Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
26 dekabr 2023 | 12:52   
Paylaşın:        

Dekabrın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən söz açan Sadiq Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həm yerli, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfələrdən, atılan addımlardan danışıb. O, vurğulayıb ki, yaşıl enerji Azərbaycanın enerji siyasətinin prioritetidir və ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması siyasəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Komitə sədri müzakirəyə təqdim olunan qanun layihəsi ilə bağlı bildirib ki, sənəd elektrik qurğularının istismarının sadələşdirilməsi, sahibkarlıq subyektlərinin işinin yüngülləşdirilməsi məqsədilə hazırlanıb və bununla bağlı ətraflı məlumat vermək üçün sözü  Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanova təqdim edib.

Rauf Qurbanov layihənin gücü 150-200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsinə (icazə tələbinin aradan qaldırılmasına), eyni zamanda “Doing Business” reytinq cədvəlində Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Müzakirədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri İltizam Yusifov, Fatma Yıldırım, Naqif Həmzəyev və  Afət Həsənova çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini səsləndiriblər, dəyişikliyin aktuallığından danışıblar.

Deputatlar  “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda komitə üzvləri Məşhur Məmmədov, Mixail Zabelin, Anar Məmmədov,  Əliabbas Salahzadə və digər rəsmi şəxslər  iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU