildiyini və 3-cü oxunuşda təqdim olunan layihədə bu dəyişikliklərin öz əksini tapdığını bildirib. O, qeyd edib ki, növbəti ilin dövlət büdcəsinə dair qanun layihəsi Milli Məclisdə müzakirə olunduğu ərəfədə dövlət büdcəsindən maliyyələşən bir sıra qurumların əsasnamələrinin təsdiqi, bəzi təşkilatların strukturlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən müvafiq fərmanlar imzalanıb və tapşırıqlar verilib. Eyni zamanda, sənədin müzakirələri zamanı Milli Məclisin deputatları bir sıra təkliflərlə çıxış ediblər. Bununla əlaqədar olaraq 2024-cü ilin dövlət büdcəsinin xərcləri çərçivəsində qanun layihəsində bəzi dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunur.
Sonra komitə sədri qanun layihəsində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin 9-cu maddəsinə həmin rayonun adı əlavə edilir. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yeni yaradılmış “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait Agentliyin əsas fəaliyyəti üçün “Kənd təsərrüfatı” xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən 7,3 milyon manat azaldılaraq, həmin tədbirin maliyyə təminatı üçün “Elm xərcləri” bölməsinə yönəldilir. Qeyd olunub ki, 2023-cü ildə minimum əmək haqqının artımı ilə bağlı əlavə olaraq Bakı şəhərinin yerli xərcləri 2,3 milyon manat, Laçın rayonunun yerli xərcləri isə 100 min manat artırılır.
Bildirilib ki, təklif olunan dəyişikliklər nəzərə alınaraq, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin 7.1-ci maddəsində “Ümumi dövlət xidmətləri” bölməsi üzrə 4 milyard 814 milyon 934 min 382 manat rəqəmi 4 milyard 882 milyon 234 min 382 manat rəqəmi ilə, 7.8-ci maddəsində “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi 367 milyon 83 min 119 manat rəqəmi ilə, 7.9-cu maddəsində “Kənd təsərrüfatı” bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə, 7.10-cu maddəsində “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi 376 milyon 872 min 901 manat rəqəmi ilə, 7.12-ci maddəsində “Əsas bölmələrə aid edilməyən xərclər” bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz edilir.
Tahir Mirkişili təqdim olunmuş büdcə zərfində inzibati təsnifata uyğun olaraq bəzi dəyişikliklərin də edilməsi üçün zərurət yarandığını söyləyib. O, nəzərə çatdırıb ki, Elm və Təhsil Nazirliyinin strukturunda aparılmış dəyişikliyə uyğun olaraq Nazirlik yanında yeni yaradılmış Elm və Ali Təhsil və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliklərinin maliyyə təminatı üçün müvafiq olaraq tələb olunan 1,9 milyon manat və 17,2 milyon manat vəsait yönəldilir. Qeyd edib ki, Dövlət Su Ehtiyatları Agentliyinin və Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin aparatlarının saxlanılması üçün müvafiq olaraq tələb olunan 5,9 milyon manat və 3,6 milyon manat vəsait bu məqsəd üçün əvvəlcədən büdcədə bloklanmış ehtiyat vəsait hesabına tənzimlənir. Milli Məclisin 2024-cü il üçün xərcləri 252,5 min manat artırılır. Bu artım ölkədaxili ezamiyyətlər, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, nəqliyyat vasitələrinin əsaslı təmiri və digər tədbirlər üçün nəzərdə tutulur. Həmin xərclər də dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq.
Komitə sədri bildirib ki, qeyd olunan dəyişikliklər nəzərə alınaraq, 2024-cü ilin dövlət və icmal büdcələrinin ümumi göstəriciləri dəyişdirilmədən, müzakirəyə təqdim edilən layihədə olduğu səviyyədə, yəni dövlət büdcəsinin gəliri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, müvafiq olaraq icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat məbləğində saxlanılır.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsinin plenar iclaslarda birinci və ikinci oxunuşları zamanı 73 deputat fikrini bildirib, deputatların bütün çıxışları, o cümlədən yazılı şəkildə təqdim etdikləri 22 çıxış aidiyyəti üzrə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə göndərilib.
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin spikeri gündəliyin növbəti 2-ci və 3-cü məsələlərinin “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” (üçüncü oxunuş) və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihələri olduğunu söyləyib.
Məsələlərlə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O, bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır və bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur. İşsizlikdən Sığorta Fondunun 2024-cü ildə gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur və bu da cari ildəkindən 20,3 milyon manat yaxud 9,3 faiz çoxdur.
Musa Quliyev sənədlərin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı deputatların bəzi məsələlərlə bağlı qeydlər səsləndirdiklərini deyib. O, çıxış edən deputatların komitə iclasına dəvət olunduğunu, aidiyyəti qurumların nümayəndələrinin iştiraki ilə geniş və məhsuldar müzakirələrin aparıldığını, qaldırılan məsələlərə aydınlıq gətirildiyini, hər iki məsələnin komitədə dəstəkləndiyini, layihələrin mətnlərində dəyişiklik edilmədiyini söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu sənədlər barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra, hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin növbəti məsələsi - “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, qanun layihəsi 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə 246 manatdan 270 manata artırılmasını, digər kateqoriyalar üzrə də müvafiq artımları nəzərdə tutur.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu komitənin layihə barədə müsbət rəy verdiyini bildirdikdən sonra, sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra komitə sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 246 manatdan 270 manata qaldırılır və bu, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin sənəd barədə müsbət rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, sənəddə nəzərdə tutulan dəyişikliklər barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verildiyini, üçüncü oxunuş üçün təqdim edilən layihəyə bəzi əlavə və dəyişikliklər edildiyini söyləyib. Dəyişikliklərin məqsədinin sahibkarlıq mühitinin daha da inkişaf etdirilməsi, istehsalın dəstəklənməsi, sahibkarlara güzəştlərin edilməsindən ibarət olduğunu deyib.
Komitə sədri bildirib ki, mövcud qanunvericilikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olan vergi ödəyicilərinin bu sanksiyaları ödəməsi üçün vergi orqanları tərəfindən onun bank hesablarına müvafiq sərəncamlar göndərilir. Təklif olunan dəyişikliyə əsasən, hər hansı hesabda və ya bankda sərəncamın birinin icra olunması həmin sahibkarların müraciəti əsasında dövlət vergi orqanları tərəfindən digər sərəncamların bir gün ərzində geri çağırılmasını tələb kimi göstərir.
O, növbəti dəyişikliyin ölkədə müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və satışı ilə bağlı onların əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar olduğunu və uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.
Digər dəyişikliyi diqqətə çatdıran komitə sədri qeyd edib ki, mövcud qanunvericiliyə görə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası üçün onların problemli aktivlərinin 2019-cu ildən 5 il müddətinə əmlak vergisindən (bu müddət 2024-cü il yanvarın 1-də başa çatır) və müddətsiz olaraq torpaq vergisindən azad olunması müddəası mövcuddur. Təklif olunan dəyişikliyə əsasən, həmin aktivlər üzrə əmlak vergisindən azadolma daha 2 il müddətinə uzadılır, torpaq vergisi üzrə müddət də dəyişdirilərək 2026-cı ilin yanvarın 1-də başa çatır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, sənədin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini, birinci və ikinci oxunuşlar zamanı aparılan müzakirələrdə hər hansı təklifin daxil olmadığını söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu sənəd barədə müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra komitə sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, layihə nağdsız əməliyyatların dəstəklənməsi məqsədi ilə hazırlanıb, birinci və ikinci oxunuşdan sonra komitəyə hər hansı təklif daxil olmayıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Tahir Mirkişili daha sonra “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, qeyd edib ki, sənəd sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələblərinin ödənməsi ardıcıllığını müəyyən edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda komitə sədri Tahir Mirkişili “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini də təqdim edib. O, bildirib ki, layihə banklar müflis olduqda onların kreditorları qarşısında borclarını ödəməyinin növbəliyini müəyyən edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, bildirib ki, layihədə təklif olunan dəyişiklikdə texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı da məlumat verib. Qeyd olunub ki, sənəd müəyyən sahələrdə mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə onların gömrük rüsumlarından azad edilməsini ehtiva edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bununla da büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib və çıxış üçün sözü Baş nazir Əli Əsədova verib.
İclasda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov spiker Sahibə Qafarova başda olmaqla Milli Məclisin rəhbərliyinə öz adından və hökumət üzvləri adından büdcə müzakirələrinin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.
O, bildirib ki, deputatlar istər plenar, istərsə də komitə iclaslarında büdcə müzakirələrində çox fəal iştirak ediblər və cəmiyyətimizi narahat edən məsələləri qaldırıblar. Bu suallar aidiyyəti qurumların rəhbərləri tərəfindən cavablandırılıb.
Baş nazir qeyd edib ki, bununla yanaşı, ötən il büdcə müzakirələri zamanı millət vəkillərinin qaldırdıqları bir çox məsələlər bu il ərzində öz həllini tapıb.
Əli Əsədov diqqətə çatdırıb ki, təməli Ulu Öndər tərəfindən qoyulmuş xarici və daxili siyasət kursu bu gün möhtərəm cənab Prezident tərəfindən müasir dünyanın çağırış və tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradılıb.
Baş nazir qeyd edib ki, 2024-2027-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə əsaslanaraq hazırlanıb. Post-pandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, geosiyasi vəziyyət, beynəlxalq maliyyə mühitində sərtləşmələr ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır.
Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir.
2024-cü ilin makroiqtisadi çərçivəsi də ölkə iqtisadiyyatının real artımı, məqbul inflyasiya səviyyəsi və profisitli tədiyə balansı ilə proqnozlaşdırılır. Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.
Baş nazir bildirib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qoyulmuş hədəflərin, Böyük Qayıdışa dair I Dövlət Proqramının və hərbi xərclərin maliyyə öhdəliyi büdcə xərclərinin miqyasına əhəmiyyətli təsir edir. Əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25% idisə, 2024-cü ildə 31%-ə yüksəlib və xərclərin həcmi 2 dəfədən çox artıb.
2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat çoxdur.
2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75%-i keçib. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artıb.
Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-də payı 2,2 faiz proqnozlaşdırılır.
Bütövlükdə isə 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, icmal büdcənin xərcləri 42 milyard 376 milyon manat proqnozlaşdırılır.
Baş nazir diqqətə çatdırıb ki, makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman Strategiyada ortamüddətli dövrdə iqtisadi artımla bağlı müəyyənləşdirilmiş hədəflər nəzərə alınıb. Belə ki, iqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9%, həmçinin qeyri-neft sektoru üzrə 4,8% nəzərdə tutulub.
2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4% olub, illik inflyasiya 2,6% təşkil edib.
Eyni zamanda, Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülür.
2024-cü ilin dövlət büdcəsi xərclərinin 43%-i, büdcənin cari xərclərinin isə 70 faizi sosialyönlü xərclərdir (15,8 mlrd. manat). 2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artıb. Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində mühüm işlər görülüb. Möhtərəm Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edirlər.
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Baş nazir qeyd edib ki, artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir.
Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.
Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur.
Növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur.
Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar və Heydər Əliyev Fondunun dəstəyi ilə son 20 il ərzində 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir. Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30% azalıb.
Baş nazir bildirib ki, bir neçə gün əvvəl noyabrın 28-də dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi də cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.
Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı da tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir.
Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaqdır.
Baş nazir qeyd edib ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırıb. Bu baxımdan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir. Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir.
Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib.
Baş nazir onu da deyib ki, 2024-cü ilin dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 890,4 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına isə 249 milyon manat vəsait nəzərdə tutulub.
Ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması və Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması da təmin olunacaqdır.
Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcəkdir. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir.
Baş nazir çıxışının sonunda bildirib ki, büdcə müzakirələri zamanı qaldırılan bütün məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.
Parlamentin spikeri Sahibə Qafarova Milli Məclisin iclaslarında iştirak etdiklərinə görə Baş nazir Əli Əsədova və hökumət üzvlərinə öz təşəkkürünü bildirib, onlara dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrası, ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə dəyərli fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra parlament sədrinin birinci müavini Əli Hüseynli gündəliyin növbəti iki məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri olduğunu qeyd edib. O, bu məsələlərlə bağlı məlumatın əvvəlcədən verildiyini, bu gün isə səsvermənin həyata keçirildiyini söyləyib.
Milli Məclisin hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin 15-ci məsələsi olan “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarıb. O, bildirib ki, hökumətlərarası sənəd olduğuna görə qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, bir oxunuşda baxılıb qəbul ediləcək və məsələyə dair məlumat vermək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirova söz verib.
Deputat Elman Nəsirov bildirib ki, 18 iyun 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş bağlanıb. Həmin Sazişə uyğun olaraq, iki ölkə arasında gediş-gəlişin və səyahətlərin tənzimlənməsi məqsədilə 22 avqust 2023-cü il tarixdə Protokol imzalanıb. Edilən dəyişikliklərə əsasən, tərəflərin ərazisinə gələn vətəndaşlar olduqları tərəfin dövlətinin səlahiyyətli qurumlarında uçota salınma öhdəliyindən azad olunurlar. 15 təqvim günündən artıq qaldıqda isə, həmin vətəndaşlar olduğu ölkənin milli qanunvericiliyinə uyğun olaraq səlahiyyətli qurumlarda qeydiyyatdan keçməlidirlər.
Layihə ilə bağlı deputat Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri cənab Prezidentin bir məktubu ilə Mili Məclisə daxil olub və mahiyyətcə də bir-biri ilə bağlıdırlar. Spiker bildirib ki, qanun layihələri inzibati ərazi bölgüsü ilə bağlı olduğu üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə, bir oxunuşda baxılacaq və qəbul ediləcək. Parlamentin sədri təklif edib ki, layihələr barədə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ümumi məlumat verəndən sonra sənədlərin müzakirəsi bir yerdə, səsverməsi ayrı-ayrılıqda keçirilsin.
Komitə sədri Siyavuş Novruzov müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, nəzərə çatdırıb ki, qanun layihəsinə əsasən, 1660,83 kv.km ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək. Komitə sədri Ağdərə rayonunun tarixi barədə qısa məlumatı da diqqətə çatdırıb.
Sonra Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini təqdim edib. O, bildirib ki, hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılmasının və istifadəsinin, burada yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkilini şərtləndirir. Layihədə adları sadalanan rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilməklə onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv olunmasından ibarət müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Siyavuş Novruzov parlamentin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə adları çəkilən rayonları təmsil edən deputatların da iştirakı ilə məsələlərin geniş müzakirə edildiyini söyləyib.
Qanun layihələrinin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Nigar Arpadarai, Fəzail Ağamalı, Elnur Allahverdiyev, Fazil Mustafa, Aqil Abbas çıxış edərək sənədlərlə bağlı fikirlərini və qeydlərini səsləndiriblər.
Müzakirədən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Sonra gündəliyin 18-ci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Komitə sədri bildirib ki, sözügedən qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2024-cü il yanvarın 1-nə kimi qüvvədədir. Bu baxımdan əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi, sistemin formalaşması məqsədi ilə qanun layihəsində dəyişiklik təklif olunub. Dəyişikliklərə əsasən, qanunun qeyd olunan maddələrində icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin 2025-ci ilin 1 yanvar tarixinə qədər təxirə salınması nəzərdə tutulub.
Layihə ilə bağlı deputat Rüfət Quliyevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul olunub.
Spiker Sahibə Qafarova gündəliyin növbəti üç məsələsinin üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu bildirib və gündəliyin 19-cu məsələsi ilə bağlı məlumat vermək üçün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova söz verib.
İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən deputat Nizami Səfərov sənədin üçüncü oxunuşa dəyişiklik edilmədən təqdim olunduğunu bildirib və həmkarlarından sənədə səs vermələrini xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Növbəti məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Komitə sədri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşa hazır olduğunu bildirib və sənədin səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra spiker Sahibə Qafarova gündəliyin 21-ci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb. Layihə ilə bağlı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin sənəddə təklif olunan dəyişikliklərə müsbət rəy verdiyini bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də layihəyə rəhbərlik etdiyi komitədə baxıldığını və komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin birinci oxunuşda təqdim olunan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, məsələnin müzakirəsi ilə bağlı iclasda müvafiq qurumların nümayəndələrinin iştirak etdiyini söyləyib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu qanun layihəsi barədə məlumat verib. O, qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Nəzərə çatdırılıb ki, dövlət vəsaiti hesabına təhsil almış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrini gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.
Layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsini nəzərdə tutan dəyişikliyin gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi baxımından məqsədəmüvafiq olduğu bildirilib.
Qeyd edilib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
Diqqətə çatdırılıb ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Qeyd olunub ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövr üçün qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif olunur.
Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğu deyilib. Bildirilib ki, sənədə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb. O, ordunun bilikli, peşəkar, təcrübəli kadrlarla təmin edilməsinin əhəmiyyətini, bu kadrların yetişdirilməsi üçün lazımı şəraitin yaradılmasının vacibliyini qeyd edib. Təqdim olunan qanun layihəsinin ordumuzun daha da gücləndirilməsi, ölkənin Silahlı Qüvvələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, hərbçilərin təhsil, xidmətkeçmə, sosial müdafiə və pensiya təminatı sahələrində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını söyləyib.
Məsələ ətrafında müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Etibar Əliyev, Rəşad Mahmudov çıxış ediblər, fikir və qeydlərini səsləndiriblər.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi