Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
28 fevral 2024 | 17:57   
Paylaşın:        

Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, gündəliyə 2 məsələ – “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

“Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri sənədlə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib.

Layihədə tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, təklif olunan qoşulma qaydalarının mövcud istehlakçıların hüquqlarının qorunması və keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılması və yüksəldilməsi, sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb.

Sonra Sadiq Qurbanov “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Komitə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su təsərrüfatı sahəsinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyi ilə bağlı  fikirlərini açıqlayıb.

Müzakirəyə çıxarılan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU