Azərbaycan-Avstriya əlaqələri inkişaf edir

Tədbirlər
04 mart 2024 | 18:29   
Paylaşın:        

Martın 4-də Milli Məclisin Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Avstriya Respublikası Milli Şurasının Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri  Tahir Mirkişili qonaqları salamlayaraq, Azərbaycanla Avstriya arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğunu deyib, Avstriyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu qeyd edib. O, 2023-cü ildə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətinin Avstriyaya səfərini xatırlayaraq, parlament rəhbərləri arasında keçirilmiş görüşlərin, aparılan  danışıqların əməkdaşlığımızın inkişafına xidmət etdiyini bildirib.

Tahir Mirkişili qanunverici orqanlar arasında münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolundan bəhs edib. O, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 17 üzvünün olduğunu, bu qrupun əməkdaşlığın inkişafına töhfə verdiyini söyləyib. Qeyd edib ki, deputatlarımız bu gün beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyət göstərirlər. Qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrimizin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

Dostluq qrupunun rəhbəri Azərbaycanla Avstriya arasında iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafından söhbət açıb. O, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti, Azərbaycandakı Avstriya şirkətləri, ölkələrimizin qarşılıqlı investisiya qoyuluşu barədə fikirlərini bölüşüb.

Tahir Mirkişili  Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsindən sonra regionda yeni reallıqların yarandığını diqqətə çatdırıb. O, sülhün, təhlükəsizliyin təmin edilməsinin, dayanıqlı iqtisadi inkişafla bağlı çağırışların prioritet olduğunu bildirib.

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun rəhbəri Andreas Minnix səmimi görüşə görə təşəkkürünü bildirərək, Avstriya ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib. O, ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini qeyd edib və bu işdə hər iki ölkənin parlamentlərinin mühüm rol oynadığını söyləyib.

Andreas Minnix BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ildə Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib və bunu ölkəmizin uğuru kimi dəyərləndirib.

Qonaq iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, “yaşıl enerji”, ətraf mühitin qorunması, logistika sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıb.  O, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensial imkanların mövcud olduğunu deyib.

Söhbət zamanı Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – komitə sədri Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Emin Hacıyev, Avstriyalı deputatlar Manfred Hofinger, Markus Laynfellner çıxış edərək,  parlamentlərarası əlaqələrin gələcək inkişafı, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini açıqlayıblar.

Görüşdə Milli Məclisin Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elnur Allahverdiyev, Vüqar Bayramov, Azər Kərimli, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Avstriyanın ölkəmizdəki səfiri Tomas Şuller-Qetsburg və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU