İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 2-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə deputatları tanış etdi.Əvvəlcə komitə üzvləri “Avtomobil yolları haqqında” qanun layihəsinə dəyişiklikləri müzakirə etdilər.
Sənədlə bağlı məlumat verən Nəqliyyat Nazirliyinin şöbə müdiri Aydın Süleymanlı bildirdi ki, bununla bağlı mövcud qanun 1999-cu ildə qəbul edilib. Aradan keçən 14 il ərzində ölkənin yol- nəqliyyat sistemində əsaslı dəyişikliklər baş verib ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradır. Qeyd olundu ki, yeni layihədə yüklü və yüksüz iritonajlı nəqliyyat vasitələri üçün alternativ yolların çəkilişi, ödənişli yolların salınması, dövlət mülkiyyətində olan yollarda qorunma zolaqları, avtomobil yollarının ehtiyat zonaları ilə bağlı bir sıra mühüm məsələlər öz əksini tapıb. Sənəddə həm də avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin olunması məqsədilə, dövlət mülkiyyətində olan, yerli və respublika əhəmiyyətli yollarda yüksək standartlara və normativlərə uyğun ödənişli avtomobil yollarının yaradılması nəzərdə tutulur. Qanun layihəsində dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqının avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Deputatlardan Vahid Əhmədov, Xanhüseyn Kazımlı, İlham Əliyev, Cavid Qurbanov, Əli Məsimli sənədə edilən dəyişiklikləri razılıqla qarşıladılar.
Komitənin iclasında “İcbarı sığortalar haqqında” qanun layihəsinə edilən dəyişikliklər də müzakirə olundu. Bildirildi ki, ötən il 2011-ci illə müqayisədə sığorta bazarında 60 faiz artım müşahidə olunub. İcbari sığorta bazarındakı artım könüllü sığortaya da təkan verir.
Sonda hər iki sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti