HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Aprelin 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə komitə sədri Əli Hüseynli bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan amnistiya aktı ulu öndərin humanist siyasətinə sədaqətin nümayişidir. Komitə sədri qeyd etdi ki, yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Bildirildi ki, cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində saxlanılan, islah və ictimai işlərə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslərə də amnistiyanın tətbiq edilməsi nəzərdə tutulur. Aparılan ilkin təhlillərə əsasən, amnistiya aktının təqribən 9000 (doqquz min) məhkuma tətbiq edilməsi ehtimal edilir. Amnistiya aktı haqqında müraciətə Milli Məclisin mayın 7-də keçiriləcək iclasında baxılacağı diqqətə çatdırıldı.
Sonra iclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinə baxıldı. Layihə barədə danışan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev dedi ki, dövlətimizin iqtisadi inkişafı, ölkədəki ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına və miqrant axınının güclənməsinə səbəb olur. Yeni hazırlanmış məcəllə bu sahədə mövcud olan bütün münasibətləri tənzimləyəcəkdir.
İclasda ilştirak edən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova layihə ilə bağlı fikirlərini bildirdi. Qeyd olundu ki, Azərbaycanın çevik inkişaf etməsi miqrasiya sahəsində də qanunvericiliyin gücləndirilməsi zərurəti yaradır. Bu baxımdan Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan yeni qanun layihəsi təqdirəlayiqdir.
Təqdim olunan qanun layihəsində qeyd olunur ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə həyata keçirilir. Bu məcəllənin 11.2 maddəsi (yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur) istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Bundan başqa, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Elm və təhsil üçün alınan vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
Miqrasiya Məcəlləsi geniş müzakirə olundu, komitə üzvlərinin rəy və təklifləri dinlənildikdən sonra Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul edildi.
İclasda “Məhkəmələr və hakimlər haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara, eləcə də Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Mülki məcəllələrə təklif olunan əlavələr və dəyişikliklər müzakirə olundu. Bu sənədlər də təsdiqlənmək üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti