MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
19 aprel 2013 | 06:04   
Paylaşın:        

Aprelin 19-da Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdəki birinci məsələ İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov layihə barədə məlumat verdikdən sonra idman federasiyaları tərəfindən Yusif Babanlının, dini konfessiyalar tərəfindən Fuad Nurullayevin, yaradıcılıq təşkilatları tərəfindən isə Zemfira Qafarovanın namizədlikləri səsə qoyularaq təsdiq edildi.
Sonra deputatlar "MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması haqqında" 1999-cu il 13 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə" Protokolu, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannaməni, iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişi, "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləni, o cümlədən Azərbaycan Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişləri təsdiq etdilər.
İclasda Azərbaycan Hökuməti və Sloveniya Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında, həmçinin xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haqqında, Çin Xalq Respublikası Hökuməti ilə Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişlər də səsə qoyularaq təsdiq edildi.  Bildirildi ki, bu beynəlxalq sənədlər ölkəmizin xarici əlaqələrinin inkişafına xidmət edəcəkdir.
İclasda millət vəkilləri Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrinə, "İnsan alverinə qarşı mübarizə haqqında", “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlara da dəyişikliklər etdilər.
Bundan başqa, iclasda “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Əsasnamə"yə, "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamələrə, həmçinin 1994-cü il 8 fevral tarixli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə də dəyişikliklər edildi.
Gündəlikdəki növbəti 9 məsələ barədə danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 2014-cü ildə ölkəmizdə yeni nəsil pasportların tətbiqinə hazırlıqla əlaqədar Mülki Prosessual və İnzibati Xətalar Məcəllələrinə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunlara, o cümlədən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında"  Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi təklif olunur. Həmçinin yeni nəsil pasportların tətbiqi ilə əlaqədar "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunun tətbiqi haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanununun tətbiqi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Milli Məclisin 1994-cü il 29 noyabr tarixli Qərarı, "Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında" Milli Məclisin 1995-ci il 13 iyun tarixli Qərarı, "Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportlarının nümunələrinin təsdiq edilməsi haqqında" Milli Məclisin 1995-ci il 13 iyun tarixli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə 1997-ci il 14 noyabr tarixli Qanun ləğv edilir. Bildirildi ki, qanunlara ediləcək bu dəyişikliklər vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Buradakı mütərəqqi amillərdən biri də odur ki, yeni qaydalar qüvvəyə mindikdən sonra 15 yaşına çatmış ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi ala biləcəklər və şəxsiyyət vəsiqələrinin verilməsi müddəti üç dəfə azaldılaraq 10 gün təşkil edəcək. Çıxış edən deputatlar dəyişikliklərin mühüm əhəmiyyətə malik olduğunu vurğuladılar, məsələ barədə fikirlərini bildirdilər. Müzakirələrdən sonra 9 məsələ ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna təklif olunan dəyişikliklər də müzakirə edildi. Məsələ barədə məlumat verən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli diqqətə çatdırdı ki, dəyişiklik qüvvəyə mindikdən sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək və onlar həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürüləcəklər. Deputatlar bu dəyişikliyin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini gücləndirəcəyini qeyd edərək, layihəni təsdiqlədilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU