Milli Məclisdə görüş

Tədbirlər
23 yanvar 2024 | 17:32   
Paylaşın:        

Yanvarın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Azərbaycan və Küveytin həm ikitərəfli, həm də çoxtərəfli formatda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağını deyən Sevinc Fətəliyeva ötən illər ərzində siyasi, iqtisadi, mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından danışıb. Komitə sədrinin müavini qonaqlara Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və suverenliyini tam bərpa etməsi, həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri, Ermənistanla sülh danışıqları prosesi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın səyləri, həyata keçirilən yaşıl enerji layihələri haqqında məlumat verib, İslam həmrəyliyinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

  Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyri ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluqla danışıb. Qonaq Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdıraraq, ölkəsinin həmişə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib.

Qonaq Küveytlə Azərbaycanın oxşar cəhətləri, ölkələrimizi və xalqlarımızı birləşdirən ümumi dəyərlər, investisiyaların təşviqi, parlamentlər arasında, həmçinin digər sahələrdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycanın xarici siyasət strategiyası, ölkəmizin dünya enerji tarixindəki yeri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu və digər məsələlər barədə qonaqlara məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU