Milli Məclisin deputatları Türkiyədə səfərdədirlər

Tədbirlər
14 dekabr 2023 | 12:01   
Paylaşın:        

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Ramin Məmmədov və Anar İsgəndərovu qəbul edib.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) qərargahında keçirilən görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım da iştirak ediblər.

 

*****

 

Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı Ankarada anım tədbiri təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Bilkənd Universitetində keçirilən tədbirdə Azərbaycan və Türkiyədən çox sayda deputat, Türkiyənin dövlət rəsmiləri, hərbçilər, ziyalılar, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafına göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edən qısa film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Bilkənd Universitetinin rektoru professor Kürşad Aydoğan Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi misilsiz töhfədən danışıblar.

Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov çıxışında Ulu Öndərin Türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni vurğulayıb.

O, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi ilə əldə edilən şanlı Zəfərlə Ümummilli Liderimizin ən böyük arzusu olan Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək hazırkı müstəqil və qüdrətli Azərbaycanın Ümummilli Liderin ən böyük əsəri olduğunu ifadə edib.

Çıxışlarda Ulu Öndərimizin Bilkənd Universitetinin qurucusu olan İhsan Doğramacı ilə yaxın dostluq münasibətlərinə toxunularaq, anım gününün məhz bu ali təhsil müəssisəsində təşkil olunmasının əhəmiyyəti qeyd edilib.

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU