Milli Məclisdə görüş
Yanvarın 29-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü keçirilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qonaqları salamlayaraq, Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisdə görməkdən məmnuniyyətini ifadə edib. O bildirib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında inkişaf edir.
Komitə sədri minnətdarlıq hissi ilə vurğulayıb ki, Türkiyə dövləti və xalqı Ermənistanın işğalına uğrayan Azərbaycanın haqqını həmişə və hər yerdə müdafiə edib, xüsusən də bu işğala son qoyan 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən bizə hər cür siyasi, mənəvi və diplomatik dəstəyini göstərib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyənin yaxından iştirakını məmnunluqla vurğulayan Ziyafət Əsgərov Hulusi Akarın bu səfərinin əlaqələrimizin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar dost və qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində əldə olunan uğurlardan bəhs edib. O, qeyd edib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.
Hulusi Akar bildirib ki, Qarabağ fatehi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğala son qoyması və suverenliyimizi tam təmin etməsi tarixi əhəmiyyət daşıyır. O, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışıb, bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin rifahına və firavanlığına xidmət edəcəyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Hikmət Məmmədov, Əminə Ağazadə, Kamal Cəfərov, Arzu Nağıyev və Nizami Səfərov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Refik Özen, Mehmed Ali Çelebi, Feyzi Berdibek, Özgür Ceylan, Metin İlhan, Zuhal Karakoç Dora, Dursun Ataş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi