Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri ilə görüşüb
Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri, nümayəndə heyətinin üzvlərini ötən gün qeyd olunan Bolqarıstanın Milli bayramı münasibətilə təbrik edib. Spiker bu səfərin Rosen Dimitrov Jelyazkovun Azərbaycana ilk səfəri olduğunu bildirərək, inamını ifadə edib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.
O, bildirib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdirlər. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb.
Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda Bolqarıstana rəsmi və işgüzar səfərlərinin, həmçinin Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan Milli Məclisin sədri, ikitərəfli münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolundan söz açıb. Spiker, bu mənada Azərbaycan Prezidentinin ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşün xüsusi əhəmiyyətini ifadə edib.
Görüşdə dövlətlərarası münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın əsas yer tutduğu vurğulanıb, iqtisadiyyat, enerji, elm-təhsil, mədəni və humanitar sahələrdə də əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, yüksək səviyyəli ardıcıl siyasi təmaslar digər sahələrdə də əlaqələrin inkişafına zəmin yaradır. Həmçinin, Qara dəniz və Transxəzər nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulanaraq, bu sahədə əməkdaşlıq qeyd olunub.
Keçən il Bolqarıstan Respublikasına rəsmi səfərini məmnuniyyətlə xatırlayan spiker Sahibə Qafarova, ölkələrimiz arasındakı əlaqələrin inkişafında qanunverici orqanların müsbət rolunu vurğulayaraq bildirib ki, sədrlər, həmçinin dostluq qrupları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, keçirilən görüşlər, onu deməyə əsas verir ki, bu gün parlamentlərimiz arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlığın parlamentlərin profil komitələri arasında da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Milli Məclisin sədri parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini qeyd edərək, təəssüflə vurğulayıb ki, bir sıra parlament təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirirlər. O, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinin ikili standartlardan başqa bir şey olmadığını qeyd edib.
Görüşdə qonağa regionda mövcud olan vəziyyət barədə də məlumat verən Milli Məclisin sədri xatırladıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə baxmayaraq, Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi ötən ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri həyata keçirməsinə səbəb oldu. Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub və nəticədə Azərbaycan öz suverenliyini bərpa edib.
O, diqqətə çatdırıb ki, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və ölkəmiz müsbət nəticə əldə etmək üçün səylərini davam etdirir. Sahibə Qafarova ötən ay Münxendə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin kansler Olaf Şoltsun vasitəçiliyi ilə bir araya gəldiyini, daha sonra isə Almaniya paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də sülh sazişi üzrə danışıqlar apardığını xatırladıb.
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov rəsmi dəvətə və Bolqarıstanın Milli bayramı münasibətilə təbriklərə görə təşəkkürünü bildirib. Rosen Jelyazkov Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatması və cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. Bolqarıstan parlament nümayəndə heyətinin də seçkiləri müşahidə etdiyini deyən spiker, seçici fəallığını xüsusi qeyd edib, bu seçkilərin azad və şəffaf şəkildə baş tutduğunu, Azərbaycan xalqının İlham Əliyevə səs verməklə sabitliyi və davamlı inkişafı seçdiyini deyib.
Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən spiker, bu gün enerji sahəsində mövcud olan uğurlu əməkdaşlığa toxunub, bu əməkdaşlığın ölkəsini enerji istehlakçısından tranzit ölkəyə çevirdiyini bildirib. Qonaq, yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətində olduğunu qeyd edib. Həmçinin, Bolqarıstanın "Həmrəylik halqası" layihəsi üzrə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilib.
Qonaq Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, həmçinin delimitasiya-demarkasiya işlərinin aparılması və bölgənin nəqliyyat infrastrukturunun bərpa olunması işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə bolqar şirkətləri də Qarabağda aparılan yenidənqurma və bərpa işlərində iştirak edə bilərlər. Vurğulanıb ki, bu ilin sonunadək Bakı şəhərində baş tutacaq VI Hökumətlərarası komissiya çərçivəsində keçiriləcək Biznes Forumda iştirak edəcək bolqarıstanlı iş adamlarının da bu sahədə fəal iştirakı gözlənilir.
Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, o cümlədən enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşı olduğunu deyən Rosen Jelyazkov, ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbrik edib, bunu Azərbaycanın ekologiya sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü adlandırıb. O, Bolqarıstanın COP29 kimi mötəbər tədbirin həyata keçirilməsində Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Xalq Məclisinin sədri AŞPA-da təmsil olunan parlament nümayəndə heyətimizin quruma geri qayıtması məsələsinə toxunaraq qeyd edib ki, Bolqarıstan qurumda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin yenidən ratifikasiya olunmasını dəstəkləyir. O, deyib ki, beynəlxalq parlament təşkilatlarında məcburedici addımların atılması qəbul olunan deyil, məsələ yalnız dialoq yolu həll olunmalıdır.
Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi