“Dekolonizasiya Dialoqları: miras, çağırışlar və nailiyyətlər” mövzusunda konfrans keçirilib
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya Dialoqları: miras, çağırışlar və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, parlamentarilər, vətəndaş cəmiyyəti mənsubları, gənclər təşkilatları və akademik dairələrdən olan 100-dən çox nümayəndə iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov kolonializm mirasının tarixi və bu günü barədə danışıb, dünyada gedən proseslər fonunda artan neokolonializm meyllərini qeyd edib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dekolonizasiya ilə əlaqədar bir sıra təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb, bəzi ölkələrin hələ də bu siyasəti dəstəklədiyi təəssüflə bildirilib. Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə geniş məlumat verilib. Parlament Şəbəkəsinin 2021-ci ildə Madriddə baş tutmuş təsis iclası, həmçinin Bakı və Manama Konfransları çərçivəsində qəbul edilmiş qərarların və sənədlərin təşkilatın təsisatlanması, Şəbəkənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın təşkilat çərçivəsində həyata keçirdiyi fəaliyyəti, o cümlədən bir sıra təşəbbüsləri Parlament Şəbəkəsinin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, qısa müddət ərzində üzv ölkələrin sayının artmasına xidmət edib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Leyla Həsənova çıxış edərək dekolonizasiya mövzusunun aktuallığı barədə fikirlər səsləndiriblər, bu sahədə görülən işlər barədə məlumat veriblər.
Sonra tədbir panel müzakirələr formatında davam edib. “Müstəmləkəçilik mirası və müasir kontekstdə dekolonizasiya siyasəti” mövzusunda keçirilən müzakirədə Milli Məclisin deputatı Tural Gəncəliyev, Meksikanın Azərbaycandakı sabiq səfiri və ADA Universitetinin professoru Xuan Rodriqo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Aleks Lui Ui Toura və Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Bris Noel Epailli panelist qismində çıxış ediblər.
“Nəsillərarası davamlılığın inkişafı: dekolonizasiya və post-müstəmləkə cəmiyyətlərinin formalaşdırılmasına gənclərin rolu” mövzusuna həsr olunmuş ikinci müzakirənin panelində Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım İlaya İsmael Gedi, Yeni Kaledoniyanın “Populyar Nəşrlər” Assosiasiyasının prezidenti xanım Brenda Hantip Vanabe, Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Tadal, Konqo Respublikasından İqneys Urçil Loko Uako Mbouamboua iştirak ediblər.
İştirakçılar tərəfindən bir sıra xalqların onilliklər boyunca apardığı mübarizəyə baxmayaraq, onlara qarşı hələ də ədalətsizliyin davam etməsi və müstəmləkəçilik irsinin mənfi təsirləri ətrafında müzakirələr aparılıb.
Tədbirdə, həmçinin müstəmləkəçilik tarixi olmuş, hal-hazırda ondan əziyyət çəkən ölkə və xalqların mübarizəsini və üzləşdiyi çətinlikləri işıqlandıran, habelə bu xüsusda xarici mütəxəssislərin müsahibələrini əks etdirən qısa video çarx nümayiş etdirilib.
Konfransın işində Milli Məclisin deputatları Kamran Bayramov və Səbinə Xasayeva iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi