MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
01 may 2013 | 10:05   
Paylaşın:        
Aprelin 30-da Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. İclasın gündəliyi təsdiqləndikdən sonra Spiker bildirdi ki, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Sənədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb. Amnistiya aktı haqqında həmin qərar layihəsinə Milli Məclisin mayın 7-də keçiriləcək iclasında – ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclasda baxılması məqsədəuyğundur.
Cari məsələlərin müzakirəsində deputatlar günün aktual məsələləri barədə fikirlərini bölüşdülər. Milli Məclisin Sədri Oqtay Əsədov millət vəkillərinin diqqətini Avropa Parlamentinin bir qrup deputatının, o cümlədən Kiprdən və Fransadan olan deputatların Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfərlərinə yönəltdi. Beynəlxalq hüquq normalarını pozan, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və Avropa Parlamenti kimi nüfuzlu qurumların qətnamələrinə zidd olan bu cür səfərlərin mütəmadi hal almasını qətiyyətlə pislədi. Qeyd etdi ki, həmin təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və ermənilərin o torpaqlardan qeyd-şərtsiz çıxması məsələsi qoyulub. Məsələni ətraflı şərh edən Oqtay Əsədov bildirdi ki, bu hadisə ilə bağlı Avropa Parlamentinin sədrinə müraciət edərək narahatlığımızı bildirəcək, etiraz məktubu göndərəcək. Milli Məclisin Sədri deputatları, xalqımızın vətənpərvər övladlarını, mütərəqqi gəncləri fəal olmağa, bu cür hallara qarşı kəskin etiraz bildirməyə çağırdı.
Sonra çıxış edən deputatlar Fərəc Quliyev, Əli Məsimli, Valeh Ələsgərov, Fazil Mustafa, Zahid Oruc, Hadi Rəcəbli, Bahar Muradova, Qənirə Paşayeva, Musa Qasımlı və başqaları Milli Məclis Sədrinin fikirlərini dəstəklədiklərini vurğuladılar. Təklif olundu ki, yalnız deputatlar və gənclər deyil, Azərbaycanın Xarici İşlər Nazirliyi,  siyasi partiyalar, QHT-lər də Avropa Parlamentinin deputatlarına etirazlarını bildirsinlər. Çıxışlarda o da qeyd edildi ki, bu cür hadisələrin kökündə dünya siyasətindəki ikili standartların və islamafobiyanın da rolu var.
Vitse-spiker, Avropa Parlamenti ilə Azərbaycanın Milli Məclisi arasında yaradılmış əməkdaşlıq komitəsinin həmsədri Valeh Ələsgərov çağırışa qatıldığını vurğuladı və belə səfərlərin  yolverilməz olduğunu dedi. Vitse-spiker Bahar Muradova nəzərə çatdırdı ki, sözü gedən səfər bir qrup Avropa parlamentarisinin ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv, ədalətsiz münasibətinin nəticəsidir.
Gündəlikdəki məsələlərin müzakirəsinə başlayan parlament öncə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik etdi, Valeh Ələsgərovun Çexiya ilə müvafiq qrupun rəhbəri olmasına razılıq verildi.
Milli Məclis “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” yubiley medalının təsis olunmasına müsbət münasibət bildirdi. Yeni medalla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda lazımi dəyişiklik edildi.
İclasda Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh etdi. Bildirdi ki, 8-ci maddəyə edilən dəyişiklik vətəndaşların istirahət hüququnu tənzimləyəcək. Layihəyə əsasən, seçki və ya referendum zamanı səsvermə bayram gününə təsadüf edərsə, o halda MSK tərəfindən səsvermə günü həmin ayın başqa gününə təyin ediləcək. 211-ci maddəyə görə, qanuna uyğun olaraq seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. 243-cü maddədə isə bələdiyyə üzrə təkrar seçkilərin iki halda keçirilə biləcəyi nəzərdə tutulur: birincisi, seçkilər  baş tutmadıqda və ya etibarsız sayıldıqda; ikincisi, bələdiyyə ərazilərində aparılmış dəyişikliklər nəticəsində səsvermə hüququna malik şəxslərin sayı 25 faizdən çox azaldıqda və ya artdıqda.
Qanun layihəsi ətrafında müzakirələrdə deputatlar İqbal Ağazadə, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Zahid Oruc, Əli Əhmədov, Çingiz Qənizadə fikirlərini bölüşdülər. Layihə səsə qoyuldu və qanun qəbul edildi.
Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklərə dair üç qanun layihəsinə baxıldı. Layihələri təqdim edən komitə sədri Əli Hüseynli bildirdi ki, məcəllənin 177-ci maddəsində aparılan dəyişiklikdə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə, həmçinin neft kəmərlərinə, qaz, su, rabitə, elektrik, dəmir yolu və s. xətlərinə münasibətdə oğurluq törədildikdə cərimə sanksiyaları nəzərdə tutulur. Digər layihədə isə nəzarət markalarının saxtalaşdırılması, saxta kredit və ya hesab kartlarını, həmçinin başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma və s. haqqında maddələrə dəyişikliklər təklif olunur.
Cinayət Məcəlləsinə dair daha bir qanun layihəsində qanunsuz abort etmə, böhtan və təhqir, şəxsi həyatın, mənzilin, eləcə də hüquqi şəxslərin binalarının toxunulmazlığını pozma, insan alverindən zərər çəkmiş şəxs haqqında məxfi məlumatları yayma, oğurluq, dələduzluq, özbaşınalıq halları, vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma, əxlaqsızlıq yuvaları saxlama və s. bu kimi qanunsuzluqlar zamanı cəza tədbirlərinin sərtləşdirilməsi təklif edilir.
Deputatlar bu dəyişikliklərin qanundakı bəzi boşluqları dolduracağını qeyd etdilər. Hər üç qanunun qəbulunu məqbul saydılar.
Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanıb istifadə olunması və satışı ilə, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə də Milli Məclis müsbət münasibət bildirdi.
İclasda İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin məlumatları dinlənildikdən sonra “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Nəşriyyat işi haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” qanunlara dəyişikliklər edilməsinə razılıq verildi.
Deputatların nəzərinə çatdırıldı ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət sirri haqqında” qanunlara təklif olunan dəyişikliklər həmin sənədlərin Cinayət Məcəlləsinə uyğunlaşdırılması məqsədi daşıyır. Fikir mübadiləsində deputatlar Aqil Abbas, Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Qənirə Paşayeva rəylərini nəzərə çatdırdılar. Hər iki qanun layihəsinə müsbət münasibət bildirildi.
“Əmək pensiyaları haqqında” qanunun 31-ci maddəsinə təklif olunan dəyişiklik barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Deputatlar əmək pensiyasının təyin olunması prosesini tənzimləyəcək həmin qanunu qəbul etdilər. 
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər olunması barədə qanun layihəsini Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim etdi. Qanun qəbul olundu.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi barədə Ziyad Səmədzadənin məlumatı dinlənildi. Sənəd ratifikasiya olundu. 
İş gününün yekununda “Gömrük tarifi haqqında” qanunun layihəsi birinci oxunuşda təqdim edildi. 5 fəsil, 23 maddədən ibarət bu qanun layihəsi ölkəmizdə gömrük tarifinin formalaşdırılması və tətbiqi, gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.
Müzakirə zamanı deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, vitse-spiker Valeh Ələsgərov layihənin konseptual baxımdan məqbul olduğunu, yüksək səviyyədə hazırlandığını dedilər. Yalnız redaktə xarakterli düzəlişlərə ehtiyac olduğu bildirildi. Deyilən iradlar nəzərə alınmaq şərti ilə qanun layihəsi birinci oxunuşda səsə qoyuldu və qəbul edildi.
Beləliklə, on yeddi məsələyə baxan Milli Məclis işini yekunlaşdırdı.
 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU