Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Komitə iclasları
23 yanvar 2024 | 17:44   
Paylaşın:        

Yanvarın 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Hicran Hüseynova deputatlara qarşıdakı sessiyada uğurlar arzulayıb, həmçinin ötən il baş verən və bu il bizi gözləyən əlamətdar hadisələr barədə fikirlərini bölüşüb. O, bildirib ki, 2023-cü il xalqımızın həyatında unudulmaz hadisələrlə əlamətdar olub. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi qeyd edilib, keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Komitə sədri Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi ehtiramla yad edib, qazilərimizə şəfa diləyib.

Hicran Hüseynova vurğulayıb ki, bu gün Azərbaycan geosiyasi proseslərə nüfuz edən bir ölkəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq və Azərbaycan xalqına arxalanaraq xalqımızın rifahı və  dövlətimizin inkişafı istiqamətində böyük işlər görürlər.

Azərbaycanın uğurlarını, xüsusən də ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsini bir çox ölkənin qərəzli münasibət göstərməsindən söz açan Hicran Hüseynova  xalqımızı və dövlətimizi qarşıda gözləyən yeni nailiyyətlərdən bəhs edib. O, fevralın 7-də keçiriləcək prezident seçkilərinin əhəmiyyətinə diqqət çəkərək qədirbilən Azərbaycan xalqının bu seçkilərdə də fəal iştirak edərək yeni uğurlara öz xeyir-duasını verəcəyini bildirib.

Sonra Hicran Hüseynova iclasın gündəliyi diqqətə çatdırıb. O, qeyd edib ki, gündəliyə 5 məsələ, o cümlədən 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, 2024-cü ilin yaz sessiyası üçün komitənin iş planının layihəsi və  bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri daxil edilib.

Hicran Hüseynova, əvvəlcə, 2023-cü ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 9 iclası keçirilib, 11 məsələyə baxılıb. Bununla yanaşı, sessiya ərzində komitədə aktual mövzulara həsr olunmuş 2 ictimai dinləmə keçirilib. O, komitə üzvlərinin həm “Heydər Əliyev ili” çərçivəsində keçirilən, həm də digər yerli və beynəlxalq tədbirlərdə fəal iştirakını qeyd edib. Bildirilib ki, hesabat dövründə komitəyə daxil olmuş 400-dən artıq yazılı və elektron müraciət, həmçinin vətəndaşların şifahi müraciətləri ilə bağlı müvafiq tədbirlər görülüb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı bildirilib ki, layihədə cari ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinə baxılması və komitənin fəaliyyət sahəsinə aid digər məsələlərə dair tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Gündəliyin 3-cü məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirilib ki, sənəd uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Vurğulanıb ki, təqdim olunan dəyişikliklərdə valideynlərin  valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi nəzərdə tutulub.

Gündəliyin 4-cü məsələsi olan "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən komitə sədri təklif olunan dəyişikliklərin heç bir halda milli-mənəvi və ailə dəyərlərinə mənfi təsir göstərmədiyini, əksinə, sənədin ailə institutunun möhkəmləndirilməsinə, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsinə və vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət etdiyini xüsusi olaraq vurğulayıb.

Gündəliyin sonuncu, 5-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.

Gündəlikdəki məsələlərin müzakirəsində Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova, Pərvin Kərimzadə, Rauf Əliyev, Könül Nurullayeva çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda komitənin ötən sessiya dövründə fəaliyyəti nəzərə alınıb, qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib, müzakirə olunan qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputat Ramin Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU