Parlamentlərarası İttifaqın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Fevralın 1-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı qonaqları Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvləri Soltan Məmmədov, Səbinə Xasayeva və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi