Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib

Komitə iclasları
18 yanvar 2024 | 12:55   
Paylaşın:        

Yanvarın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, ölkəmiz 7 fevral Prezident seçkiləri ərəfəsindədir. Bu seçkilər ölkəmiz üçün mühüm siyasi hadisə olmaqla yanaşı, həm də Azərbaycanda yeni mərhələnin başlanğıcı olacaq. Komitə sədri qarşıdan gələn seçkilərin uğurlu keçəcəyinə inamını ifadə edib və xalqımıza uğurlar arzulayıb.

Sonra Musa Quliyev bildirib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxildir. Gündəliyin birinci məsələsini - 2023-cü ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edən komitə sədri diqqətə çatdırıb ki, 2023-cü ilin payız sessiyası dövründə komitənin 13 iclası keçirilib və həmin iclaslarda 36 məsələ müzakirə edilib.

Sessiya dövründə    Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında”, “Sosial xidmət haqqında”,  “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin” təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” və digər qanun layihələri komitədə müzakirədə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib və qəbul olunub.

Bununla yanaşı, komitə tərəfindən “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda geniş elmi-praktik konfrans keçirilib.

Sessiya ərzində komitəyə 348 sənəd, o cümlədən vətəndaşlardan  215 ərizə, nazirliklərdən və idarələrdən 133 cavab məktubu daxil olub.

Komitə sədri Milli Məclisdə 90 nəfər, seçki dairəsində isə 51 nəfər vətəndaşı qəbul edib, onların qaldırdıqları problemlər və məsələlər dinlənilib, komitə sədri tərəfindən tövsiyələr və məsləhətlər verilib.

Hesabat nəzərə alındıqdan sonra Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı barədə məlumat verən Musa Quliyev bildirib ki, yaz sessiyasında Azərbaycan Respublikası Prezidentinin və digər qanunvericilik təşəbbüsü subyektlərinin təqdim edəcəyi qanun layihələri, Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında və digər qanun layihələri müzakirə ediləcək. Bununla yanaşı, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə başlamış mühüm mövzulara dair dinləmələrin keçirilməsi ənənəsinə uyğun olaraq, komitə tərəfindən “Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqinin monitorinqi məqsədilə dinləmələrin keçirilməsi nəzərdə tutulur.

İclasda çıxış edən komitə üzvləri Məlahət İbrahimqızının, Jalə Əliyevanın, Rauf Əliyevin, Sevinc Hüseynovanın, Arzu Nağıyevin, İlham Məmmədovun və Əziz Ələkbərovun qeyd və təklifləri dinlənildikdən sonra komitənin iş planı təsdiqlənib.

Sonra iclasda “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının  bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

Qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, təqdim olunan qanun layihəsi “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə 18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişikliyi özündə ehtiva edir. “Kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “veriliş” sözü “proqram” və ya “yayım” sözləri ilə, “teleradio verilişləri təşkilatları” sözləri isə “televiziya və radio yayımçıları” sözləri ilə əvəzlənir.

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Bununla da  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası başa çatıb.

İclasda komitə üzvləri Ziyad Səmədzadə, Soltan Məmmədov, Vüqar Bayramov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU