Milli Məclisin sədri Sahibə Qafarova Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sədrin görüşləri
04 mart 2024 | 18:20   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova martın 4-də ölkəmizdə səfərdə olan Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Azərbaycan və Avstriyanın dost və tərəfdaş ölkələr olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanlar arasında münasibətlərin önəmini diqqətə çatdıran spiker Sahibə Qafarova özünün 2023-cü ilin iyununda Avstriyaya rəsmi səfərini, səfər çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı qanunverici orqanlarımızın dostluq qrupları arasında təmasların sıxlaşdırılması, parlament komitələri arasında əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Görüşdə bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu qeyd edən Milli Məclisin sədri  Azərbaycanın xalqının 30 il torpaqlarının sülh yolu ilə işğaldan azad olunmasını gözlədiyini xatırladaraq deyib ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını azad edib.

Milli Məclisin sədri təəssüflə qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra təzyiqlərlə üzləşib ki, bu da ikili standartların bariz nümunəsidir. Bir sıra təşkilatlarda islamofobiya, azərbaycanofobiya hökm sürür.

Görüşdə spiker Sahibə Qafarova, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsini tənqid edib. O, AŞPA tərəfindən atılan bu addımın ikili standartların daha bir nümunəsi olduğunu söyləyib.

Söhbət zamanı spiker Sahibə Qafarova qonaqlara hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, münasibətlərin normallaşdırılması, etimad mühitinin yaradılması üçün vacib əhəmiyyət kəsb edən məqamlar barədə məlumat verib. O, ötən ay Münxendə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin kansler Olaf Şoltsun vasitəçiliyi ilə bir araya gəldiyini, daha sonra isə Almaniya paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də sülh sazişi üzrə danışıqlar apardığını xatırladaraq, Azərbaycanın müsbət nəticə əldə etmək üçün səylərini davam etdirdiyini bildirib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnix ölkəmizə səfərlərinin məqsədi, səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bu görüşlərin parlamentlər arasında əlaqələrin inkişafında oynadığı rolu diqqətə çatdırıb.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU