Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı ictimai dinləmə keçirilib
Dekabrın 21-də Milli Məclisin Səhiyyə komitəsində “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbiri açan komitə sədri Əhliman Əmiraslanov bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.
Giriş sözü ilə çıxış edən komitə sədri bildirib ki, tibbi tullantılar problemi hər bir cəmiyyəti narahat edən ciddi məsələdir. Bu tullantıların idarə olunmasının, utilizasiyasının düzgün həyata keçirilməməsi ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan verir və xüsusən də epidemioloji baxımdan böyük təhlükə yaradır. Əhliman Əmiraslanov bu sahədə müəyyən problemlərin mövcudluğunu, xüsusən bölgələrdə vəziyyətin qənaətbəxş olmadığını qeyd edib. O, tibbi tullantıların hərəkəti ilə bağlı müəyyən məsələlərin həllinin, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsinin aktuallığı ilə bağlı fikirlərini bölüşüb.
Sonra komitə üzvü Soltan Məmmədov “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. O, tibbi tullantıların idarə olunması sahəsində aparılan monitorinqlərdən bəhs edərək bildirib ki, müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq subyektlərində formalaşan tibbi tullantıların hərəkəti, zərərsizləşdirilməsi işləri müasir dövrün tələblərinə cavab vermir.
Soltan Məmmədov vurğulayıb ki, Azərbaycanda tibbi tullantıların idarə olunması sahəsində yeni və müasir yanaşmaların tətbiqinə, prosesin idarə olunmasının və nəzarət mexanizminin təkmilləşdirilməsinə, qurumlar arasında fəaliyyətin koordinasiyasının təmininə, vəzifə, öhdəlik və səlahiyyətlərin daha dəqiq müəyyən olunmasına ehtiyac var.
Sonra Səhiyyə nazirinin müavini Nadir Zeynalov mövzu ilə bağlı qlobal yanaşma və trendlərə toxunub, Azərbaycanda tibbi tullantıların idarə olunması sahəsində mövcud olan çatışmazlıqlar, qarşıya çıxan problemlərdən söz açıb. Nazir müavini bu problemlərin aradan qaldırılması üçün görülən işlərdən, tibbi tullantıların idarə olunması ilə bağlı hazırlanan yeni tələblər layihəsindən danışıb.
Dinləmədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev hökumətin ölkəmizdə tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin qurulmasında maraqlı olmasını diqqətə çatdırıb. Nazir müavini tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin birgə əmri ilə işçi qrupun yaradılması barədə məlumat verib. O bildirib ki, işçi qrupun yaradılmasında məqsəd tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin daha ətraflı öyrənilməsi, bu sahədə problemlərin aradan qaldırılması, zəruri tədbirlərin və təkliflərin hazırlanmasıdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı mövcud qanunvericilik bazasının bugünkü tələblərə və beynəlxalq standartlara uyğunluğu ilə bağlı fikirlərini bölüşüb. Komitə sədri bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin və beynəlxalq standartların qanunvericilikdə təsbitinin vacibliyindən danışıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tibbi tullantıların ekologiya və ətraf mühit üçün yaratdığı ciddi fəsadlardan söz açıb. O bildirib ki, insanlarla yanaşı bitki və heyvanlar üçün də çox zərərli olan tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür. Elə tibbi tullantılar var ki, lazımi şəkildə utilizasiya olunmadıqda illərlə çürümür və torpağa, su hövzələrinə qarışıb ağır yoluxucu xəstəliklər yayır. Komitə sədri tibbi tullantıların idarə olunması ilə bağlı təkliflərini səsləndirib.
Dinləmədə Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitənin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, "Yeni Klinika" publik hüquqi şəxsin direktoru Barat Yusubov, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov, Dövlət Gömrük Komitəsi Tibb xidməti idarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin kafedra müdiri Fəridə Əli çıxış ediblər. Çıxışçılar tibbi tullantıların toplanması, çeşidlənməsi, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmləri ilə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov və Səhiyyə nazirinin müavini Nadir Zeynalov dinləmədə qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən sualları cavablandırıblar.
Dinləməyə yekun vuran Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbir iştirakçılarına təşəkkür edib.
Dinləmədə deputatlar Sədaqət Vəliyeva, Kəmaləddin Qafarov, Anatoliy Rafailov, TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət strukturlarının, aparıcı institutların, tibb müəssisələrinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi