Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə edən Pakistan, İordaniya və Malayziya parlament nümayəndə heyətləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşlər keçirib.
Spiker Sahibə Qafarova Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bu seçkiləri müşahidə etdiklərinə görə qonaqlara minnətdarlığını bildirib. Milli Məclisin sədri bildirib ki, prezident seçkiləri ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisədir. Bu seçkilər Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. O, növbədənkənar prezident seçkilərinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər işğaldan azad olunmuş rayonlarda keçirildiyini bildirib. Milli Məclisin sədri, keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qayıtdığını və bu seçkilərdə öz doğma torpaqlarında səs verdiklərini diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və seçkilərin qanunvericiliyin tələblərinə, bütün qabaqcıl standartlara uyğun təşkil olunduğunu vurğulayıb. O deyib ki, bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də yüksək seçici fəallığının qeydə alınmasıdır. Xalqımız seçki məntəqələrinə gedərək, dövlətimizin gələcəyi naminə səs verib.
Milli Məclisin sədri istər seçkilərə hazırlıq prosesinin, istərsə də səsvermənin çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildiyini qeyd edərək bildirib ki, müşahidəçilər seçki prosesi barədə müsbət fikirlərini bölüşüblər.
Görüşlərdə Pakistan Senatının İqtisadi məsələlər üzrə daimi komitəsinin sədri Faysal Salim Rahman, İordaniya Nümayəndələr Palatası sədrinin birinci müavini Əbdürrəhim Əl Maayah, Malayziya Senatının sədr müavini Nur Cazlan bin Mohamed və Malayziya Nümayəndələr Palatasının sədr müavini Ramli Bin Mohd Nor seçkilərin uğurlu keçməsi ilə əlaqədar xalqımızı və dövlətimizi təbrik ediblər. Qeyd olunub ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiq edir. Gənclərin seçkiyə yüksək münasibətinin və fəal qoşulmasının qonaqlarda müsbət təəssürat doğurduğu qeyd edilib.
Müşahidə missiyalarının üzvləri Azərbaycanın inkişafı təqdir edərək, Azərbaycanın beynəlxalq ictimaiyyətə açıq ölkə olduğunu vurğulayıblar.
Pakistan Senatının Daimi Komitə sədri bu gün ölkəsində seçkilər keçirilməsinə baxmayaraq, ölkəmizdə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəldiklərini, bunun ölkələrimiz arasında münsaibətlərə verilən önəmin ifadəsi olduğunu bildirib.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı da müzakirələr aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi