TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er AŞPA-nın sədrinə məktub ünvanlayıb

Tədbirlər
19 fevral 2024 | 16:44   
Paylaşın:        

Fevralın 19-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.

Məktubda Teodoros Rusopulosu AŞPA sədri seçilməsi münasibətilə təbrik edən TÜRKPA-nın Baş katibi ona bu vəzifədəki fəaliyyətində uğurlar arzulayıb.

Məktubda deyilir ki, xüsusən parlament diplomatiyasının və dialoqunun bu gün daha böyük əhəmiyyət qazandığı bir dövrdə parlamentlərarası təşkilatlar ölkələr və xalqlar arasında körpülər qurmağa kömək edən vacib platforma rolunu oynayırlar. Türk əməkdaşlığının parlament ölçüsü olaraq, dünyanın hər yerindən olan parlamentarilər arasında konstruktiv və həqiqi dialoqun yüksək qiymətləndirildiyi məktubda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnamənin qəbul edilməsi ilə bağlı narahatlıq ifadə olunur.

 Bildirilir ki, TÜRKPA bu qətnamənin qəbul edilməsindən dərin təəssüf hissi keçirir. Qeyd olunur ki, TÜRKPA-nın qurucu üzvlərindən biri kimi Azərbaycan Respublikasının Milli Məclisi türk dünyasında və onun hüdudlarından kənarda dialoq və əməkdaşlıq prinsiplərinin təşviqində mühüm rol oynayır.

Qoşulmama Hərəkatına Azərbaycan Respublikasının uğurlu sədrliyi və onun nailiyyətləri, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və şəbəkənin qısa müddət ərzində beynəlxalq səviyyədə parlamentlərarası dialoq üçün səmərəli platformaya çevrilməsi Azərbaycanın qlobal miqyaslı problemlərin həlli istiqamətində mühüm səylərindən xəbər verir. Azərbaycan mədəni müxtəlifliyin qorunmasında, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqində əhəmiyyətli rol oynayır.

Məktubda deyilir ki, 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan son illər öz səyləri və əməkdaşlığı ilə təşkilatın təməl prinsiplərinin müdafiəsinə öz töhfəsini verib. İnanırıq ki, parlament diplomatiyası və AŞPA kimi çoxtərəfli təşkilatlar dünyada artan siyasi gərginlik və yeni çağırışlar fonunda dialoq və əməkdaşlıq mühitinin yaradılmasında daha böyük rol oynamalı, birləşdirici və inklüziv mexanizmlər kimi xidmət etməyə davam etməlidirlər. Qeyd olunur ki, bu kontekstdə Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirakının davam etməsi bütün parlamentarilər arasında konstruktiv və məhdudiyyətsiz dialoqun qorunub saxlanması üçün mühüm əhəmiyyət kəsb edir.

Məktubun sonunda yuxarıda göstərilənlərə əsaslanaraq, dialoq və əməkdaşlıq prinsiplərinə uyğun olmayan bu qətnaməyə yenidən baxılacağına və Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin bərpa ediləcəyinə inam ifadə olunur.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU