Milli Məclisdə görüş

Tədbirlər
21 dekabr 2023 | 14:28   
Paylaşın:        

Dekabrın 21-də Milli Məclisin Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri İlaya İsmael Gedi ilə görüşüb.

Qonağı salamlayan işçi qrupunun rəhbəri bildirib ki, Azərbaycan Cibuti ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. O, ikitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əlaqələrin rolunu vurğulayıb, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıb. Əliabbas Salahzadə 44 günlük Vətən müharibəsində Cibutinin ölkəmizə dəstəyini xüsusi qeyd edib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin həmtəşkilatçılığı ilə “Dekolonizasiya dialoqları: irs, çağırışlar və tərəqqi” mövzusunda baş tutacaq beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini deyən İlaya İsmael Gedi səmimi görüşə görə təşəkkürünü bildirib. Cibutinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən dostluq qrupunun rəhbəri, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, görüşlərin rolunu qeyd edib. O, Cibuti və onun parlamenti barədə həmsöhbətlərinə ümumi məlumat verib.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Səbinə Xasayeva ölkələrimiz arasında əməkdaşlığın gələcək perspektivləri barədə danışıb, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndirib.

Söhbət zamanı gender məsələləri, qadınların ictimai-siyasi həyatda iştirakçılığı və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq Milli Məclisin inzibati binası və plenar iclas zalı ilə tanış olub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU