Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika Xalqına Dəstək Qrupunun Bəyanatı

Tədbirlər
03 fevral 2024 | 15:10   
Paylaşın:        

2024-cü ilin 28 yanvar tarixində Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni bir "Nazione" hərəkatını təsis etmişdir.

Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların azad şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyərək, hərəkatın yaranmasından iki gün sonra "Nazione"nin fəallarına qarşı təqiblərə başlamışdır.

Yanvarın 30-da "Nazione"nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə, Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi "Nazione"nin fəallarının evlərinə hücum edərək, qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edilib, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb.

Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə partladılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübut edir.

Bu gün də Fransa polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır.  Lakin 2 fevral tarixində "Nazione" hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini susdura, boyun əyməyə məcbur edə bilməz.

150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib.

Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bu özü şovinizmdir.

Fransa Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də vardır. Həmçinin, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, UNESCO-nun Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. bura daxildir.

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika Xalqına Dəstək Qrupu olaraq:

  • Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;
  • Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik;
  • Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin edilməlidir;
  • Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU