Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçib

Tədbirlər
22 fevral 2024 | 19:41   
Paylaşın:        

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb. Sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri  iştirak edir.

Sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra tədbirdə Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edib. Baş katib sessiyanın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinə təşəkkürünü ifadə edib. O, Asiya Parlament Assambleyasına sədrliyin növbəti iki il üçün Türkiyədən Azərbaycana keçdiyini söyləyib. Baş katib Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının gələcək fəaliyyətində uğur qazanacağına inamını ifadə edib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin və Asiya Parlament Assambleyanın fəaliyyətdə olan sədri Numan Kurtulmuş APA-nın 14-cü sessiyasının uğurla keçəcəyinə və Asiya dövlətləri arasında həmrəyliyin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, bu gün dünyada mürəkkəb proseslərin baş verdiyini söyləyib və belə bir zamanda Asiya Parlament Assambleyasında müzakirəyə çıxarılan məsələlərin sülh və sabitlik şəraitində inkişafa xidmət edəcəyini deyib. O, Asiyada tərəqqiyə, yüksəlişə nail olmaq üçün APA çərçivəsində birgə səylərin vacibliyini qeyd edib.

Çıxışının sonunda Numan Kurtulmuş Asiya Parlament Assambleyasına sədrliyi Türkiyədən Azərbaycana təhvil verib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edib.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin təşkilata uğurlu sədrliyini vurğulayaraq, deyib ki, son illərdə görülən işlər parlamentlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olmuşdur.

Spiker çıxışında bildirib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir. Bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir.

O, regionumuzun təbii ehtiyatlarını, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq, bölgəmizin bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malik olduğunu deyib.

Spiker Sahibə Qafarova daha sonra qeyd edib ki, Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformanı təmsil edir.

Milli Məclisin sədri nəzərə çatdırıb ki, Azərbaycan parlamenti APA-nı mühüm qurum kimi qiymətləndirir. APA-nın fəaliyyəti parlamentlərarası dialoqu dərinləşdirməyə hazır olduğumuzu əks etdirir. Spiker inamını ifadə edib ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcəkdir. APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafından danışan spiker Sahibə Qafarova qeyd edib ki, bu, Assambleyanın qlobal parlament diplomatiyasında səmərəli iştirakına kömək edəcək.

Çıxışında Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərlik etdiyini xatırladan Sahibə Qafarova deyib ki, Şəbəkə APA-da müşahidəçi statusu alıb. Bu iki qurum arasında əməkdaşlıq parlament diplomatiyasının inkişafına xidmət edəcək.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu gün nəqliyyat infrastrukturuna böyük investisiyalar nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat Dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına kömək edəcək.

Çıxışında bəşəriyyəti narahat edən iqlim dəyişikliyi probleminə də toxunan Milli Məclisin sədrinin sözlərinə görə, təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycan 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialını üç dəfə, enerji səmərəliliyini iki dəfə artırmaq kimi qlobal öhdəliyə qoşulub. Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə COP29-un ev sahibi seçilib. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin təzahürüdür.

Milli Məclisin sədri çıxışında Cənubi Qafqazda bütün regionda sülhə və sabitliyə təsir edən mövcud vəziyyət barədə də məlumat verib. O, deyib ki, fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və nəticədə cənab İlham Əliyev inamlı qələbə qazanıb. Bu seçkinin əsas əhəmiyyəti ondan ibarət idi ki, o, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilib.

Spiker bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri isə torpaqlarımızdakı separatizmi aradan qaldırdı və Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi. Bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna onların sayı 140 minə çatacaq.

Azərbaycan, həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Ermənistanın üç ildən artıq siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin ikitərəfli görüşü olub. Sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlərə dair əldə edilmiş razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər. O, ümid etdiyini deyib ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəfləri cəlb etməkdən çəkinəcək və onun Konstitusiyasında, digər qanunvericilik aktlarında öz əksini tapmış Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarından imtina edəcək və sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır. 

Çıxışına yekun vuran spiker Sahibə Qafarova belə bir inam ifadə edib ki, Asiya Parlament Assambleyası əməkdaşlığımızın inkişafı və ümumi məqsədlərimizin reallaşması üçün platforma rolunu davam etdirəcək.

Sonra sessiyada quruma üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd Əlmusalam, İraq Nümayəndələr Şurasının sədri Mohsin Ali Akbar Al-Mandalavi, Maldiv Xalq Məclisinin sədri Mohamed Aslam, Şri Lanka Parlamentinin sədri Mahinda Yapa Abeyvardana, Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Tailand Milli Assambleyanın və Nümayəndələr Palatasının sədri Vanmuhamadnor Mafa, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Ərəb Parlamentinin sədri Adel Bin Abdul Rahman Əl-Asumi və digər parlamentlərin təmsilçiləri çıxış ediblər, mövzu ilə bağlı fikirlərini açıqlayıblar.

Çıxışlarda region ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyi bildirilib. Regionda və dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmə qarşı mübarizədə birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbir iştirakçıları regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, iqtisadi, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Fasilədən sonra sessiya öz işini davam etdirib.

Tədbir çərçivəsində qurumun İqtisadiyyat və davamlı inkişaf, Büdcə və Planlaşdırma, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələrinin iclasları keçiriləcək.

Komitə iclaslarında ətraf mühit, iqtisadi artım üçün səylərin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu, iqlim məsələləri, Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, Asiyada davamlı cəmiyyət üçün uşaq və gənclərin inkişafının təşviqi və bir sıra digər  məsələlərlə bağlı qətnamə layihələri müzakirə olunacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsinin və APA-nın 14-cü plenar iclasının yekun hesabatının qəbulu nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU