Azərbaycan və Efiopiyanın parlamentlərarası dostluq qruplarının görüşü keçirilib

Tədbirlər
06 dekabr 2023 | 18:04   
Paylaşın:        

Dekabrın 6-da Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu  üzvlərinin Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Azərbaycanla Parlament Diplomatiya və Dostluq qrupunun sədri xanım Bethelhem Lakyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rəşad Mahmudov qonaqları salamlayaraq, iki ölkə arasında münasibətlərin genişləndiriməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolundan bəhs edib. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin göstərilməsindən söhbət açıb.

Millət vəkili regionda yaranmış yeni reallıqlar barədə məlumat verib, Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini, hazırda bu ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirib.

Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai Azərbaycanın öz torpaqları uğrunda apardığı Vətən müharibəsi, son dövrlərdə həyata keçirilən uğurlu lokal antiterror tədbirləri barədə danışıb.

Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Azərbaycanla Parlament Diplomatiya və Dostluq qrupunun sədri Bethelhem Lakyu səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini deyib. Qonaq qanunvericilik orqanları arasında münasibətlərin möhkəmləndirilməsinin, parlamentlərarası dostluq qruplarının əlaqələrinin intensivləşdirilməsinin vacibliyini, bu baxımdan qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.

Efiopiya nümayəndə heyətinin üzvləri Vondimu Tekle Siqo, Tofiq Abdullahi Əhməd iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.

Söhbətdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın inkişafı  ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU