Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri Naser Burita ilə görüşüb.
Nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür.
Görüşdə ölkələrimizin ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd edilib. Nazir Naser Burita Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi münasibətilə təbriklərini çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımızın oxşar dəyərləri bölüşdüyünü qeyd edərək, Azərbaycan və Mərakeşin qardaş ölkələr olması fikrini təsdiqləyib və bu qardaşlığın hərtərəfli tərəfdaşlığa doğru inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Naser Burita deyib ki, gələn il Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfəri və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün 30-cu ildönümü tamam olur. O, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini gücləndirmək, münasibətlərimizi qardaşlıqdan tərəfdaşlığa çevirmək niyyətini ifadə edib.
Görüşdə Nazir Naser Burita Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edib. Spiker Sahibə Qafarova isə ölkəmizin Hərəkatın sədri kimi qlobal təşəbbüsləri haqqında məlumat verib. O, Mərakeş parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamentinin rəhbəri kimi Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı müzakirələr barədə məlumat verib. Ali qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafı, parlamentlərimizin komitələri, dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilib.
Ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsi barədə fikirlərini bölüşən spiker Sahibə Qafarova deyib ki, iqtisadi əlaqələr ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. Bu mənada, Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunulub.
Milli Məclisin sədri ikitərəfli əlaqələrdə müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı insanlar arasında təmasların sıxlaşdırılması, turizm sahəsində və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub. Həmçinin, enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri haqqında da fikir mübadiləsi aparılıb və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərinə də diqqət çəkilib.
Görüşdə Milli Məclisin sədri postmünaqişə dövründə regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin ölkəmizin sülh təşəbbüsləri, son dövrlərdə Azərbaycan və Ermənistan arasında həyata keçirilən etimad tədbirləri barədə də məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi