İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
İclası açan Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun ötən il suverenliyimizi tam təmin etməsinin tarixi əhəmiyyətindən söz açıb, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışıb və qarşıdan gələn 7 fevral tarixli Prezident seçkilərini ölkəmizdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.
İclasın gündəliyini açıqlayan vitse-spiker gündəliyə üç məsələnin - İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.
Vitse-spiker Fəzail İbrahimli 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək bu dövrdə komitənin 7 iclasının keçirildiyini, 8 məsələyə baxıldığını deyib. Ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verən Fəzail İbrahimli, həmçinin bildirib ki, hesabat dövründə komitəyə daxil olan müraciətlərə baxılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, sessiya ərzində komitə sədri və üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, seçiciləri ilə bir sıra görüşlər keçiriblər, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanıblar.
Komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırılıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi və digər məsələlər daxil edilib.
Gündəliyin 3-cü məsələsi olan "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.
İclasda komitə sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Cavanşir Paşazadə, Azay Quliyev, Azər Badamov, Ceyhun Məmmədov və Anar İsgəndərov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər.
Müzakirələrin sonunda İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı nəzərə alınıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi