Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbələri Milli Məclisdə olublar

Tədbirlər
20 dekabr 2023 | 16:54   
Paylaşın:        

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi dekabrın 20-də Milli Məclisdə olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri əvvəlcə müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər. Onlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov tələbələrə plenar iclas zalında yaradılmış iş şəraiti,  Milli Məclisin fəaliyyəti, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında məlumat verib.

Ziyafət Əsgərov tələbələrə Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövr haqqında danışıb. Diqqətə çatdırıb ki, həmin dövrdə Azərbaycanın müasir parlamentarizm ənənələrinin formalaşması, dövlətçiliyin, ordu quruculuğunun möhkəmləndirilməsi, xarici siyasət konsepsiyasının hazırlanması kimi istiqamətlərdə mühüm addımlar atılıb.

Sonra tələbələr Milli Məclisin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olublar. Parlamentlə tanışlıq zamanı ziyarətçilərə bildirilib ki, VI çağırış Milli Məclis formalaşdıqdan sonra spiker Sahibə Qafarova Parlamentin İnzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb. Qonaqlara iclas salonları barədə məlumat verilib.

Ekskursiyanın yekununda Dövlət İdarəçilik Akademiyasının sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə üzrə müşaviri Zaur Məmmədov Milli Məclislə tanışlıq üçün yaradılan imkana və şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür edib.

Sonda tələbələr Milli Məclisin İnzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısında xatirə şəkli çəkdiriblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU