Milli Məclisin 2024-cü ilin yaz sessiyasında ilk plenar iclası keçirilib

Plenar iclaslar
01 fevral 2024 | 18:44   
Paylaşın:        

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Spiker Sahibə Qafarova yaz sessiyasının başlaması münasibətilə deputatlara təbriklərini çatdırıb, onlara səmərəli fəaliyyət arzulayıb. 

Sonra Milli Məclisin sədri bildirib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin təşkilat ilə əməkdaşlığının və onun fəaliyyətində iştirakının dayandırılması qərara alınıb. Yəqin ki, siz nümayəndə heyətimizin bəyanatı və AŞPA üzvü olan dövlətlərin parlament sədrlərinə mənim göndərdiyim məktubla tanış olmusunuz. Aydın məsələdir ki, bu qərar Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisə predmetinə çevirmək üçün ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilib.

Spiker qeyd edib ki, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı haqsızlıq və qeyri-obyektivliyin, qərəz və ikili standartların açıq təzahürü olan siyasi aksiyanın həqiqi səbəbləri hamıya məlumdur. Məsələ burasındadır ki, Avropada müəyyən qüvvələr 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər. Burada narahatlıq doğuran məqam odur ki, Cənubi Qafqazda yaranmış yeni reallığın bəziləri tərəfindən qəbul edilməməsi və erməni revanşizminə rəvac verilməsi bölgədə möhkəm və uzunmüddətli sülh və sabitlik yaradılması üçün göstərilən səylərə ciddi təhlükə törədir.

Təəssüf ki, demokratik dəyərləri dəstəklədiyini bəyan edən Avropa Şurasının Parlament Assambleyası məhdud siyasi maraqlarını təmin etməyə çalışan qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir. Parlament Assambleyasının və bütövlükdə Avropa Şurasının nüfuzuna zərbə vuran son hadisə onu da göstərdi ki, indiki dövrdə bu təşkilatı onun bütün üzvlərinin rəyinə hörmət mühitinin hökm sürdüyü həqiqi dialoq və əməkdaşlıq platforması adlandırmaq çətindir.  

Spiker onu da nəzərə çatdırıb ki, demokratiyaya, insan hüquqlarının qorunmasına və qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir və dövlətimizin milli maraqlarına əsaslanır. Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Ötən sessiyanın və ilin uğurlu nəticələri barədə deputatlara məlumat verdiyini deyən spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin qanunvericilik səviyyəsində dəstəklənməsinə yönəlib.

Milli Məclisin sədri qeyd edib ki, sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir sıra mühüm görüşlər keçirilib və danışıqlar aparılıb. Bu barədə qısa məlumat verən spiker bildirib ki, Küveyt Ümmət Məclisinin Azərbaycan parlamenti ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov və onların başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşlərdə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Spiker deyib ki, bu görüşlərdə söhbətlər zamanı o, hazırda dünyada mövcud olan ikili standartların bir sıra ölkələrə qarşı ədalətsiz mövqeyin sərgilənməsinə gətirib çıxardığını qeyd edib, Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatların dövlətimizə qarşı qərəzli münasibətlərindən danışıb.

Türkiyə Respublikasının keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisi Milli müdafiə komitəsinin sədri Hulusi Akar və başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı keçirilmiş görüşdə isə iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın əhəmiyyətindən danışılıb, Şuşa Bəyannaməsinin ikitərəfli münasibətlərdə yeni hədəf və istiqamətləri müəyyən etdiyi bildirilib. Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsinin vacibliyi qeyd edilib, həmçinin digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu günlər Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizdə səfərdədir.

Spiker bildirib ki, Parlamentlərarası İttifaq dünyanın ən böyük parlament təşkilatıdır, 180 milli və 15 assosiativ üzv parlamenti öz sıralarında birləşdirir. Ötən il Milli Məclisin nümayəndə heyətinin 5 üzvü qurumun bir sıra komitələrinin bürolarına və forumlarının idarə heyətlərinə üzv seçilib. Bu birinci dəfə idi ki, Milli Məclisdən bu qədər deputat həmin təşkilatın müxtəlif qurumlarında müxtəlif vəzifələrə seçiliblər.

Təşkilatın Baş katibi ilə dünən səmərəli görüş keçirdiyini deyən spiker bildirib ki, aparılan söhbət zamanı Milli Məclis ilə qurum arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub.

Spiker qeyd edib ki, dünən cənab Çunqonq Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev ilə görüşüb. Bu gün möhtərəm cənab Prezident cənab Çunqonqu qəbul edib.

Həmçinin, cənab Çunqonq Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva ilə də görüşməlidir.

O, qeyd edib ki, Parlamentlərarası İttifaqın Baş katibi cənab Çunqonq sabah Ağdam şəhərinə səfər edəcəkdir.

Sahibə Qafarova bildirib ki, yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Sessiyanın qanunvericilik işləri planı hazırlanıb və bu gün müzakirə ediləcək.  O, diqqətə çatdırıb ki, bu sessiyada biz qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını da dinləyəcəyik. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2023-cü  ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat, məlumat və məruzələri də dinləniləcək.

Parlamentin spikeri söyləyib ki, Milli Məclisin beynəlxalq əlaqələrini inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Dövlətimizin milli maraqlarının qorunması naminə parlament diplomatiyasının bütün imkanlarından istifadə ediləcək. Bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıya gələcəklər.

Sahibə Qafarova Milli Məclisin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib və sessiyada deputatların hamısına bir daha uğurlar arzulayıb.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Müzakirələrdə deputatlar Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Şahin İsmayılov, Kamran Bayramov, Elşən Musayev, Anar İsgəndərov, Bəhruz Məhərrəmov, Aqil Abbas, Fəzail Ağamalı çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar tərəfindən bölgədə sülhə xidmət edəcək hər hansı bir addımın şahidi olmadıq. Əksinə, Fransa və Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə müdaxiləsi  nəticəsində tərəflər arasında aparılan danışıqlar dalana dirəndi. Sülh danışıqlarının pozulması müşahidə olundu. Qeyd olunub ki, AŞPA-nın qış sessiyasının iclasında nümayəndə heyətimizə qarşı hazırlanmış təxribat bəzi Avropa dövlətlərinin Cənubi Qafqazda sülhə mane olmaq iddiasından əl çəkmədiyini, öz riyakarlığını davam etdirdiyini bir daha göstərdi. AŞPA iclasında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan nümayəndə heyətinin Assambleyanın işində iştirak etməkdən imtina etməsi düzgün qərar hesab olunub.

Deputatlar Avropanın bəzi dairələrində son zamanlar Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin narahatlıq doğurduğunu deyərək, bir sıra dövlətlərin parlamentləri, xarici siyasət idarələri tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirildiyini təəssüflə qeyd ediblər. Millət vəkilləri Niderland Parlamentinin Xarici işlər komitəsində Azərbaycanla Ermənistan arasında münasibətlərə dair müzakirələr zamanı dövlətimizə qarşı əsassız ittihamların irəli sürüldüyünü söyləyiblər. Bildirilib ki, Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələr ölkəmizə qarşı qeyri-obyektiv münasibətin davam etdiyini göstərir, ikitərəfli münasibətlərə zərər verir və belə məsuliyyətsiz bəyanatlara görə Niderlandın xarici işlər nazirinin ölkəmizə səfəri təxirə salınıb.

Bildirilib ki, Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, heç bir dövlətin ərazisinə iddia etmir və müharibə başlamaq niyyəti yoxdur, ölkəmiz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman sadiq qalıb. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti müharibənin bitdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Qeyd olunub ki, müharibədən sonra sülh prosesinin müəllifi olan Azərbaycan Cənubi Qafqazda əməkdaşlığı, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkədir.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün iclasda 10 məsələ müzakirə olunacaq. O, gündəliyin ilk 3 məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib.

Spiker bildirib ki, hər sessiyanın əvvəlində parlamentin qanunvericilik işləri planı qəbul olunur və parlament öz fəaliyyətini həmin plan əsasında qurur. O, qeyd edib ki,  gündəliyin birinci məsələsi məhz yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır və  qanunvericilik işləri planı 5  bənddən ibarətdir.

Məsələ ilə əlaqədar müzakirələrdə çıxış edən parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Əli Məsimli, Əziz Ələkbərov, Fəzail Ağamalı yaz sessiyasının qanunvericilik işləri planı haqqında öz fikirlərini açıqlayıblar. Millət vəkilləri sənədin məqsədəmüvafiq olduğunu bildiriblər, bəzi  təkliflərini veriblər.

Çıxışlarda, həmçinin “Ali təhsil haqqında” qanun layihəsi, bununla bağlı ictimai dinləmələrin keçirilməsi barədə bəzi fikir və qeydlər də səsləndirilib. Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qaldırılan məsələlərə aydınlıq gətirib.

Səsləndirilən fikirlərə münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova məsələnin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, dinləmələrin keçirilməsi barədə əvvəlcədən xəbər verildiyini və müzakirələrin açıq olduğunu deyib, bununla bağlı Milli Məclisin saytında da məlumatın yerləşdirildiyini diqqətə çatdırıb.

Müzakirələrin sonunda Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında  Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra spiker Sahibə Qafarova 2-ci məsələ ilə əlaqədar bildirib ki, Daxili Nizamnamənin 41-ci maddəsinə uyğun olaraq, Milli Məclisin İntizam komissiyası  yaradılmalıdır.

İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri 3-cü məsələ ilə bağlı qeyd edib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə əsasən, Milli Məclisin Hesablayıcı Komissiyası da yaradılmalıdır.

Hesablayıcı komissiyanın yaradılması haqqında Milli Məclisin qərar layihəsi də səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti məsələnin “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi olduğunu deyib. O, bildirib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, qanun layihəsi bir oxunuşda baxılıb, qəbul edilməlidir. Sədr qeyd edib ki, bu məsələyə Aqrar siyasət komitəsində baxılıb.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev həmin qanun layihəsini təqdim edib. O, bildirib ki, "Zeytun yağı və süfrə zeytunlarına dair Beynəlxalq Saziş" 2015-ci il oktyabrın 9-da Cenevrədə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Konfransında imzalanıb. Saziş 7 fəsil, 37 maddə və 3 əlavədən ibarətdir. Sazişin əsas məqsədi ticarətə hər hansı maneənin qarşısını almaq üçün zeytun yağlarının, cecə zeytun yağlarının və süfrə zeytunlarının fiziki-kimyəvi xüsusiyyətləri ilə bağlı milli və beynəlxalq qanunvericilikdə vahidliyə nail olmaqdır. Məhsulun keyfiyyətinə nəzarət, beynəlxalq ticarət və onun inkişafı, istehlakçı hüquqların qorunması və saxtakarlığın qarşısının alınması, beynəlxalq standartların gücləndirilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi əsas vəzifə kimi qarşıya qoyulur.

Komitə sədri qeyd edib ki, bu Sazişin müddəalarının tətbiqi məqsədilə Beynəlxalq Zeytun Şurası yaradılır. Beynəlxalq Zeytun Şurası hüquqi şəxsdir və o üzərinə düşən funksiyaları Üzvlər Şurası vasitəsilə həyata keçirir. Şuranın tərkibi Sazişə qoşulan üzvlərdən ibarətdir. Hər bir üzv Şuraya öz nümayəndə heyətini təyin edir. Sazişə qoşulmuş üzvlər zeytunçuluğun dayanıqlı inkişafına zəmanət vermək üçün üzərlərinə düşən zəruri tədbirləri həyata keçirmək öhdəliyi götürür. Bu Saziş 2026-cı il 31 dekabradək qüvvədədir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun  layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqanlar tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilir.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Elnur Allahverdiyev, Sabir Rüstəmxanlı öz fikirlərini və bəzi təkliflərini səsləndiriblər.

Komitə sədri Ziyafət Əsgərov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun  layihəsi ilə bağlı məlumat verib. O, nəzərə çatdırıb ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometr uzunluqda olan hissəsi ödənişli yol kimi müəyyən edilib və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiq edilib. Qeyd olunub ki, yığılan məbləğlərin istifadəsi ilə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən qəbul edilib və bununla bağlı qanunvericilikdə də əsas yaradılmalıdır. Bildirilib ki, müzakirəyə təqdim olunan layihə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.

Müzakirələrdə çıxış edən deputatlar Fəzail Ağamalı və Hikmət Məmmədov sənədin məqsədəmüvafiq olduğunu bildiriblər və bəzi qeydlərini də səsləndiriblər.

 Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, qeyd edib ki, "Qida təhlükəsizliyi haqqında" Qanun 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib. Sənəd ölkəmizdə insanların həyat və sağlamlığın qorunması, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, sahibkarlığın inkişafı və digər sahələrin inkişafında önəmli  rol oynayır.

Bildirilib ki, təqdim olunan layihə qanunun tətbiqi təcrübəsində ortaya çıxan məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb və əsasən dəqiqləşdirmə xarakterli düzəlişləri ehtiva edir. Təklif olunan dəyişiklik qida obyektinin təsdiqindən imtina edilməsi üçün əsasları dəqiqləşdirir. Belə ki, aparılan qiymətləndirilmə nəticəsində qida obyektində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda qida obyektinin təsdiqindən imtina ediləcəkdir.

Deputatlar Vüqar Bayramov, Azay Quliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı,  Tahir Kərimli sənəd barədə bəzi qeydlərini bildiriblər.

Komitə sədri Tahir Rzayev səsləndirilən fikirlərə münasibət bildirib, ölkəmizdə fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, habelə müvafiq laboratoriyalarda görülən işlərdən bəhs edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qeyd olunub ki, bir çox hallarda yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqan qismində Baş Prokurorluq tərəfindən azyaşlıların həyatı üçün təhlükə yaradan valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə çoxsaylı iddialar qaldırılsa da, məhkəmələr tərəfindən Prokurorluğun qeyd edilən iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddialar təmin edilmir. Bu baxımdan Ailə Məcəlləsinə təqdim olunan dəyişikliklər valideynlərin  valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına Prokurorluq orqanlarının da əlavə edilməsini özündə ehtiva edir.

Layihədə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraatı tənzimləyən normaların olması zərurətini nəzərə alaraq, Mülki Prosessual Məcəllədə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Bununla yanaşı,  "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli məhkəmə müdafiəsinin əsasını təşkil edən maddi hüquq normalarının tətbiqi zəruri prosessual normaların mövcudluğunu tələb etdiyindən "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ ilə bağlı bu komitələrin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.  O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sədr qeyd edib ki, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi  ilə bağlı məlumat verib. O, payız sessiyasının son plenar iclasında bu məsələ barədə məlumat verildiyini və qanun layihəsinin birinci oxunuşda qəbul edildiyini, sənədin ikinci oxunuşda komitədə geniş müzakirə olunduğunu söyləyib. Komitə sədri qeyd edib ki, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün  ağır fiziki, emosional, iqtisadi və sosial fəsadlar yaradır. O, bildirib ki, günümüzdə baş verən zorakılıq halları və bununla bağlı mövcud qanunların tətbiqi zamanı yaranmış çətinliklər bir sıra əlavə və dəyişiklikləri aktuallaşdırır. 

Qanun layihəsi məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması məqsədilə hazırlanıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov sənəd barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan məsələ ilə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb.

Sonra Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar  Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, dəyişikliklərdə dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulmasına dair sanksiyaların daha da sərtləşdirilməsi nəzərdə tutulur.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu məsələ ilə bağlı rəhbərlik etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Elşad Mirbəşir oğlu, Aydın Hüseynov, Etibar Əliyev, Aqil Abbas çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU