TÜRKPA nümayəndələri Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Tədbirlər
04 mart 2024 | 14:40   
Paylaşın:        

Martın 4-də Türk Dövlətləri Parlament Assambleyasının  Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Ziyarətçilər əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə tər güllər düzüblər.

Sonra onlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

TÜRKPA komissiyasının üzvləri sonra 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar.

Ziyarət zamanı qonaqları Türk Dövlətləri Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı, Cavanşir Feyziyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU