Milli Məclisin iclasında

Plenar iclaslar
26 dekabr 2023 | 16:01   
Paylaşın:        

Dekabrın 26-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

İclasda, əvvəlcə cari məsələlərlə bağı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Əli Məsimli, Etibar Əliyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Hikmət Məmmədov, Sahib Alıyev, Elşad Mirbəşir oğlu, Fatma Yıldırım, Emin Hacıyev, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Razi Nurullayev, Sədaqət Vəliyeva, Elman Nəsirov, Sabir Rüstəmxanlı, Tahir Kərimli, İsa Həbibbəyli, Aqil Abbas çıxış ediblər.

Deputatlar  2023-cü il dekabrın 25-də ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndiriblər. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un gələn il Azərbaycanda keçirilməsi qərarının beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi olduğunu bildiriblər. Deputatlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmləndirildiyini vurğulayıblar, dövlət başçısının uğurlu xarici siyasəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun durmadan artdığını qeyd ediblər.

Çıxışlarda dünya miqyasında mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un ölkəmizdə keçirilməsi kontekstində növbəti ildə ətraf mühitin qorunması istiqamətində tədbirlərin intensivləşməsinin, o cümlədən bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən danışılıb. İclasda yaşıl enerji zonasının genişləndirilməsinin əhəmiyyətindən söhbət açılıb. Azərbaycanın öz yaşıl enerji potensialından istifadə etməklə regionun enerji təhlükəsizliyinə daha çox töhfə verəcəyi bildirilib. Ölkəmizin iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə rolundan bəhs edilib.

Deputatlar COP29-un yüksək səviyyədə keçiriləcəyinə əminliklərini qeyd edərək, tədbirin yaşıl enerji siyasətimizin dünya ictimaiyyətinə təqdimatı baxımından önəmli platforma olacağını bildiriblər.

Millət vəkilləri çıxışlarında digər aktual məsələlər barədə də fikirlərini açıqlayıblar, təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini diqqətə çatdırıb. Spiker gündəlikdəki ilk 7 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, layihənin mətnində dəyişiklik edilmədən müzakirəyə təqdim olunduğunu deyib.

Qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. O, bu sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş)  və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri olduğunu söyləyib.

Bu qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, bu sənədlərin "Arbitraj haqqında" qanun layihəsi ilə bağlı olduğunu deyib. Deputat, həmçinin ikinci oxunuş zamanı qaldırılan məsələyə müzakirələr zamanı və işçi qaydada aydınlıq gətirildiyini bildirib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Bildirilib ki, layihədə adları çəkilən qanunların icrası ilə bağlı bir sıra qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev məsələ ilə əlaqədar bu komitələrin müsbət rəy verdiklərini  söyləyiblər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Deputat qanunun 39-cu maddəsində dəyişikliyin nəzərdə tutulduğunu bildirib. Dəyişikliyə əsasən, 39-cu maddədə nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaqdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş sənəddə Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş müddətin uzadılması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, nəzərə çatdırıb ki, sənəd "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə ilk məhkəmə iddiası zamanı dövlət rüsumunun azaldılmasını özündə ehtiva edir.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib və sənədin bir oxunuşda qəbul ediləcəyini qeyd edib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 2015-ci ildən etibarən bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində yoxlamaların keçirilməsinə məhdudiyyət tətbiq olunur. Qanun layihəsində yoxlamaların dayandırılması müddətinin daha bir il müddətinə - 2025-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, sonuncu məsələ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı haqqındadır. O, qeyd edib ki, Milli Məclisin 23 deputatı Qərbi Azərbaycan İcmasının nümayəndələridir. Sahibə Qafarova nəzərə çatdırıb ki, onlar Bəyanat hazırlayıblar və Bəyanatı Milli Məclisdə səsləndirmək xahişi ilə parlamentin sədri kimi ona müraciət ediblər. Spiker Bəyanatı səsləndirmək üçün Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərova söz verib.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov İcmanın Bəyanatını oxuyub.  Bəyanatda Azərbaycanlıların indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşadığı, təəssüf ki, 200 ilə yaxın dövrdə, xüsusən 1905–1906, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə nəticəsində azərbaycanlıların Ermənistandan didərgin salındıqları və qətlə yetirildiyi qeyd olunub. Bildirilib ki, Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi başa çatdırıldıqdan sonra 1988–1993-cü illərdə  Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi  işğal edilmişdir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi Zəfər nəticəsində dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. 

Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmamışdır.  Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri Birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olmuşdur.

Bəyanatın sonunda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcmasının nümayəndələri Azərbaycan Respublikası  Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər. İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridır.

İclasda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı nəzərə alınıb.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU