Milli Məclisin iclasında
Dekabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bildirib ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında ölkəmizin ictimai-siyasi həyatı üçün son dərəcə böyük əhəmiyyətə malik olan bir qərar qəbul edilib. Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində partiyadan namizəd göstərilib.
Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edir. Dünya miqyaslı siyasi və dövlət xadimi olan möhtərəm cənab İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib. Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bir bölgədə söz sahibinə çevrilib.
Spiker diqqətə çatdırıb ki, möhtərəm cənab İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk etmişdir. Onun siyasi-diplomatik və hərbi-strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanın müasir tarixinin son iyirmi ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır.
Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcəkdir.
Sonra iclasda gündəmdə olan məsələlərlə əlaqədar müzakirələr keçirilib. Müzakirələrdə deputatlar Bəhruz Məhərrəmov, Musa Qasımlı, Kamilə Əliyeva, Vüqar Bayramov, Hikmət Məmmədov, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Etibar Əliyev, Anar İsgəndərov, Şahin İsmayılov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 2024-cü il fevralın 7-də təyin edilmiş növbədənkənar Prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Millət vəkilləri vurğulayıblar ki, Azərbaycan xalqı hərbi-siyasi qələbələrdən irəli gələn yeni reallıqlarda yalnız cənab İlham Əliyevlə birlikdə olmağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyasının növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürməsi xalqın istəyini yerinə yetirmək kimi qəbul olunur. Azərbaycanın gələcəyi məhz İlham Əliyevlə bağlıdır.
Qeyd edilib ki, siyasi partiyalar üçün hakimiyyətə gəlməyin yolu – seçkilərdir və bu prosesdə hər bir kəsə cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququnu reallaşdırmaq üçün ölkəmizdə sağlam şərait, bərabər imkanlar yaradılıb.
Deputatlar dünya ölkələri tərəfindən böyük siyasi əhəmiyyətə malik COP-29 sessiyasının 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərarın qəbul edilməsini dövlətimizə olan etimadın göstəricisi kimi dəyərləndiriblər. Qeyd edilib ki, bu qərarın verilməsinə ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması, nüfuzlu beynəlxalq tədbirlərə ölkəmizin müvəffəqiyyətlə ev sahibliyi etməsi səbəb olub. Bildirilib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq lokal antiterror tədbirləri keçirərək, öz suverenliyini bərpa etdi və separatizmə son qoydu. Bu gün mötəbər beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın qələbəsini qəbul edir və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər.
Çıxışlarda son 20 ildə Azərbaycanda bütün sahələrdə islahatların uğurla həyata keçirilməsində, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsində, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasında, keçmiş məcburi köçkünlərin öz yurdlarında məskunlaşmasında Prezident İlham Əliyevin önəmli rolu vurğulanıb.
Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bu gün 27 məsələnin müzakirə olunacağını söyləyib. O, birinci məsələnin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatın olduğunu deyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumatı təqdim edib. O, bildirib ki, 2022-ci il üzrə hesabatda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri, gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı və Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr barədə geniş məlumat verilir.
Diqqətə çatdırılıb ki, Qanunun 15-ci maddəsinə əsasən iqtisadi və sosial sferada çalışan işçilərin gender təhlilinə dair yeni hissələr əlavə edilməklə, məlumat 50 dövlət orqanı və 76 yerli icra hakimiyyətindən daxil olan informasiyaları da əhatə etməklə 104 səhifədən ibarət tərtib olunub. Sənəddə əlilliyi olan şəxslərin gender təhlili, bank sektorunda çalışan işçilər, bank məhsullarından istifadə edən şəxslərin gender bölgüsü, banklar tərəfindən gender bərabərliyinin təminatı istiqamətində həyata keçirilmiş tədbirlər, daşınmaz əmlak sahibi olan şəxslərin gender bölgüsü ilə bağlı məlumatlar yer alıb.
Məlumatda həmçinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sahəsində məhkəmə təcrübəsinin təhlili”, “Medianın intiharlara təsiri”, “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası”, Uşaq nikahlarının aradan qaldırılması: qanunvericilik və onun tətbiqi praktikası”, Azərbaycanda selektiv abort problemi, “Təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyinə dair” araşdırmalar öz əksini tapıb.
Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən və dövlətin vəzifələrindən bəhs edən Bahar Muradova diqqətə çatdırıb ki, ötən ildə də atalar üçün ödənişsiz məzuniyyət hüququnun müəyyən edilməsi, qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin sayının azaldılması, kişi və qadınların orta aylıq əmək haqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar gündəmdə olub.
Komitə sədri bildirib ki, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində 2022-ci ildə də fəaliyyət davam etdirilib. Belə ki, Uşaq və Ailələrə Dəstək, Qadın Resurs Mərkəzləri tərəfindən çox sayda tədbirlər və təlimlər keçirilib, “genderazerbaijan.com” portalı istifadəyə verilib, gender məsələləri üzrə məsul şəxslərin və bələdiyyələrdə yaradılmış Gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təlim və seminarlar təşkil olunub, gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr icra edilib, maarifləndirmə işləri aparılıb.
Qeyd edilib ki, hesabat ilində “860” qaynar xəttinə - 269, “116111” qadın dəstək xəttinə - 2050 müraciət, həmçinin Sosial Xidmətlər Agentliyinin “Qayğı” çağrı mərkəzinə məişət zorakılığına dair 29 zəng daxil olub.
Nəzərə çatdırılıb ki, Komitənin sifarişi ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sahəsində məhkəmə təcrübəsinin təhlili” və “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası” mövzusunda analitik hesabat hazırlanıb və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə verilən tövsiyələr Məlumatda öz əksini tapıb.
Bildirilib ki, uşaqların doğulanadək cins seçiminə məruz qalmasına dair vəziyyət problemli olaraq qalır. Bu sahədə dövlət orqanları və vətəndaş cəmiyyəti qurumları tərəfindən aparılan məqsədyönlü işlər cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən dəyişiklik yaradıb. Diqqətə çatdırılıb ki, dövlətin idarə olunması və qərarların qəbulu səviyyəsində əvvəlki illərə nisbətən 2022-ci ildə bərabərliyə doğru tendensiya artmaqda davam edib. Hüquq-mühafizə, diplomatik xidmət orqanlarında çalışan əməkdaşlar arasında 2022-ci il ərzində qadınların sayında müsbət dinamika müşayiət olunub.
Səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində 2022-ci ildə stabil tendensiya davam edib, bu sahədə qadınların üstünlüyü dəyişməz olaraq qalıb.
Bahar Muradova çıxışında məlumatda yer alan Gender bərabərliyinin müxtəlif sahələr üzrə, o cümlədən əmək, təhsil hüquqları, iqtisadi və sosial sahələr, informasiya-kommunikasiya texnologiyaları, Qeyri-Hökumət Təşkilatları, Həmkarlar ittifaqları və siyasi partiyaların fəaliyyətində təminatından bəhs edib.
Nəzərə çatdırılıb ki, BMT-nin Gender Bərabərsizliyi İndeksinin təhlillərinə əsasən Azərbaycan dünya üzrə bərabər təhsil sahəsində 2017-ci illə müqayisədə 2022-ci ildə 91-ci yerdən 55-ci yerə yüksəlib. Ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında oğlanlar qızlara nisbətən çoxdur. 2022-2023-cü tədris ili üzrə təhsil alan şagirdlərin cins bölgüsü arasındakı fərq azalıb. Orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələr arasında qadınlar daha çox orta ixtisas təhsilinə, kişilər isə peşəyönümü təhsilə üstünlük verirlər. 2022-2023-cü tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında yüksək bal intervalında nəticə göstərən abituriyentlər arasında qızlar üstünlük təşkil edir. Bakalavr dərəcəsində qızlar, magistr dərəcəsində isə oğlanlar nisbi üstünlük təşkil edirlər. Həmçinin ali təhsil müəssisələrinin professor-müəllim heyətinin gender göstəriciləri də qadınların xeyrinədir. Qeyd olunub ki, Komitə tərəfindən bu sahədə problemlərin hərtərəfli araşdırılması üçün “Təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyinə dair” analitik hesabat hazırlanıb, yekun tövsiyələr məlumatda göstərilib.
Bildirilib ki, son illər ölkəmizdə informasiya və rabitə sahəsinə ümumilikdə artan diqqət və gender bərabərliyinin təmin olunmasına yönələn səylər nəticəsində bu sahədə çalışan qadınların sayı da 2021-ci illə müqayisədə 2022-ci ildə artıb.
Kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına dair vəziyyətdə canlanma nəzərə çarpır. 2022-ci ildə mikro və orta sahibkarlıq növündə qadınların say göstəricisi artıb.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə götürülməsində qadınlar 2021-ci illə müqayisədə daha fəal iştirak ediblər.
Daha sonra Bahar Muradova 2022-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələrdən bəhs edib.
Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O, qeyd edib ki, 2022-ci ildə ölkədə gender bərabərliyinin təmini sahəsində müsbət dinamika qorunub saxlanıb. Bildirilib ki, bir çox sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunur. Komitə sədri vurğulayıb ki, bütövlükdə əmək bazarında, sahibkarlıq fəaliyyətində qadınların rolu getdikcə artır, həmçinin onların təhsil səviyyəsi, müxtəlif peşələrə yiyələnməsi ildən-ilə yüksəlir. Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans keçirilib. O, BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının qadın platformasının yaradılmasını Azərbaycanın beynəlxalq qadın hərəkatına ən mühüm töhfəsi kimi dəyərləndirib.
Komitə sədri Azərbaycanda qadın və kişilərin bərabər iştirakçılığı üçün şəraitin yaradılması, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələri, tədbirləri müsbət qiymətləndirib. O, gender bərabərliyinin təmini, gender əsaslı zorakılığın, erkən nikahların qarşısının alınması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunların icrası ilə bağlı fikirlərini bölüşüb. Komitə sədri müzakirəyə təqdim olunan məlumatı müsbət qiymətləndirərək sənəddə məişət zorakılığı cinayətlərinə, onun ağır fəsadlarına xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. O, məlumatda ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı əldə edilmiş uğurların əks olunduğunu, qarşıda dayanan vəzifələrin müəyyən edildiyini söyləyib. Hicran Hüseynova sənədin onun rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında plenar iclasa tövsiyə olunduğunu bildirib və həmkarlarını sənədə müsbət səs verməyə dəvət edib.
Sənədin müzakirəsində komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Nigar Arpadarai, Məlahət İbrahimqızı, Sahib Alıyev və Sabir Rüstəmxanlı çıxış ediblər. Deputatlar məlumatda əks olunan ayrı-ayrı məsələlərlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə aydınlıq gətirib, verilən sualları cavablandırıb.
Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı səsə qoyularaq nəzərə alınıb.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsidir. O, qeyd edib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsi müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Sazişin əsas məqsədi tərəf dövlətlərin ərazisində rəsmi xidmətə təyin edilmiş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq qarşılıqlı əsasda ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq imkanını təmin etməkdir. Komitə sədri sənədin həmçinin Azərbaycan-Serbiya münasibətlərinə müsbət təsir göstərəcəyini söyləyib.
Deputat Hikmət Məmmədov bəzi qeydlərini diqqətə çatdırıb.
Komitə sədri Səməd Seyidov qaldırılan məsələyə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti iki məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, sənəd birinci və ikinci oxunuşda plenar və komitə iclaslarında geniş müzakirə olunub. Komitə sədri ikinci oxunuş zamanı deputatların təklifləri əsasında müvafiq dəyişikliklərin layihədə öz əksini tapdığını söyləyib, ikinci oxunuşdan sonra məsələ ilə bağlı hər hansı təklifin daxil olmadığını deyib. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Komitə sədri Tahir Mirkişili “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, ikinci oxunuşdan sonra layihə ilə bağlı hər hansı təklif olmadığı söyləyib və sənədi olduğu kimi səsə qoyulmasını xahiş edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı bu komitələrin rəylərini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəlikdəki növbəti 16 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.
Sonra parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, layihədə adları çəkilən qanunların icrası ilə bağlı bir sıra qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Sənədlə bağlı hər hansı təklifin daxil olmadığı qeyd olunub.
Məsələ ilə əlaqədar İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bu komitələrin rəylərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, birinci oxunuşdan sonra layihə ilə bağlı heç bir təklifin daxil olmadığını deyib. Sənəddə Cinayət-Prosessual Məcəlləsinə "Prosessual sənədlərin rəsmi qaydada verilməsi" və "Cinayət təqibi üzrə qiyabi icraat" adlanan iki yeni fəslin əlavə edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Deputat məsələyə dair heç bir əlavə təklifin olmadığını söyləyib və səsə qoyulmasını xahiş edib.
Təklif olunan dəyişikliklərdə məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsi, hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, birinci oxunuşdan sonra əlavə təklifin daxil olmadığını və layihənin mətnində heç bir dəyişikliyin edilmədiyini bildirib.
Sənəddə nəzərdə tutulan dəyişikliklər qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması və qadınların orta əmək haqlarının kişilərin əmək haqlarına çatdırılması məqsədi daşıyır.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu komitənin məsələ ilə bağlı müsbət rəy verdiyini söylədikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Spiker qeyd edib ki, bu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələridir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. Bildirilib ki, təqdim olunan layihədə işsizlikdən sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Layihədə sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi və işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə görə inzibati xətalar haqqında işlərə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin spikeri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 7 məsələsi Prezidentin bir məktubu ilə parlamentə daxil olub, məzmun və mahiyyət baxımından bir-birinə yaxındır.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb və bu sahədə fəaliyyətin səmərəliliyinin artırılmasını təmin edəcək. O, layihələrin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edildiyini deyib və dəyişikliklərin dənizçilik sahəsində fəaliyyətin daha səmərəli həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər 3 məsələsinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını bildirib.
Komitənin üzvü Kamal Cəfərov bu 3 məsələni – Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələrini təqdim edib. O, layihələrlə bağlı hər hansı təklifin olmadığını deyib və sənədlərin səsə qoyulmasını xahiş edib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, dəyişikliyin redaktə xarakteri daşıdığını söyləyib və layihənin səsə qoyulmasını xahiş edib.
Sonra təqdim olunan bu 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili birinci oxunuşda məsələ ilə bağlı məlumat verildiyini, sənədə dair heç bir təklif və iradın daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sənədlə bağlı rəyləri təqdim etdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) olduğunu bildirib. O, məsələnin müzakirəsi ilə bağlı iclasda müvafiq qurumların nümayəndələrinin iştirak etdiyini söyləyib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu qanun layihəsi barədə məlumat verib. O, qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.
Arzu Nağıyev sənədin birinci oxunuşda geniş müzakirə olunduğunu qeyd edərək, diqqətə çatdırıb ki, layihənin parlamentin plenar iclasında birinci oxunuşundan sonra Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə 3 aidiyyəti komitə rəhbəri və 2 deputatın iştirakı ilə mətbuat konfransı keçirilib, təklif olunan dəyişikliklərlə bağlı parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə ətraflı aydınlıq gətirilib. Bundan başqa, sosial şəbəkələr və digər elektron resurslar vasitəsilə daxil olan, ikinci oxunuşda komitələrin müzakirəsində yaranan, həmçinin Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitləri və psixoloqları ilə təlim-metodiki toplantıda keçirilən görüş zamanı verilən suallara da müvafiq cavab və izahatlar verilib.
Arzu Nağıyev müvafiq platformalarda hərtərəfli müzakirələrdən keçən layihəni dövlətçilik, ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması, hərbçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması baxımından mütərəqqi sənəd kimi xarakterizə edərək, həmkarlarını onu ikinci oxunuşda da dəstəkləməyə çağırıb.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ordumuzun daha da gücləndirilməsi, ölkənin Silahlı Qüvvələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, hərbçilərin təhsil, xidmət keçmə, sosial müdafiə və pensiya təminatı sahələrində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanan qanun layihəsinə dair rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.
Sənədin müzakirəsində komitə sədri Siyavuş Novruzov, deputatlar Tahir Kərimli və Emin Hacıyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, layihənin mətnində dəyişiklik edilmədən müzakirəyə təqdim olunduğunu deyib. Birinci oxunuş zamanı deputatlar tərəfindən qaldırılan məsələlərə işçi qaydada aydınlıq gətirildiyini bildirib.
Millət vəkili qeyd edib ki, iqtisadi fəaliyyət subyektləri arasında yaranan mübahisələrin həllində alternativ mexanizm olan “Arbitraj haqqında” qanun layihəsi ölkəmizin 9 noyabr 1999-cu ildə qoşulduğu “Xarici arbitraj qərarlarının tanınması və icrası haqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının müddəalarını nəzərə alaraq, BMT-nin Beynəlxalq ticarət hüququ üzrə komissiyası tərəfindən hazırlanmış və iştirakçı dövlətlər üçün yardımçı sənəd olan “Beynəlxalq ticarət arbitrajı haqqında” model qanun əsasında hazırlanıb və arbitraj prosesi sahəsində beynəlxalq konsensusu əks etdirir.
Deputat Vüqar Bayramov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. Spiker növbəti iki məsələnin – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinin cənab Prezidentin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. O, hər iki layihəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını söyləyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihələri barədə məlumat verib.
O, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin "Arbitraj haqqında" qanun layihəsi ilə bağlı olduğunu, mahiyyətcə uyğunlaşdırma xarakteri daşıdığını və bir sıra substantiv və terminoloji məsələləri əhatə etdiyini bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi yaradılması nəzərdə tutulan arbitraj təsisatının fəaliyyətinin prosessual-hüquqi çərçivəsini tamamlamaqdan ibarətdir.
Təqdim olunan layihədə mübahisələrin alternativ həlli vasitələrindən biri hesab edilən arbitrajla əlaqədar Mülki Prosessual Məcəllədə yeni normaların əlavə edilməsi, qeyd olunan müvafiq normaların təkmilləşdirilməsi, həmçinin layihənin "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğunlaşdırılması nəzərdə tutulub. Qanun layihəsinə "Arbitraja münasibətdə yardım və nəzarət funksiyalarinin yerinə yetirilməsi ilə bağlı işlər üzrə icraat" adlı 4 fəsildən ibarət yeni 5-ci bölmənin əlavə edilməsi təklif edilir.
Məcəllədə müxtəlif maddələrdə əks olunan "münsiflər" anlayışının "arbitraj" anlayışı ilə eyni məna kəsb etdiyini nəzərə alaraq, Məcəllənin müvafiq maddələrində qeyd olunan "münsiflər" sözünün "arbitraj" sözü ilə əvəz edilməsi, "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğun olaraq, Məcəllədə kommersiya mübahisələri üzrə məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək tələbinin aradan qaldırılması təklif edilir.
Layihədə sübutların təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ olan şəxslərin dairəsinə arbitraj icraatının tərəfləri və arbitraj məhkəməsinin, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ olan şəxslərin dairəsinə isə arbitraj mübahisəsi tərəfinin daxil edilməsi, arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlərin şahid qismində dindirilməsi qadağan olunan şəxslər dairəsinə əlavə edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi, məhkəmənin icraatı dayandırmaq hüququnun dairəsinin genişləndirilməsi, həmçinin xarici arbitraj qərarlarının tanınması və icrası, layihəyə əlavə edilməsi təklif edilən yeni 5-ci bölmədə əks olunan ərizələr üzrə dövlət rüsumunun ödənilməsi müəyyən edilir.
Layihəyə əlavə edilən yeni 5-ci bölmədə əks olunan məsələlər, yəni arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi, yerli arbitraj məhkəmələrinin qərarlarından verilmiş şikayətlər, yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi ilə bağlı işlərə müvafiq kommersiya məhkəmələrində, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarların tanınması və icrası barədə işlərə isə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq apellyasiya məhkəmələrində baxılması nəzərdə tutulur. Layihədə, həmçinin qeyd olunan arbitrajla bağlı işlərə baxılması qaydaları müəyyən edilir.
Sonra Nizami Səfərov “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Layihədə təklif edilən dəyişikliklər kommersiya mübahisələrinin "Arbitraj haqqında" qanun layihəsində əks olunan mübahisələrin alternativ həlli vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həlli mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir. Sənəddə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.
Məsələ ilə bağlı deputat Etibar Əliyev bəzi qeydlərini bildirib.
Nizami Səfərov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, layihə prokurorluq işçiləri ilə yanaşı, prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsini gücləndirmək məqsədi ilə hazırlanıb. Qeyd edilib ki, təklif edilən layihə qəbul edildiyi təqdirdə, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və "Prokurorluq haqqında" Qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaq.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş sənəddə həmin Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş müddətin uzadılması təklif olunur.
Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planların məcburi tətbiqi müddətinin uzadılmasına zərurət yaranıb. Təklif edilən dəyişiklikdə müddətin 11 ildən 14 ilədək uzadılması nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Nəzərə çatdırılıb ki, layihə fiziki şəxslərin mülki işlər üzrə ümumi məhkəmələrə müraciəti zamanı "Elektron məhkəmə" informasiya sistemindən istifadəsini stimullaşdırmaq məqsədi ilə hazırlanıb. Belə ki, mövcud qanunvericilik fiziki şəxslərə mülki işlər üzrə məhkəmələrə həm şəxsən, həm də elektron məhkəmə sistemi vasitəsilə müraciət etmək imkanı verir. Təklif olunan dəyişiklikdə bu sistem vasitəsilə mülki iş üzrə ilk dəfə məhkəməyə müraciət edən fiziki şəxslər müəyyən edilmiş dövlət rüsumunun 10 faizini ödəməkdən azad olunurlar.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Kamal Cəfərov bildirib ki, layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə kimi qanunazidd əməllərə görə cinayət məsuliyyəti müəyyən edilir.
Həmçinin Silahlı Qüvvələrinin şəxsi heyətinin, silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasına görə (dövlətə xəyanət, casusluq və ya dövlət sirrini yayma növündə cinayətlərin əlamətləri olmadan) cinayət məsuliyyəti müəyyən edilir. Müvafiq məlumatlar qadağan edilmiş informasiyalar hesab edilir. Bu cür məlumatlar hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılarsa, inzibati həbs nəzərdə tutulub. Burada mühüm istisna ondan ibarətdir ki, bu cür məlumatlar hərbçiyə etibar edilmişsə, yaxud onun xidməti vəzifəsinə görə dövlət sirridirsə, eyni zamanda bu cür məlumatlar müharibə və ya döyüş şəraitində istənilən şəxs tərəfindən yayılarsa, cinayət məsuliyyətinə səbəb olur.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdikləri komitələrin qanun layihəsi ilə bağlı rəylərini diqqətə çatdırıblar.
Sənədin müzakirəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Belə ki, "Hərbi xidmət və hərbi vəzifə haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı tam orta təhsilli şəxslərin gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə könüllü daxil ola bilməsi müəyyən edilsə də, qanunvericilikdə tam orta təhsilli gizir və miçmanlara kiçik leytenant hərbi rütbəsinin verilə bilməsi nəzərdə tutulmamışdır.
Təklif edilən dəyişikliklə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılmış olacaqdır.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi